Xəbər verildiyi kimi, Moskvanın mərkəzindəki məşhur "Balzi Rossi" restoranında baş verən güclü partlayış nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Partlayışda əsas hədəfin 55 yaşını qeyd edən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı, general-polkovnik Aleksandr Çayko olduğu məlumdur.
Rəsmi məlumata əsasən, partlayıcı qurğunu gizlədən qadın restoranın girişində mühafizəçi tərəfindən saxlanılıb və bu zaman partlayış baş verib. Nəticədə qadın özü, mühafizəçi və restorandakı müştərilər daxil olmaqla, 5 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
“AzPolitika” xəbər verir ki, “Verstka” nəşri partlayışın nəticələrilə bağlı yeni məlumatlar dərc edib. Qəzetinin restoran rəhbərliyinə yaxın mənbəyə istinadla verdiyi məlumata görə, Çaykonun qızı, 25 yaşlı Mariya Çayko partlayış nəticəsində yaralanıb.
Nəşr həmçinin qeyd edir ki, REN TV və 112 tərəfindən dərc edilən yaralıların siyahısında açıq baş zədəsi ilə xəstəxanaya yerləşdirilən 25 yaşlı "Mariya P." adı var. Jurnalistlər sızdırılan məlumat bazalarında Mariya Çaykonun Peredriy soyadı ilə qeyd olunduğunu müəyyən ediblər. Bundan əlavə, Mariya Çayko və Mariya Peredriy eyni doğum ilinə və yaşayış ünvanına malikdirlər.
“Verstka” həmçinin bildirir ki, Mariya Çaykonun əri partlayış nəticəsində həlak olub. Belə ki, ölənlərin siyahısında generalın qızının əri Daniil Peredriy olduğu ehtimal edilən 27 yaşlı "Daniil P." də var. Tanınmış bloqer Anatoli Şariy də Peredriyin öldüyünü təsdiqləyib.
Xatırladaq ki, general Çayko Ukraynada bir çox hərbi cinayətlərin törədilməsində günahlandırılır. Ukrayna hakimiyyəti onu xüsusilə də Buça cinayətlərində ittiham edir.
“AzPolitika.info”
***
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən məşhur "Balzi Rossi" restoranının yaxınlığında baş verən güclü partlayışın əsas hədəfinin Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı, general-polkovnik Aleksandr Çayko olduğu iddia edilir.

"AzPolitika" xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsinin (NAK) məlumatına görə, avqustun 1-də restoranda keçirilən özəl tədbir zamanı əldəqayırma partlayıcı qurğu işə salınıb.
Rəsmi məlumata əsasən, partlayıcı qurğunu daşıyan qadın restoranın girişində mühafizəçi tərəfindən saxlanılıb və bu zaman partlayış baş verib. Nəticədə qadın, mühafizəçi və restorandakı müştərilərdən biri həlak olub, 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bununla yanaşı, Rusiya KİV-ləri, o cümlədən REN TV, sonradan ölənlərin sayının 5 nəfərə çatdığını bildirib. Daha iki yaralının xəstəxanada həyatını itirdiyi qeyd olunur. Bu məlumat isə hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Yerli "Telegram" kanalları və bir sıra beynəlxalq media orqanlarının məlumatına görə, partlayışın baş verdiyi vaxt restoranda Aleksandr Çaykonun ad günü münasibətilə tədbir keçirilirdi. Mərasimdə Rusiya ordusunun çoxsaylı yüksək rütbəli zabitlərinin də iştirak etdiyi bildirilir. İddialara görə, hücumun əsas məqsədi məhz Baş Komandanı aradan götürmək olub. Lakin Çaykonun partlayış zamanı xəsarət alıb-almadığı və ya ümumiyyətlə hadisə yerində olub-olmadığı barədə rəsmi təsdiq yoxdur.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb. Moskva meri Sergey Sobyanin partlayışı "amansız terror aktı" adlandırıb. İndiyədək heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib, Rusiya hüquq-mühafizə orqanları isə hadisənin bütün versiyalarını araşdırdıqlarını bildirirlər.
Qeyd edək ki, son aylarda Rusiyada yüksək rütbəli hərbçilərə qarşı silsilə hücumlar baş verib. Buna görə də Moskvadakı son partlayışın da həmin hadisələrin davamı ola biləcəyi ehtimal edilir. Bununla belə, Aleksandr Çaykonun əsas hədəf olması barədə yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
"AzPolitika.info"
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranının yaxınlığında güclü partlayış baş verib.
Belə ki, avqustun 1-də özəl tədbirin keçirildiyi məkamda əldəqayırma partlayıcı qurğu işə salınıb.
Məlumata görə, terror aktı nəticəsində 5 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Əlavə məlumat veriləcək.


Şərhlər