
Bəzən bir insan haqqında fikir formalaşdırmaq üçün onunla uzun-uzadı söhbət etməyə, həyat yolunu öyrənməyə, dünyagörüşünü araşdırmağa ehtiyac qalmır. Onun ictimai yerdə özündən zəif hesab etdiyi insana münasibəti, yaşlıya göstərdiyi diqqət, uşaqlı qadına verdiyi yer, ətrafındakı insanların rahatlığını nəzərə alıb-almaması həmin insanın cəmiyyətə münasibəti haqqında kifayət qədər təsəvvür yarada bilir. İctimai nəqliyyat isə bunun üçün xüsusi bir məkandır. Çünki avtobus insanları sosial statusundan, maddi imkanından, vəzifəsindən və gündəlik həyatdakı mövqeyindən asılı olmayaraq eyni məkanda üz-üzə gətirir və insanın əsl davranışını nümayiş etdirməsi üçün qəribə bir sosial laboratoriyaya çevrilir.
Bu yaxınlarda marşrut avtobusunda evə gedərkən şahidi olduğum hadisə də əslində yalnız iki-üç sərnişin arasında yaşanan kiçik bir anlaşılmazlıq deyildi. Hadisəyə bir qədər geniş prizmadan baxanda burada ictimai davranış mədəniyyətindən tutmuş ailə tərbiyəsinə, empatiya hissindən məsuliyyət anlayışına qədər cəmiyyət üçün əhəmiyyətli olan bir sıra məsələlərin izlərini görmək mümkündür. Avtobusda fiziki məhdudiyyətli sərnişinlər üçün nəzərdə tutulmuş yerdə bir gənc oğlanla bir qız əyləşmişdi. Sərnişin qadınlardan biri gənc oğlanla üzbəüz yerdə oturmaq istədi, amma oğlanın böyük çantasını ayaqlarının önünə qoyması qadının oturmasına mane oldu. Çantanın avtobusda əşyalar üçün nəzərdə tutulmuş yerə qoyulması mümkün olduğu halda bunun edilməməsi qadını narahat etdi və o, əsəbiləşərək arxa sıralara keçdi. Qız oğlana çantanı münasib yerə qoymağı xatırlatdıqda isə oğlanın reaksiyası vəziyyəti düzəltmək yox, qızı acılamaq oldu.
Burada diqqət çəkən məqam çantanın özü deyil. Çanta sadəcə səbəbdir. Əsas məsələ başqasının rahatlığını nəzərə almaq və öz hərəkətinin digər sərnişinə yaratdığı çətinliyi dərk etmək bacarığıdır. İnsan ictimai məkanda yalnız öz rahatlığını düşünürsə, əslində öz azadlığını başqasının hüququnun hesabına genişləndirmiş olur. Mən istədiyim yerdə oturaram, çantamı istədiyim yerə qoyaram, istədiyim tonda danışaram, kiminsə narahat olub-olmaması məni maraqlandırmır düşüncəsi zahirən xırda və əhəmiyyətsiz görünə bilər. Lakin bu düşüncə tərzi cəmiyyət miqyasında geniş yayılanda artıq söhbət bir avtobusdakı narahatlıqdan yox, sosial davranışın deformasiyasından gedir.
Növbəti dayanacaqda qucağında körpə uşaq olan bir qadın avtobusa daxil oldu. Ən diqqətçəkən məqam isə onun avtobusa minməsindən sonra baş verdi. Uşaqlı qadınlar, yaşlılar və fiziki məhdudiyyətli sərnişinlər üçün nəzərdə tutulmuş yerdə əyləşən gənclərdən heç biri ayağa qalxmadı. Sanki həmin yerlərin üzərindəki işarələr yalnız dekorativ nişanlardan ibarət idi. Halbuki ictimai məkanda müəyyən kateqoriyadan olan insanlar üçün ayrılmış yerin mahiyyəti təkcə fiziki oturacaq məsələsi deyil. Bu, cəmiyyətin öz həssas qruplarına münasibətinin ifadəsidir. Yaşlı insanın, fiziki məhdudiyyətli şəxsin və qucağında körpə olan qadının ayaqüstə qalması ilə gənc, sağlam bir insanın ayaqüstə qalması eyni sosial nəticəni doğurmur. Bunu anlamaq üçün xüsusi qanun, qayda və ya təlimat lazım deyil. Bunun üçün yalnız empatiya lazımdır.
Mənimlə yanaşı oturan və bir qədər sonra söhbətimiz zamanı 81 yaşının olduğunu bildiyim ahıl kişi həmin qadına yer vermək üçün ayağa qalxmaq istəyəndə ona icazə vermədim və öz yerimi uşaqlı qadına təklif etdim. Burada qeyri-adi heç nə yox idi. Əslində, qeyri-adi olan gənc insanların arasında bunun adi davranış kimi qəbul edilməməsidir. İctimai münasibətlərin sağlamlığı məhz belə kiçik jestlərdən başlayır. Bir insanın başqasına yer verməsi onun öz yerini itirməsi deyil. Əksinə, cəmiyyətdə öz yerini necə tutduğunu göstərən davranışdır.
Məhz bundan sonra bayaqdan davranışı ilə diqqət çəkən gənc oğlan hirslə yerindən qalxaraq rus dilində küçə söyüşünü ucadan səsləndirib avtobusun orta qapısına doğru çəkildi. Ona ictimai yerdə söyüş söyməsinin yolverilməz olduğunu bildirdim, mədəni davranmağa çağırdım. Cavabında isə üzümə baxıb saymazyana şəkildə “molodets” deməklə növbəti ədəbsizliyini etdi. Mübahisəni böyüdüb avtobusdakı digər sərnişinləri narahat etməmək üçün ona “öz evində danışdığın tərzdə ictimai yerdə danışa bilməzsən!” iradını bildirərək yanından uzaqlaşdım.
Bu hadisənin ən düşündürücü tərəfi gəncin söyüş söyməsi də deyil. Söyüş bəzən insanın emosiyasına nəzarət edə bilməməsinin ifadəsi kimi ortaya çıxır. Daha ciddi məsələ onun öz davranışında heç bir problem görməməsi, irada münasibətinin isə məsuliyyət hissi ilə deyil, istehza ilə müşayiət olunmasıdır. Psixologiyada insanın davranışına dair sosial normaları mənimsəməsi onun yalnız qaydanı bilməsi ilə bağlı deyil. İnsan qaydanın nə üçün mövcud olduğunu anlamalıdır. Əks halda, qayda məcburiyyət kimi qəbul edilir və nəzarət olmayanda pozulur. Mədəni davranışın fərqi də məhz buradadır. İnsan başqaları baxdığı üçün yox, başqasının hüququnu və ləyaqətini nəzərə aldığı üçün özünü idarə edir.
Əslində isə bunun tam əksi doğrudur. Özünü idarə etmək insanın zəifliyini deyil, davranış üzərində nəzarətini göstərir. Qarşısındakı insanın iradına söyüşlə cavab vermək asandır. Çətin olan isə əsəbiləşəndə belə özünü saxlamaq, səhv etdiyini qəbul etmək və başqasının haqqını nəzərə almaqdır. Elə bu səbəbdəndir ki, “insanın tərbiyəsi əsəbi olarkən necə davranmasından asılıdır”, deyirlər.
Mədəniyyət də məhz insanın heç kimin onu cəzalandırmayacağı şəraitdə necə davrandığı ilə ölçülür. Avtobusda nəzarətçi olmaya bilər, polis olmaya bilər, tanış olmaya bilər, insanın davranışını çəkən kamera olmaya bilər. Amma ictimai məsuliyyətin mahiyyəti də elə budur. İnsan qaydaya yalnız cəza qorxusundan deyil, onun doğru olduğunu qəbul etdiyi üçün əməl etməlidir.
İctimai nəqliyyat bu baxımdan cəmiyyətin kiçik modeli kimidir. Burada yaşlı da var, uşaq da, fiziki məhdudiyyətli insan da, tələbə də, işçi də, imkanlı da, imkansız da. Bir avtobusun içində bir neçə dəqiqəlik münasibət cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə münasibətini göstərir. Kimininsə ayağını oturacaqda uzatması, çantasını başqasının yerinə qoyması, yüksək səslə danışması, yaşlı insanın qarşısında yerindən qalxmaması və ya uşaqlı qadının ayaqüstə qalmasına biganə münasibət göstərməsi ayrı-ayrılıqda xırda hadisələr təsiri bağışlaya bilər. Lakin bu xırda davranışların cəmi gündəlik həyatın mədəniyyət səviyyəsini müəyyən edir.
Burada daha bir mühüm məsələ var. Cəmiyyət kobud davranışa münasibətsiz qaldıqca kobudluq özünə sosial legitimlik qazanır. Əgər avtobusda bir insan hamının yanında söyüş söyür və heç kim ona irad bildirmirsə, həmin adam yalnız öz davranışını davam etdirmir, ətrafındakı insanların susqunluğundan da bir mesaj alır, deməli, bunu etmək mümkündür. Əlbəttə, hər vəziyyətdə mübahisəyə qoşulmaq, qarşıdurmanı böyütmək doğru deyil. Bəzən ən ağıllı davranış mübahisədən uzaqlaşmaqdır. Mənim də həmin hadisədə əsas məqsədim mübahisəni böyütmək yox, avtobusdakı digər insanların rahatlığını qorumaq idi. Amma cəmiyyətin sağlamlığı üçün müəyyən davranışların normal olmadığını demək də vacibdir.
Çünki ictimai mədəniyyət yalnız qanunlarla qurulmur. Qanun sərhədi müəyyən edir, əxlaq və tərbiyə isə insanın həmin sərhədə çatmadan özünü necə aparacağını müəyyənləşdirir. Yaşlı adama yer vermək hər zaman qanunun məcburiyyəti olmaya bilər, amma cəmiyyətin mənəvi normasına çevrilməlidir. Uşaqlı qadının çətinlik çəkdiyini görmək və ona kömək etmək üçün ayrıca göstəriş gözləmək lazım deyil. Başqasının oturacağına mane olan çantanı kənara çəkmək üçün kiminsə əmr verməsinə ehtiyac yoxdur. İctimai yerdə söyüş söyməmək isə təkcə ədəb məsələsi deyil, ətrafındakı insanların rahatlığına hörmət məsələsidir.
Ona görə də avtobusda baş verən belə hadisələrə yalnız “bəzi gənclər tərbiyəsizləşib” deyib keçmək məsələnin mahiyyətini izah etmir. Gənclər cəmiyyətin məhsuludur. Onlar ailədə, məktəbdə, küçədə, internetdə və sosial mühitdə gördüklərinin müxtəlif elementlərini öz davranışlarında birləşdirirlər. Bu gün avtobusda başqasına yer verməyən, irada söyüşlə cavab verən gəncin davranışına yalnız qəzəblənmək asandır. Daha çətin sual isə budur, biz həmin gəncə illər ərzində nəyi normal, nəyi qəbuledilməz davranış kimi öyrətmişik?
Cəmiyyətin gələcəyindən danışanda çox vaxt böyük sözlərdən, böyük layihələrdən, böyük məqsədlərdən danışılır. Halbuki cəmiyyətin keyfiyyəti bəzən çox kiçik görünən davranışlarda üzə çıxır. Yaşlı insanın qarşısında ayağa qalxmaq, körpə ilə avtobusa minən qadına yer vermək, başqasının yolunu bağlayan çantanı kənara qoymaq, irad eşidəndə söyüşlə cavab verməmək, səhv etdikdə “üzr istəyirəm” demək kiçik hərəkətlərdir. Amma böyük mədəniyyət məhz belə kiçik hərəkətlərin milyonlarla dəfə təkrarlanmasından yaranır.
Bəlkə də həmin avtobusda yaşanan hadisə sabah heç kimin yadına düşməyəcək. Gənc oğlan öz yoluna davam edəcək, sərnişinlər evlərinə gedəcək, avtobus yenə başqa insanları bir dayanacaqdan digərinə aparacaq. Amma belə hadisələrin hər biri cəmiyyətin görünməyən yaddaşında müəyyən iz buraxır. İnsanlar bir-birinə necə davranmağı yalnız kitablardan öyrənmirlər. Onlar bunu hər gün küçədə, avtobusda, mağazada, məktəbdə, iş yerində görürlər. Buna görə də ictimai məkanda hər birimizin davranışı, əslində, yalnız özümüzə aid deyil.
Bəzən bir yer vermək, bir çantanı kənara çəkmək, bir yaşlı insana yol açmaq, bir uşaqlı qadına kömək etmək və ya sadəcə söyüş söyməmək haqqında danışmaq adama xırda məsələ kimi görünə bilər. Lakin məsələ heç də xırda deyil. Çünki mədəniyyət insanın böyük məclislərdə söylədiyi sözlərlə yox, gündəlik həyatın ən adi anlarında göstərdiyi münasibətlə ölçülür. İctimai nəqliyyatdakı bir oturacaq da bu baxımdan cəmiyyətin vicdanını ölçən kiçik bir tərəziyə çevrilə bilir. Həmin tərəzidə kimin nə qədər ağırlıq gətirdiyini isə oturduğu yer yox, başqasına verdiyi dəyər müəyyən edir.
"AzPolitika.info"


Şərhlər