ABŞ Senatı mərhum senator Lindsi Qremin Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün hazırladığı qanun layihəsini təsdiqləyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qremin ölümündən sonra Nümayəndələr Palatasındakı həmkarları son hörmət əlaməti olaraq təşəbbüsü dəstəkləməyə razılaşıblar. Yekun hesablamada qanun layihəsinin lehinə 86, əleyhinə isə 11 səs verilib.

Senatın təsdiqlədiyi qanun layihəsi hazırda tətildə olan Nümayəndələr Palatasına təqdim ediləcək. Nümayəndələr Palatasının 10 avqustda xüsusi qısa iclas üçün toplaşması planlaşdırılır və bu iclasda qanun layihəsinə baxıla bilər. Bundan sonra isə Nümayəndələr Palatasının təsdiqi halında qanunu Donald Tramp imzalamalıdır.

Yeni qanun Rusiya neftini və qazını almağa davam edən ölkələrə 100%-lik ikinci dərəcəli tariflərin tətbiqini nəzərdə tutur. Bu, ilk növbədə Çin və Hindistana aiddir.

Bundan əlavə, qanun layihəsi Rusiyanın tankerlərdən ibarət "kölgə donanmasına", Rusiya Federasiyası Mərkəzi Bankı da daxil olmaqla Rusiya maliyyə qurumlarına və Yamal LNG, Arctic LNG 1, Arctic LNG 2 və Arctic LNG 3 daxil olmaqla dövlətə məxsus böyük enerji layihələrinə qarşı sanksiyalar nəzərdə tutur.

Qanun layihəsi ABŞ hökumətinə Rusiyadan öz ölkəsinə idxala 500%-ə qədər tarif tətbiq etməyə imkan verir. Lakin, Rusiyanın ABŞ-yə idxalının həcmi azdır. Baxmayaraq ki, Donald Trampın prezidentliyindən bəri bu göstərici bir qədər artıb. Bunlar əsasən ABŞ-nin özü üçün vacib olan məhsullardır: gübrələr, metallar və nüvə yanacağı. Vaşinqtonun ABŞ nüvə reaktorları üçün Rusiya yanacağı olmadan keçinməsi ehtimalı azdır, çünki Rusiyanın bu seqmentdəki payı 20% təşkil edir. ABŞ Energetika Nazirliyi alış həcmini azalda bilməyəcəyini etiraf edib.

İclasda çıxış edən senatorlar Ukrayna şəhərlərinə qarşı Rusiya terrorizminin güclənməsini və Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirmək üçün vəsait əldə etməsini çətinləşdirməyin vacibliyini xatırladıbar.

Nümayəndələr Palatasının üzvü Riçard Nil və senator Ron Vayden isə qanun layihəsinin hazırkı formasına açıq şəkildə qarşı çıxıblar. Onlar bunun Trampa tariflər tətbiq etmək üçün nəzarətsiz səlahiyyətlər verəcəyindən qorxurlar. Demokrat Qreqori Miks qanun layihəsini "Troya atı" adlandırıb və Trampın sui-istifadə halları ilə bağlı narahatlıqlarını ifadə edib.

Əlavə edək ki, qanun layihəsi həmçinin ABŞ-yə Vladimir Putinə, yüksək vəzifəli məmurlara, Rusiya hərbi komandanlığına və rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etmək imkanı verir. Qanun layihəsi 2025-ci ildə təqdim edilmişdi, lakin Donald Trampın qeyri-müəyyən mövqeyi səbəbindən uzun müddət təxirə salınmışdı. Qanun layihəsinin ilkin versiyasında Rusiya nefti və qazını alan ölkələrdən ABŞ idxalına 500%-lik tarif tətbiq edilməsi nəzərdə tutulurdu. Sonradan bu variant bir qədər yumşaldıldı.

Əgər qanun layihəsi sonda qəbul edilərsə, bu, Konqresin ABŞ Prezidentinə tariflərin geosiyasi silah kimi istifadəsinə icazə verdiyi ilk hal olacaq.

Artıq Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı rəhbərliyi Senatın qəbul etdiyi qanun layihəsini yüksək qiymətləndirərək, ABŞ-yə minətdarlığını bildirib.

C.Məmmədli

“AzPolitika.info”