Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rafil Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AzPolitika” pravda.az-a istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

İşin mahiyyəti nədir? Marqarita pizza

Bərdə rayonunda fəaliyyət göstərən restoranın administratoru ilə müğənni qadının keçmiş tanışı arasında yaranmış münaqişə ağır bədən xəsarəti ilə nəticələnib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

İş materiallarına əsasən, hadisənin kökündə Bərdə rayonunun Alpout kəndində yerləşən “Qızıl Balıq” restoranında çalışan müğənni qadın ətrafında yaranmış mübahisə dayanıb.

Rafil Yusifov həmin restoranda administrator vəzifəsində işləyib. O, 2025-ci ilin yanvar ayından restoranda müğənni kimi fəaliyyət göstərən, qeyri-rəsmi münasibətdə olduğu qadının burada işləməsinə şərait yaradıb. Qadının əvvəllər qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Yalçın Tağızadə (soyadı şərtidir) onun restoranda işləməsinə etiraz edib və bu səbəbdən tərəflər arasında gərginlik yaranıb.

2025-ci ilin mart ayının sonlarında zərərçəkmiş şəxs qadına zəng edərək həm onun, həm də təqsirləndirilən şəxsin və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Telefon danışığı "dinamik" rejimində olduğundan Rafil Yusifov da həmin ifadələri eşidib.

Bundan sonra Rafil Yusifov məsələni aydınlaşdırmaq məqsədilə 2025-ci ilin aprel ayında Mingəçevir şəhərinə gedərək qadının yaşadığı binanın yaxınlığında Yalçınla görüşüb.

Tərəflər arasında söhbət zamanı zərərçəkmiş şəxs əvvəlki davranışına haqq qazandırıb və peşman olmadığını bildirib.

Bundan sonra şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb.

Rafil Yusifov isə qisas almaq məqsədilə başı ilə Yalçının sifət nahiyəsinə güclü zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişdə alın sümüyünün iri qəlpəli basılmış çoxsaylı sınıqları, alın sümüyündən göz yuvasına keçən xətti sınıq, burun sümüklərinin qəlpəli və yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün sınığı, sifətin yumşaq toxumalarının geniş şişkinliyi, ödemi və qançırlar yaranıb.

Ekspertiza bu xəsarətlərin həyat üçün təhlükəli olduğunu və sağlamlığa ağır zərər vurduğunu müəyyən edib.

Məhkəmədə ifadə verən Rafil Yusifov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O deyib ki, "Qızıl Balıq" restoranında administrator işləyib və orada müğənni kimi çalışan qadınla Yalçın arasında əvvəllər münasibət olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş bir neçə dəfə restorana gələrək dava-dalaş salıb. Növbəti dəfə restoranda səs-küy yarananda Yalçına bunun ictimai iaşə obyekti olduğunu və belə davranışın yolverilməz olduğunu deyərək onu sakitləşdirib. Lakin 2 gün sonra zərərçəkmiş onun telefon nömrəsini taparaq zəng edib və ağır söyüşlər söyməyə başlayıb.

Rafil Yusifov bildirib ki, bundan sonra onu taparaq görüşüb: "Aramızda dava oldu. Mən yalnız bir dəfə başımla sifət nahiyəsinə vurmuşam. Ondan sonra başqa heç bir xəsarət yetirməmişəm."

Təqsirləndirilən şəxs məhkəmədə söyləyib ki, qadın telefon danışığını "dinamik" rejimində qoşduğundan zərərçəkmişin dediyi bütün təhqirləri eşidib: “Müğənni qadının restorandan çıxarılmasını tələb edən Yalçın buna nail olmayınca məni və ailəmi təhqir etməyə başladı. Mingəçevirə getməkdə məqsədim dava salmaq deyil, məsələni aydınlaşdırmaq oldu. Lakin görüş zamanı yenidən mübahisə yarandı və mən yalnız bir dəfə baş zərbəsi endirdim. Hadisədən dərhal sonra yaxınlıqdakı çayxanadan gələn şəxslər bizi ayırdı. Sonradan Yalçın sərbəst şəkildə ayağa qalxaraq hadisə yerindən getdi. Ertəsi gün polis şöbəsinə çağırıldım və Yalçının həmin gün xəstəxanaya müraciət etmədiyini öyrəndim”.

Məhkəmədə o, əməlindən peşman olduğunu bildirib: “Bir anlaşılmazlıq oldu. Belə nəticə olmasını istəməzdim. Yalçın artıq barışmışıq, aramızda heç bir problem yoxdur. Hadisədən sonra onun görüşdüm, münasibətlərimiz normallaşıb və onun mənə qarşı heç bir maddi və ya mənəvi tələbi qalmayıb”.

Dindirilən zərərçəkmiş Yalçın Tağızadə də tərəflər arasında yaranmış mübahisəni təsdiqləyib.

O bildirib ki, hadisə zamanı aralarında dava baş verib, lakin hazırda təqsirləndirilən şəxslə münasibətləri yaxşıdır.