Azərbaycanda internetin qiymətinin artacağı ilə bağlı məlumat yayılıb.
"AzPolitika" xəbər verir ki, yayılan məlumatda oktyabrın 1-dən Azərbaycanda bütün sabit internet tariflərinin minimum 25 manatlıq vahid tarifə keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, qərar bazarda tariflərin vahidləşdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, söhbət internetin qiymətinin artırılmasından deyil, abonentlərə tətbiq olunan güzəştlərin ləğv edilməsindən gedir.
Mənbəmizin sözlərinə görə, bəzi provayderlər müəyyən abonent qruplarına, xüsusilə yeni binaların sakinlərinə güzəştlər tətbiq edərək aylıq internet ödənişini 18 manat və ya daha aşağı müəyyən ediblər.
"Yəni ola bilər ki, hansısa provayderin güzəştli müştəriləri var. Məsələn, hansısa binanın internet təminatına sahib olmaq üçün provayder həmin binanın sakinlərinə güzəşt edərək aylıq ödənişi 18 manatdan qəbul edirdi. İndi həmin müştərilərə edilən güzəştlər ləğv olunur. Heç bir qiymət artımından söhbət getmir. Çünki faktiki olaraq bu gün internetin aylıq qiyməti 25 manatdır", - deyə mənbə bildirib.
***
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.
"AzPolitika" milli.az-a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Bildirilir ki, qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Yeni qaydaların minlərlə abunəçiyə təsir göstərəcəyi gözlənilir. Eyni zamanda, operatorlar yenilənmiş tarif paketləri çərçivəsində istifadəçilərə əlavə xidmətlər və ya daha yüksək internet sürəti təklif edə bilərlər.
Hazırda provayderlər müştərilərini qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırırlar. Yeni tariflərin parametrləri və təfərrüatları barədə əlavə məlumatın operatorlar tərəfindən yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bazarda fəaliyyət göstərən bəzi alternativ provayderlərdə hələ də aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ya ADSL internet tarifləri mövcuddur.


Şərhlər