Məlum olduğu kimi, 2019-cu ildən dövlət satınalmaları elektron dövlət satınalmaları platforması üzərindən həyata keçirilir.

"AzPolitika" xəbər verir ki, platformada toplanan statistika göstərir ki, indiyədək dövlət qurumları tərəfindən 111 mindən çox satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrin ümumi dəyəri isə 49,4 milyard manata çatır. 

Satınalma üsulları üzrə statistikaya nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Say baxımından ən çox istifadə edilən metod bir mənbədən satınalma olub. Bu üsulla 36,1 min müqavilə bağlanıb və onların ümumi dəyəri 12 milyard manat təşkil edib. Bunun ardınca 24,8 min müqavilə ilə kotirovka, 20,8 min müqavilə ilə açıq tender, 16,9 min müqavilə ilə naməlum metod, 10,9 min müqavilə ilə birbaşa satınalma gəlir.

Lakin maliyyə həcminə görə vəziyyət fərqlidir. Ən böyük pay açıq tenderlərin üzərinə düşür. Açıq tender üsulu ilə bağlanan 20,8 min müqavilənin ümumi dəyəri 20,6 milyard manatdır. Bundan əlavə, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən artıq olan 527 iri açıq tender üzrə bağlanan müqavilələrin həcmi 5,4 milyard manata çatır. Bu isə göstərir ki, iri dövlət layihələrinin əksəriyyəti məhz açıq tender vasitəsilə həyata keçirilib.


Diqqət çəkən məqamlardan biri də 16,9 min müqavilənin "naməlum metod" kimi göstərilməsidir. Bu kateqoriya üzrə müqavilələrin ümumi dəyəri 7,5 milyard manatdır ki, bu da ümumi bazarın əhəmiyyətli hissəsini təşkil edir.

Statistikada dövlət vəsaitlərini ən çox xərcləyən qurumların siyahısı da maraqlı mənzərə yaradır. Siyahıya Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu başçılıq edir. Fondun satınalma müqavilələrinin ümumi dəyəri 3,1 milyard manatdır. İkinci yerdə "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi qərarlaşıb. Bu qurumun satınalmalarının həcmi 2,5 milyard manat təşkil edir.

Sonrakı yerlərdə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar, "Azərenerji" ASC, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, İnnovasiya və Təchizat Mərkəzi və s. yer alır. 

Tender bazarında ən çox sifariş alan şirkətlərə baxdıqda isə ilk sırada "AzEduNet" MMC qərarlaşıb. Şirkətin bağladığı müqavilələrin ümumi həcmi 1,7 milyard manatdır. İkinci yerdə "Minera" MMC 1,4 milyard manat, üçüncü yerdə isə "Cybernet" MMC 1,1 milyard manat həcmində müqavilələrlə yer alır.

Ən aktiv təchizatçılar sırasında həmçinin "Global Services" MMC, "Nort Vest Konstrakşn" MMC, "Zeytun Pharmaceuticals" MMC, "Azeri Med" MMC, "Simplex" QSC, "Azertexnolayn" MMC"Electro Service" QSC da var. Buradan da aydın olur ki, dövlət sifarişlərinin böyük hissəsi tikinti, informasiya texnologiyaları, enerji və səhiyyə sektorlarında fəaliyyət göstərən şirkətlər arasında bölüşdürülüb.

Elektron platformada yer alan ən iri müqavilələr də milyardlarla manatlıq layihələri əhatə edir. Rekord göstərici 1 milyard 699 milyon manat dəyərindədir. Bu müqavilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurum ilə "AzEduNet" MMC arasında bir mənbədən satınalma üsulu ilə bağlanıb.

İkinci ən böyük müqavilə 1 milyard 350 milyon manat məbləğində olub və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən "Minera" MMC ilə açıq tender nəticəsində imzalanıb.

Bundan başqa, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumlar, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də yüz milyonlarla manatlıq müqavilələr bağlayan dövlət qurumları sırasındadır.

R. Əliyev

"AzPolitika.info"