Futbol üzrə Dünya Çempionatının həyəcanlı finalında Argentinanı sıradan çıxararaq kuboku başı üzərinə qaldıran İspaniya hazırda tarixi günlərini yaşayır. Lakin Ferran Torresin əlavə vaxtda vurduğu qızıl qolla gələn bu tarixi zəfər ölkəyə milyardlarla avroluq qazanc gətirməklə yanaşı, ağır faciə və FIFA ətrafında böyüyən şok iddialarla gündəmə gəlib.
"AzPolitika" xəbər verir ki, İspaniya millisinin zəfərindən sonra ölkənin hər yerində başlayan coşqulu şənliklər Salamanka yaxınlığındakı Ciudad Rodriqo şəhərində dəhşətli faciə ilə nəticələnib. Şəhərin mərkəzindəki tarixi “Arbol Gordo” fəvvarəsi azarkeşlərin sıxlığına davam gətirməyərək çöküb.
Fəvvarənin üst hissəsinin insanlarla birgə uçması nəticəsində ağır xəsarət alan 13 yaşlı oğlan uşağı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə zamanı daha 3 nəfər ağır yaralanıb (onlardan birinin ayağı sınıb). Ərazi təhlükəsizlik məqsədilə bağlanıb və faktla bağlı geniş araşdırma başladılıb.
FIFA ətrafında şübhələr

Meydandakı mübarizə bitsə də, sosial şəbəkələrdə böyük səs-küy qoparan yeni bir idda ortaya atılıb. Çempionluq bayramından sonra azarkeşlər FIFA-nı qərəzli olmaqda günahlandırmağa başlayıblar.
İddialara görə, final oyunu üçün əvvəlcədən hazırlanmış atəşfəşanlıq şousu yalnız Argentinanın bayraq rənglərinə — ağ və mavi tonlara uyğunlaşdırılıb. Qeyd olunub ki, matçın axşam deyil, sırf gündüz saatlarında keçirilməsi də təsadüfi deyilmiş; bu, atəşfəşanlıq rənglərinin gün işığında daha aydın görünməsi üçün planlaşdırılıb. Lakin İspaniyanın gözlənilməz qələbəsi təşkilatçıların "planlarını" alt-üst edib və sosial mediada böyük müzakirələrə yol açıb.
İspaniya iqtisadiyyatına milyardlarla avroluq "qızıl yağışı"
Bütün bu gərginlik və faciəvi xəbərlərin fonunda, çempionluq İspaniya iqtisadiyyatına misilsiz dividendlər gətirməkdədir.
İspaniya Futbol Federasiyası FIFA-nın 655 milyon dollarlıq ümumi büdcəsindən rekord məbləğdə – 50 milyon dollar (təxminən 43,7 milyon avro) mükafat qazanıb.
Ekspertlərin və "Freedom24 Iberia" şirkətinin hesablamalarına görə, 1,69 trilyon avroluq İspaniya iqtisadiyyatı çempionluq sayəsində təxminən 4 milyard avro əlavə gəlir əldə edəcək.
Dünya çempionluğu ölkənin qlobal reklamına çevrilərək ixracı 5-6% sürətləndirib. Turnir zamanı ölkə üzrə bar və restoranlarda əməliyyatların həcmi 36%, Sevilyada 66% artıb, Madrid küçələrindəki qələbə paradına isə 1 milyondan çox insan axışaraq böyük iqtisadi canlanma yaradıb.
Bununla belə, iqtisadçılar xəbərdarlıq edir ki, 2010-cu ildə olduğu kimi, bu qısamüddətli iqtisadi sıçrayış ölkədəki köklü işsizlik və iqtisadi problemləri tamamilə həll etmək gücündə deyil.
"AzPolitika.info"

Şərhlər