Rusiya Dövlət Duması VIII çağırışının fəaliyyət müddətinin sonunda ölkəni tərk etmiş siyasi mühacirlərə, müxalifətçilərə və müharibə əleyhinə çıxış edənlərə qarşı son illərin en sərt qanun paketini təsdiqləyib. Media və hüquq müdafiəçilərinin "mülki ölüm" adlandırdığı yeni qanun layihəsi ikinci və üçüncü oxunuşda parlamentdən sürətlə keçib.
"AzPolitika" “Teleqram” kanallarına istinadla xəbər verir ki, bu qanun Rusiya Cinayət Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqib edilən, lakin cəzadan yayınaraq xaricdə yaşayan Rusiya vətəndaşlarını faktiki olaraq bütün mülki hüquqlardan məhrum edir.
"Pervıy Otdel" hüquq-mühafizə komandasının hüquqşünası Maksim Olenıçev bildirib ki, yeni qanunvericilik Rusiyanı tərk edən və siyasi səbəblərdən təqib olunan şəxslərin konstitusion hüquqlarını tamamilə əlindən alır və onları xarici ölkələrdə sənədsiz-resurssuz saxlayır.
Dövlət Dumasının qəbul etdiyi və Rusiya Ədliyyə Nazirliyinin xüsusi reyestrinə düşəcək şəxslərə şamil olunacaq 14 ana qadağa və məhdudiyyət aşağıdakılardan ibarətdir:
Xaricdəki Rusiya konsulluqları bu şəxslərə yeni xarici pasportlar, təhsil sənədləri, doğum, nikah və ya boşanma haqqında şəhadətnamələr verməyəcək, ad dəyişdirilməsi kimi heç bir akt qeydiyyatı aparmayacaq;
Konsulluqlar tərəfindən verilən və ya əvvəllər tərtib edilən etimadnamələr etibarsız sayılacaq, Rusiya daxilində hüquqi qüvvəsini itirəcək;
Mühacirlərin Rusiyadakı əmlakları faktiki olaraq dondurulur. Onlar özlərinə məxsus mənzilləri, torpaq sahələrini, nəqliyyat vasitələrini sata, girov qoya, kredit və ya borc müqavilələri bağlaya bilməzlər;
Rusiya banklarındakı kartlar və hesablar dondurulur, distant bank xidmətlərindən istifadə etmək imkanı tamamilə kəsilir;
Müstəqil məşğulluq qadağası: Rusiyada "özünəməşğul şəxs" (samozanyatıy) kimi dövlət qeydiyyatına durmaq və ya kommersiya fəaliyyəti göstərmək hüququ ləğv edilir.
Kimlər "qara siyahı"ya düşəcək?
Qanun təkcə ağır cinayət əməllərində ittiham olunanları deyil, ilk növbədə siyasi fəaliyyətinə və Kremlin siyasətinə qarşı çıxdığına görə təqib edilənləri hədəf alır.
Rusiya məhkəmələri tərəfindən istənilən cinayət maddəsi (xüsusilə "ordu haqqında feyk", "müharibə əleyhinə çağırışlar" və s.) üzrə qiyabi cəzalandırılan və cəzasını çəkməyən mühacirlər;
"Xarici agent" siyahısında olanlar, habelə bu şəxslərin materiallarını müvafiq xüsusi markalanma olmadan sosial şəbəkələrdə paylaşan (repost edən) sıravi vətəndaşlar;
"Arzuolunmaz təşkilatlar"la əməkdaşlıq, Rusiyanın ərazi bütövlüyünü pozmağa çağırış, sanksiya tətbiqinə təşviq və ordunu "diskreditasiya" etmə maddələri üzrə suçlananlar.
Rusiya Ədliyyə Nazirliyi bu siyahını Sərhəd Xidmətindən (şəxsin ölkədən çıxdığına dair) və Cəzaların İcrası Xidmətindən daxil olan rəsmi məlumatlar əsasında formalaşdıracaq.
Reyestrdən çıxmağın tək yolu: "Ya ölüm, ya Rusiya həbsxanası"
Qanunda "qara siyahı"dan çıxarılmaq üçün yalnız bir neçə dar çərçivəli mexanizm nəzərdə tutulub:
Şəxsin vəfat etməsi, Məhkəmə hökmünün və ya inzibati qərarın ləğv edilməsi. Bundan başqa cəzanın tam icra olunması (inzibati cərimənin ödənilməsi - lakin bank hesabları bloklandığı üçün bunu xaricdən etmək demək olar ki, qeyri-mümkündür).
Ölkəyə qayıtmaq da bu siyahıya daxildir. Şübhəsiz ki, şəxs Rusiyaya qayıtdıqda siyahıdan çıxarıla bilsə də, bu adım onun sərhəddəcə həbs olunması və uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə nəticələnəcək.
Ekspertlər bu qanunvericilik addımını Belarus ssenarisinin birbaşa təkrarı hesab edirlər. Xatırladaq ki, Aleksandr Lukaşenko rejimi də bir neçə il əvvəl xaricdəki müxalifətçilərə pasport verilməsini qadağan etmiş və onları sənəd almaq üçün ölkəyə qayıtmağa — faktiki olaraq tələyə düşməyə məcbur etmişdi. Kremlin də əsas məqsədi xaricə sığınan siyasi opponentləri leqallaşma imkanlarından məhrum edərək onları Rusiya hüquq-mühafizə orqanlarının qucağına itələməkdir.
Hüquq müdafiəçiləri Rusiya Ədliyyə Nazirliyinin reyestri texniki olaraq tam işlək vəziyyətə gətirənədək ölkəni tərk etmiş Rusiya vətəndaşlarına müəyyən təcili addımlar atmağı tövsiyə edirlər:
Rusiyadakı əmlakı və aktivləri təcili olaraq etibarlı şəxslərə keçirmək və ya satmaq, bank hesablarındakı vəsaitləri tamamilə çıxarmaq, təhsil, nikah və doğum haqqında sənədlərə apostil vurdurmaq, müraciət edərək konsulluqlardan ikinci xarici pasportu əldə etməyə çalışmaq və s.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər