Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik riskləri, sui-qəsd qorxusu və daxili siyasi gərginlik səbəbindən ölkə daxilindəki səfərlərini kəskin şəkildə məhdudlaşdırıb. Eyni zamanda, internet məhdudiyyətləri, benzin böhranı və müharibənin gətirdiyi sosial-iqtisadi yük fonunda Kremlin cəmiyyət üzərindəki nəzarəti və dövlət başçısının etimad reytinqi rekord həddə geriləyir.
"AzPolitika" xəbər verir ki, bu barədə "Radio Svoboda"nın analitik proqramında dərc olunan geniş həcmli araşdırmada bildirilir.
"Faridaily" teleqram kanalının və Beynəlxalq KİV-lərin analitik mənbələrinə istinadən verilən xəbərə görə, Putin bu ilin ilk 5 ayı ərzində Moskvadan kənara praktiki olaraq çıxmayıb və yalnız Sankt-Peterburqa iki qısamüddətli səfərlə kifayətlənib.
Təhlükəsizlik tədbirlərinin misli görünməmiş dərəcədə gücləndirilməsi isə xüsusi xidmət orqanlarındakı təşvişlə bağlıdır. "Financial Times" (FT) nəşri yazır ki, İranın Ali Lideri Əli Xamneinin qətlindən sonra Rusiya xüsusi xidmət orqanları Putinin mühafizəsi üçün istifadə olunan qapalı videomüşahidə sistemini müvəqqəti olaraq söndürməyə məcbur olublar. Səbəb kadrların və koordinatların Qərb kəşfiyyatının əlinə keçə biləcəyi narahatlığıdır.
Bununla yanaşı, CNN, FT və "Vajnıye İstorii" nəşrlərinin araşdırmalarında qeyd olunur ki, Kremlin daxilində mümkün sui-qəsd və hərbi çevriliş ssenariləri ilə bağlı gərginlik kulminasiya nöqtəsinə çatıb. Mümkün qəsdçilər arasında hətta Təhlükəsizlik Şurasının keçmiş katibi və eks-müdafiə naziri Sergey Şoyqunun da adının çəkildiyi iddia edilir.
Ölkə daxilində tətbiq olunan kütləvi internet və Telegram məhdudiyyətləri, eləcə də Rusiya regionlarını bürüyən kəskin benzin qıtlığı fonunda əhalinin narazılığı pik həddə çatıb.
"The Moscow Times" diqqətə çatdırır ki, dövlətə bağlı sosioloji mərkəz VCIOM Putinin açıq etimad reytinqinin 30%-dən aşağı düşməsindən sonra müvafiq sorğu nəticələrinin dərcini ümumiyyətlə dayandırıb. Düşən reputasiyanı və "güclü lider" imicini xilas etmək məqsədilə Kreml Putinin Çin və Qazaxıstana səfərlərini təşkil edərək onları təbliğat mediasında geniş işıqlandırmağa çalışır.
Mövzu ilə bağlı "Radio Svoboda"ya danışan məşhur yazıçı və siyasi şərhçi Dmitri Bıkov Kremlin hazırkı vəziyyətini və Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh təşəbbüslərinə Putinin verdiyi reaksiyanı kəskin tənqid edib: "Putinin cavabı incik, ritorik baxımdan zəif və ən əsası, onun heç bir sülh istəmədiyini göstərən bir addımdır. O yalnız bir şey istəyir: Volodimir Zelenski Moskvaya gəlsin, diz çöksün və kapitulyasiyanı qəbul etsin. Lakin bu, heç vaxt baş verməyəcək. Putin özü eləyə biləcəyi hər şeyi etdi - Rusiyanı tamamilə çıxılmaz, tarixi bir dalana gətirib çıxardı".
Bıkovun sözlərinə görə, Moskvanın başlatdığı "kiçik qalibiyyətli müharibə" strategiyası artıq rejimin sonunu sürətləndirən əsas faktora çevrilib: "Rusiya cəmiyyətində əsas düşmənin xaricdə deyil, məhz ölkə daxilində - Kremldə oturduğunu anladıqları an bu müharibənin populyarlığı kəskin şəkildə yox olacaq".
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər