ABŞ Senatında hər iki partiyanın (Respublikaçılar və Demokratlar) dəstəyi ilə Rusiya və İrana qarşı genişmiqyaslı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi irəliləyir. Qanunvericilər bu addımın Vaşinqtonun avtoritar rejimə qarşı qətiyyətini nümayiş etdirmək baxımından kritik siqnal olduğunu bildirirlər.
Qərb mediasının yaydığı məlumata görə, “Qrehem qanun layihəsi” kimi tanınan sənəd Rusiyanın maliyyə və energetika sektorlarını, həmçinin sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”nı hədəf alır. Bundan əlavə, sənəd Rusiya neft və qazını almağa davam edən ölkələrə qarşı rüsumların tətbiq edilməsi səlahiyyətini də nəzərdə tutur.
Yuta ştatından olan respublikaçı senator Con Kertis bildirib ki, Konqresdəki geniş dəstək Ukraynadakı müharibənin yalnız regional münaqişə deyil, qlobal beynəlxalq nizam üçün bir sınaq olduğunu göstərir. Senatorun sözlərinə görə, Rusiyanın qələbə qazanmasına imkan vermək olmaz, çünki bu, Çinin Tayvanla bağlı hesablamalarına da birbaşa təsir edəcək.

Floridadan olan digər nüfuzlu senator Rik Skott isə Rusiya rəhbərliyini kəskin tənqid edərək bildirib: “Putin banditdir. Onun Ukrayna xalqına qarşı etdikləri, nə qədər qadın, uşaq və qocanı qətlə yetirdiyi dəhşətlidir. Rusiya hökuməti şərin, Ukrayna isə xeyirin tərəfindədir”.
Vaşinqtonda keçirilən müzakirələrdə Rusiya, Çin, İran və Şimali Koreya arasında artan hərbi-texniki və iqtisadi əməkdaşlıq da əsas mövzulardan biri olub. Hərbi ekspertlərin fikrincə, Ukrayna hazırda təkcə Moskva ilə deyil, faktiki olaraq avtoritar dövlətlər koalisiyası ilə mübarizə aparır və bu səbəbdən Kiyevə dəstəyin davam etdirilməsi ABŞ-nin milli təhlükəsizlik maraqlarına tam cavab verir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər