Beynəlxalq Olimpiya Komitəsi (MOK) Rusiya Olimpiya Komitəsinin (ROK) üzvlüyünü müvəqqəti olaraq bərpa edib. Qərar Rusiya tərəfinin Ukraynanın suveren ərazilərində – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində, eləcə də Krımda fəaliyyət göstərən idman təşkilatlarını öz tərkibindən çıxarmasından sonra qəbul olunub.

MOK-un bəyanatında bildirilir ki, rusiyalı idmançıların yarışlara buraxılması ilə bağlı əvvəlki tövsiyələr artıq aktuallığını itirib. Bununla belə, idmançıların turnirlərə təcrid olunub-olunmaması barədə yekun qərarı beynəlxalq idman federasiyaları və yarış təşkilatçıları verəcək.

Bərpa qərarı 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları və İtaliyada baş tutacaq Qış Yeniyetmələr Olimpiadası üçün təsnifat mərhələlərinin başlaması ilə əsaslandırılıb. MOK vurğulayıb ki, bütün idmançıların yarışlarda iştirak imkanı təmin edilməlidir.

Kiyevdən sərt reaksiya: "Əsassız və təhlükəli siqnaldır"

Ukrayna Milli Olimpiya Komitəsi MOK-un bu addımını "vaxtından əvvəl atılmış, əsassız və obyektiv reallıqlar nəzərə alınmadan verilmiş qərar" adlandırıb. Kiyev rəsmiləri bəyan ediblər ki, bu addım beynəlxalq ictimaiyyət üçün həyəcan təbili olmalıdır.

Xatırladaq ki, ROK-un hüquqları 2023-cü ilin oktyabrında – ilhaq edilmiş Ukrayna ərazilərinin idman qurumlarını qanunsuz olaraq öz tərkibinə qatdıqdan sonra məhdudlaşdırılmışdı.

Moskva məmnundur, ekspertlər isə pərdəarxası lobiçilikdən danışır

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova MOK-un qərarını şərhləndirərkən "sağlam düşüncənin qalib gəldiyini" iddia edib. Rusiya idman naziri və ROK rəhbəri Mixail Deqtyaryov isə rusiyalı idmançıların Olimpiadada iştirakı ilə bağlı danışıqların davam etdiriləcəyini bildirib.

Siyasi analitiklər və idman ekspertləri isə prosesin pərdəarxası məqamlarına diqqət çəkirlər. Politoloq İvan Preobrajenski qeyd edib ki, son iki ildə Rusiyanın nəyin bahasına olursa-olsun idmana qayıtması yönündə sistematik kurs yürüdülüb. Onun sözlərinə görə, bu nəticə təkcə yeni rəhbərliyin deyil, uzun illərdir beynəlxalq idman strukturlarında kök salmış rusiyalı lobiçilərin, inzibati və maliyyə mexanizmlərinin işə salınmasının bəhrəsidir. Moskva beynəlxalq idman arenasına qayıtmaq naminə işğal etdiyi ərazilərdəki idman qurumlarını ROK-un rəsmi strukturundan kənarlaşdırmağa məcbur olub.

"AzPolitika.info"