Rusiya-Ukrayna müharibəsində canlı qüvvə qıtlığı dərinləşdikcə, hər iki dövlət həbsxanalardakı məhkumların cəbhəyə cəlb olunması təcrübəsinə müraciət edir. Lakin bu prosesin hüquqi əsasları, məhkumların hazırlıq səviyyəsi və müharibədən sonra cəmiyyətə inteqrasiyası Rusiya və Ukraynada kəskin şəkildə fərqlənir.

"AzPolitika" Telqram kanallarının dərc etdiyi geniş təhlilə istinadla xəbər verir ki, iyulun 22-də Rusiya Dövlət Duması dərhal üç oxunuşda həbsxanalardan cəbhəyə göndərilə biləcək məhkumların siyahısını genişləndirən qanun layihəsini qəbul edib.

Yeni dəyişikliklərə əsasən, bundan sonra kontrabanda, banditizm, qanunsuz miqrasiyanın təşkili, mütəşəkkil cinayətkar dəstə yaratma və digər ağır cinayətlərə görə cəza çəkənlər də məhkumluğun götürülməsi müqabilində cəbhəyə yollana biləcəklər. Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də gizlətmirlər ki, bu addım ordunun şəxsi heyətlə təminatını artırmaq məqsədi daşıyır.

Lakin ekspertlər və media araşdırmaları Rusiyadakı bu sistemin ağır fəsadlarını faktlarla ortaya qoyur. Müharibənin ilk illərində "Vaqner" tərəfindən həbsxanalardan toplanan məhkumlar, daha sonra isə Rusiya Müdafiə Nazirliyinin "Ştorm-Z" və "Ştorm-V" batalyonlarına cəlb edilənlər cəmi 2-3 həftəlik səthi təlim keçirlər. Bu şəxslər əsasən "ət hücumları"nda istifadə olunurlar. Məsələn, Baxmut uğrunda döyüşlərdə həlak olan 19,5 min "Vaqner"çidən 17 mindən çoxu məhz həbsxanalardan gətirilən dustaqlar olub.

Ən təhlükəli məqam isə əfv edilərək cəmiyyətə qayıdan keçmiş məhkumların yenidən ağır cinayətlər törətməsidir. Araşdırmalara ("Verstka", "Die Welt", "Novaya Qazeta Yevropa") əsasən, cəbhədən qayıdan rusiyalı hərbçilərin cinayət əməlləri nəticəsində 500-dən çox mülki şəxs həyatını itirib. Bunların böyük hissəsi əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib. Buna baxmayaraq, Rusiya məhkəmələri 90% hallarda "müharibədə iştirak etməyi" yüngülləşdirici səbəb kimi qəbul edir.

2023-cü ilin payızından etibarən Rusiya Müdafiə Nazirliyi şərtləri dəyişib. Əgər əvvəllər "Vaqner" cəbhədə 6 ay qalandan sonra tam azadlıq vəd edirdisə, indi cəlb edilənlər müharibə bitənədək müqaviləni pozub geri qayıda bilməzlər.

Ukrayna da öz növbəsində ordunun sıralarını tamamlamaq üçün məhkumların könüllü xidmətinə şərait yaradan qanun vericilik bazası formalaşdırıb. Lakin Kiyevin tətbiq etdiyi model Moskva modelindən prinsipial olaraq fərqlənir:

Ukrayna ordusuna milli təhlükəsizlik əleyhinə cinayətlər, qəsdən adamöldürmə, cinsi zorakılıq və korrupsiya cinayətləri törətmiş şəxslər qəbul edilmir.

Ukrayna Silahlı Qüvvələrində xidmətə qəbul olunan keçmiş dustaqlar bir neçə aylıq intensiv və peşəkar hərbi təlim keçirlər. Onlar birbaşa nizami hərbi hissələrə inteqrasiya olunur və onlara qarşı "top əti" münasibəti bəslənmir.

Hazırkı statistikaya əsasən, Ukraynada cəbhədən qayıdan keçmiş məhkumların mülki əhaliyə qarşı ağır cinayətlər törətməsi halları kütləvi xarakter daşımır.

Təhlillər göstərir ki, Rusiya məhkum faktorundan daha çox insan resursu çatışmazlığını kəmiyyətlə qapatmaq və cəbhədə böyük tələfatlar hesabına irəliləmək üçün istifadə edir. Bu isə gələcəkdə Rusiya cəmiyyətində kriminogen vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. Ukrayna isə prosesi daha nəzarətli və hüquqi çərçivədə saxlamağa çalışır.

Rasim Əliyev

"AzPolitika.info"