Azərbaycanda sosial ödənişlərin təyinatı sahəsində 2019-cu ildən etibarən həyata keçirilən ciddi mərkəzləşdirmə və rəqəmsallaşma islahatları vətəndaş-məmur ünsiyyətini demək olar ki, tamamilə aradan qaldırıb. Hazırda sosial təyinat aparan heç bir əməkdaş vətəndaşla əyani şəkildə görüşmür və təmaslar yalnız qəbul mərkəzləri ilə məhdudlaşır.
"AzPolitika" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev APA-ya müsahibəsində bildirib.
O, insan amilinin bu şəkildə kənarlaşdırılmasının vaxtilə sahədə narahatlıq doğuran korrupsiya meyillərini sıfıra endirdiyini və eyni göstəricilərə malik şəxslərə fərqli sosial ödənişin təyin edilməsi ehtimalını tamamilə sıradan çıxardığını vurğulayıb.
DSMF sədri bu şəffaf idarəetmə fonunda dövlətin sosial sahəyə ayırdığı maliyyə vəsaitlərinin kəskin artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Fondun 2026-cı il üçün pensiya xərcləri 8 milyard manat ətrafında proqnozlaşdırılıb ki, bu da qurumun ümumi büdcəsinin 95 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, əhalinin pensiya gəlirləri 2018-ci illə müqayisədə ümumilikdə 2,3 dəfə artıb, hazırda ölkə üzrə orta pensiya məbləği 594 manata çatıb və son 7 ildə illik orta artım tempi 13 faizi ötüb. Eyni dinamikanın aztəminatlı ailələrin dəstəklənməsində də özünü göstərdiyini deyən sədr qeyd edib ki, ünvanlı dövlət sosial yardımı üçün bu ilin büdcəsində 465 milyon manat vəsait nəzərdə tutulub ki, bu rəqəm islahatlardan əvvəl illik cəmi 109 milyon manat təşkil edirdi. Hazırda bu proqram çərçivəsində 78 min ailənin 350 mindən çox üzvünə aylıq təxminən 35 milyon manat sosial yardım ödənilir.
Dövlət büdcəsinin sosial yönümlü xərcləri artdıqca Fondun öhdəliklərinin və səlahiyyətlərinin də genişləndiyini deyən Zəka Mirzəyev bildirib ki, təkcə dövlət büdcəsindən Fondun ödədiyi sosial xidmətlərə ayrılan transfertin həcmi 2018-ci ildəki 549 milyon manatdan cari ildə 2,6 milyard manata yüksəlib. Bununla yanaşı, 2022-ci ildən dövlət icbari şəxsi sığortası, bu ildən isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə sığorta ödənişlərinin dövlət sektoru hissəsi DSMF-yə həvalə olunub. Sədr əlavə edib ki, bu nəhəng büdcənin şəffaf idarə olunması üçün ötən 6 ildə ciddi "arxiv təmizliyi" aparılıb, 1 milyona yaxın sosial iş kağız və elektron daşıyıcılarda inventarlaşdırılaraq səhihləşdirilib və fərdi hesablarda qeydə alınmamış 1,2 milyard manatdan çox vəsait fərdi hesablar arasında bölüşdürülüb.
Sistemdə aparılan bu rəqəmsal transformasiyanın vətəndaşların dövlət xidmətlərinə olan etimadını da əhəmiyyətli dərəcədə artırdığını deyən DSMF rəhbəri maraqlı bir müqayisə aparıb. Belə ki, 2019-cu ildə yaşa görə pensiya təyin olunanların 79 faizi proaktiv təyinatlara inanmayaraq mütləq hansısa məmurla görüşmək və hesablamanı dəqiqləşdirmək üçün yenidən müraciət edirdisə, bu gün elektron sistemlərin dəqiqliyi sayəsində belə müraciətlər minimuma enib. Şəffaflığı daha da gücləndirmək məqsədilə cari ilin mayın 1-dən Fondun "e-Sosial" portalı vahid "my.gov.az" platformasına tam inteqrasiya edilib ki, bu da vətəndaşlara hələ təyinat aparılmamışdan əvvəl öz pensiya kapitalını, iş stajını görmək və xüsusi kalkulyatorla pensiyasını hesablamaq imkanı verir. Zəka Mirzəyev Fondun növbəti 3-5 illik prioritetlərinin də məhz bu xətti davam etdirərək əlçatanlığı, vətəndaşyönümlü xidmətləri və inzibati şəffaflığı daha yüksək səviyyəyə çatdırmaq olduğunu vurğulayıb.
"AzPolitika.info"

Şərhlər