Menu

İstanbul-İrəvan münasibətlərində yeni mərhələ: Türkiyənin qərarı bundan asılıdır

16.11.2026, 21:00
İstanbul-İrəvan münasibətlərində yeni mərhələ: Türkiyənin qərarı bundan asılıdır

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində daha bir diqqətçəkən addım atılıb. Belə ki, “Turkish Cargo” şirkəti İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük aviareysini həyata keçirib. Noyabrın 15-də baş tutan uçuş iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu addım isə Ankara ilə İrəvan arasında növbəti mərhələdə quru sərhədinin açılması məsələsini yenidən gündəmə gətirir. Bəs Türkiyə-Ermənistan sərhədinin açılması nə dərəcədə realdır? Ankara bu addımı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasınadək ata bilərmi, yoxsa sərhədin açılması birbaşa Bakı ilə İrəvan arasındakı razılaşmadan asılıdır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, “Turkish Cargo”nun İstanbul–İrəvan–İstanbul istiqamətində ilk müntəzəm yük aviareysini həyata keçirməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində diqqətçəkən hadisədir: 

"Bu addım göstərir ki, tərəflər artıq siyasi bəyanatlarla kifayətlənməyərək iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində praktik addımlar atmağa başlayırlar. Təbii ki, hava əlaqələrinin genişlənməsi quru sərhədlərinin açılması ehtimalını da gündəmə gətirir. Ancaq burada əsas məqam ondan ibarətdir ki, Ankara ilə İrəvan arasındakı normallaşma prosesi Azərbaycan–Ermənistan münasibətlərindən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Ankara dəfələrlə Bakı ilə koordinasiyalı fəaliyyət göstərdiyini və regionda davamlı sülhün təmin olunmasını prioritet hesab etdiyini açıqlayıb. Bu baxımdan yük daşımalarının başlanması sərhədlərin dərhal açılacağı anlamına gəlməsə də, həmin istiqamətdə müəyyən hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər".

Politoloq hesab edir ki, yaxın perspektivdə Türkiyə–Ermənistan quru sərhədinin açılması real ehtimaldır, lakin bunun hansı mərhələdə baş verəcəyi siyasi razılaşmalardan asılı olacaq: 


"Türkiyə tərəfi həm avtomobil, həm də dəmir yolu sərhəd keçidlərinin açılması istiqamətində texniki hazırlıqların aparıldığını bildirib. Bununla belə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasını mühüm siyasi şərt kimi nəzərdən keçirir. Deməli, yekun sülh sazişi imzalanmadan müəyyən məhdud iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi mümkündür, ancaq sərhədin tam açılması məsələsində Azərbaycanın maraqları əsas siyasi amillərdən biri olaraq qalır. Burada Ermənistanın da üzərinə mühüm məsuliyyət düşür. İrəvan sülh prosesində konstruktiv mövqeyini davam etdirməli, xüsusilə konstitusion müstəvidə Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı narahatlıqları aradan qaldırmalıdır. Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün ciddi iqtisadi imkanlar yaradacaq. Lakin bu imkanların davamlı olması ilk növbədə regionda etibarlı və hüquqi baxımdan möhkəmləndirilmiş sülhün təmin edilməsindən asılıdır.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol