Rusiya Silahlı Qüvvələri avqustun 6-na keçən gecə Ukraynanın Sumı şəhərinə intensiv hava zərbələri endirib. Şəhər administrasiyasının rəhbəri Sergey Krivoşeyenkonun verdiyi məlumata görə, rus qoşunları cəmi 8 dəqiqə ərzində şəhərə 8 idarəolunan aviabomba (KAB) atıb.
Hücum nəticəsində ilk məlumatlara görə 12 dinc sakin yaralanıb. Zərbələr mülki infrastruktura ciddi ziyan vurub: bir ticarət mərkəzinin binası, 5 mağaza, 10 çoxmərtəbəli yaşayış binasının pəncərələri, 3 fərdi ev və 5 minik avtomobili zədələnib.
Gecə saatlarında Ukraynanın digər vilayətləri də atəşə tutulub. Xarkov vilayətində yaşayış massivinə endirilən zərbə nəticəsində 3 nəfər həlak olub. Fərdi yaşayış evlərində yanğın baş verib.
Xerson vilayətində kənd təsərrüfatı işçilərini daşıyan avtobusa dron hücumu nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zaporojyedəə isə PUA hücumu nəticəsində 9 mərtəbəli binanın dam örtüyü dağılıb, 4 dinc sakin yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya tərəfi gecə ərzində ölkə ərazisinə ümumilikdə 101 PUA və 4 raket buraxıb. Ukrayna HHM qüvvələri bunlardan 66 dronu zərərsizləşdirə bilib.
"AzPolitika.info"

Şərhlər