Portuqaliyanın aparıcı marketinq mütəxəssislərindən biri hesab edir ki, Kriştiano Ronaldo milli karyerasını başa vurmamışdan əvvəl Portuqaliya Futbol Federasiyası (FPF) yeni strategiya hazırlamalıdır.
"AzPolitika" xəbər verir ki, Portuqaliya Marketinq İdarəetmə İnstitutunun (IPAM) direktoru Daniel Sa bildirib ki, milli komandanın brendi uzun illərdir böyük ölçüdə superulduza söykənir.
Onun sözlərinə görə, Ronaldonun gedişindən sonra milli komanda həm media marağı, həm də kommersiya gəlirləri baxımından ciddi itkilərlə üzləşə bilər:
“Bəlkə də sərt səslənəcək, amma brend baxımından Kriştiano Ronaldo bütün Portuqaliya millisindən və saysız-hesabsız futbolçulardan müqayisəolunmaz dərəcədə böyük fiqurdur.
Bu, idman yox, marketinq analizidir. Onun gedişi əsl faciə olacaq. İnsanlar itiriləcək media marağının miqyasını hələ tam dərk etmirlər. Bu, yüksək sürətlə hərəkət edən eskalatordan aşağı düşməyə bənzəyəcək.
Son 20 ildən artıq müddətdə federasiyaya saysız-hesabsız sponsorluq müqavilələri qazandıran və milyonlarla gəlir gətirən məhz o olub.
Məncə, Portuqaliya Futbol Federasiyası artıq yeni bir hekayə formalaşdırmalıdır. Çünki federasiya yalnız bir futbolçudan asılı qala bilməz.
Aydındır ki, Portuqaliya futbolu Kriştiano Ronaldodan ibarət deyil. Amma onun yoxluğuna uyğun yeni strategiya üzərində ciddi şəkildə işləmək lazımdır”.
"AzPolitika.info"

Şərhlər