Kiçik və orta sahibkarlıq istənilən ölkənin iqtisadi inkişafında, yeni iş yerlərinin yaradılmasında və rəqabət mühitinin formalaşmasında mühüm rol oynayır. Son illərdə Azərbaycanda bu sahənin inkişafını təşviq etmək üçün müxtəlif güzəştlər, maliyyə dəstəyi proqramları və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımlar atılıb. Bununla belə, sahibkarların maliyyəyə çıxış, bazarda rəqabət, vergi yükü və inzibati prosedurlarla bağlı üzləşdiyi çətinliklər hələ də müzakirə mövzusu olaraq qalır.
Sahibkarların fəaliyyətini genişləndirməsi və yeni bizneslərin yaranması üçün hansı əlavə dəstək mexanizmlərinə ehtiyac var?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın sədr müavini Emin Əliyev bildirib ki, Azərbaycanda kiçik, mikro və orta sahibkarlıq ölkə iqtisadiyyatında dünya standartlarına uyğun səviyyədə yer tuta bilmir.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Azərbaycanın neft və qaz ölkəsi olmasıdır:
“Bu amil iri sahibkarlıq subyektlərinin daha sürətlə inkişaf etməsini təşviq edir. Eyni zamanda, iri sahibkarlıq subyektləri ilə əlaqəli digər sahələrin – tikinti, inşaat, dağ-mədən sənayesi, qızıl hasilatı kimi sahələr inkişaf etməlidir. Azərbaycanda bunun üçün həm əlverişli şərait, həm də zəngin təbii resurslar mövcuddur. Nəticədə kiçik və orta biznes iri sahibkarlığın kölgəsində qalır”.

E. Əliyev qeyd edib ki, narahatlıq doğuran digər məqam iri şirkətlərin məhsul və xidmətləri kənardan almaq əvəzinə, zaman keçdikcə onları öz daxilində istehsal etməyə üstünlük verməsidir: “Normal praktikada iri şirkətlər stəkan, nəlbəki, qaşıq, çəngəl, su təchizatı, satınalma, insan resursları, təlim və digər xidmətləri kiçik və orta sahibkarlıq subyektlərindən alırlar. Dünyanın əksər ölkələrində bu model tətbiq olunur. Azərbaycanda isə iri sahibkarlar bu xidmətləri bir və ya iki dəfə kənardan əldə etdikdən sonra, malik olduqları maliyyə və resurslardan istifadə edərək həmin məhsul və xidmətləri özləri yaratmağa başlayırlar. Onlar hesab edirlər ki, bu yolla xərcləri azaldır və ehtiyac duyduqları həcmdə məhsul və xidmət istehsal edirlər. Lakin makroiqtisadi baxımdan bu yanaşma kiçik və orta sahibkarlığın inkişafına ciddi zərbə vurur”.
Onun fikrincə, məhz buna görə də Azərbaycanda mikro və kiçik sahibkarlıq əsasən dövlət satınalmalarından və dövlət sifarişlərindən asılı vəziyyətdə qalır: “Dövlət bu sahəyə əhəmiyyətli dəstək göstərir. Kiçik və orta sahibkarlıq subyektləri dövlət satınalmalarında iştirak edirlər. Son beş ildə dövlət satınalma sistemi əhəmiyyətli dərəcədə şəffaflaşıb. Xoşagəlməz hallar və ədalətsizliklər minimum səviyyəyə enib. Təbii ki, müəyyən narazılıqlar olur, lakin bir neçə il əvvəlki vəziyyətlə müqayisədə bunlar çox azdır. Bu da sahibkarlığın inkişafına müsbət təsir göstərir”.
Digər dəstək mexanizmlərindən danışan Emin Əliyev qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və fermer təsərrüfatlarının inkişafı üçün kifayət qədər geniş dövlət dəstəyi mexanizmləri mövcuddur: “Bu dəstək əsasən sahibkarların maliyyə resurslarına çıxışını təmin edir. Güzəştli dövlət kreditləri, lizinq xidmətləri və subsidiyalar aqrar sektorun, eləcə də mikro sahibkarlığın inkişafını təşviq edir. Lakin çatışmayan vacib bir mexanizm də var. Dünyanın inkişaf etmiş ölkələrində, məsələn, Yaponiyada tətbiq olunan modelə əsasən, dövlət güzəştli maliyyə dəstəyi alan sahibkara yalnız kredit verməklə kifayətlənmir. Eyni zamanda, onu peşəkar məsləhətçilər və ya konsultantlarla təmin edir”.
E.Əliyev əlavə edib ki, universiteti yeni bitirmiş və startap yaratmış gənclərin əksəriyyətinin biznes idarəçiliyi sahəsində kifayət qədər bilik və təcrübəsi olmur:“Belə hallarda dövlət öz konsultantlarını və ya özəl sektorun mütəxəssislərini həmin sahibkarlarla işləməyə cəlb edir. Mütəxəssislər sahibkarı müəyyən mərhələyədək müşayiət edir, biznesin inkişafına dəstək verir və sahibkar lazımi təcrübə qazandıqdan sonra prosesdən ayrılırlar. Bu yanaşma sahibkara biznesini müstəqil şəkildə inkişaf etdirmək imkanı yaradır. Belə mexanizmlərin tətbiq olunduğu ölkələrdə startapların iflas faizi xeyli aşağıdır. Bunun nəticəsində startaplarda və digər sahibkarlıq subyektlərində iflas göstəricisi minimum səviyyədə olur. Ümumiyyətlə, dünyada startapların təxminən 90 faizi uğursuzluğa düçar olur. Azərbaycanda isə bu göstəricinin 90 faizdən də yüksək, hətta bəzi qiymətləndirmələrə görə 99 faizə çatdığı bildirilir. Hesab edirəm ki, bu mexanizmin ölkəmizdə də tətbiqi çox faydalı olar”.
Vergi güzəştlərinə toxunan E. Əliyev bildirib ki, son illərdə dövlət tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb:“Mərhələli şəkildə müəyyən vergi güzəştləri olub. Lakin məsələyə daha geniş prizmadan baxdıqda nəzərə almaq lazımdır ki, mikro sahibkarlıqla iri sahibkarlıq faktiki olaraq eyni səviyyədə vergi ödəyir. Halbuki normal iqtisadi modeldə kiçik sahibkar daha az, iri sahibkar isə daha çox vergi ödəməlidir. Vergi növlərinin çoxluğu da sahibkarlar üçün əlavə çətinliklər yaradır. Dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edib və ümid edirik ki, gələcəkdə bu güzəştlərin əhatə dairəsi daha da genişləndiriləcək”, – deyə o vurğulayıb.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər