"Vaşinqton Sülh Sammitinin ildönümündə erməni baş nazirin üzərinə götürdüyü öhdəlikləri ləngitməklə məşğul olduğu aydın görünür".

"AzPolitika" xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Nikol Paşinyanın Vaşinqton görüşünün ildönümü ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Keçmiş diplomat qeyd edib ki, İrəvanın bu taktikası təkcə Bakıya deyil, Vaşinqton rəhbərliyinə də bəllidir: "Bunu təkcə biz Аzərbaycanı olaraq görmürük, ABŞ administrasiyasına da hər şey gün kimi aydındır. Hətta Dövlət katibi Rubionun Ermənistana qısamüddətli səfərindən sonra da bu proses davam edir. Əslində, həmin səfər Paşinyana və onun XİN-inə verilən açıq xəbərdarlıq idi ki, məsələyə qeyri-ciddi yanaşmasınlar. Lakin imitasiya taktikası hələ də davam etdirilir".

T. Zülfüqarov vurğulayıb ki, Ermənistanda "suverenlik" adı altında bəyanatlar səsləndirilir və bolşeviklər tərəfindən cinayətkarcasına bölünmüş Azərbaycanın iki hissəsi arasında təhlükəsiz, maneəsiz əlaqə üçün heç bir xüsusi şəraitin yaradılmayacağı iddia olunur: "Rəsmi Bakı Vaşinqton razılaşmalarının ruhuna və hərfinə zidd olan bu təxribatlara hələlik təmkinli reaksiya verməyə çalışır. Lakin tamamilə aydındır ki, bu vəziyyət uzun müddət belə davam edə bilməz və etməyəcək".

Ermənistanın Zəngəzur dəhlizi məsələsində seçim qarşısında olduğunu xatırladan keçmiş nazir qeyd edib: "Ermənistanın konstruktiv iştirakı ilə Zəngəzur dəhlizi açıla bilər və açılmalıdır... Yaxud da bu dəhliz Ermənistanın iştirakı olmadan fəaliyyətə başlayacaq!"

Şərhinin sonunda T. Zülfüqarov Paşinyanın "sülhpərvər" ritorikasının pərdəarxası məqamına da toxunub: "Paşinyanın tətbiq etdiyi təmtəraqlı və pafoslu leksikadan görünür ki, Bishkekdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Kremldən icazə alına bilməyib... Biz növbəti dəfə sadəcə 'sülhpərvərlik' görüntüsü yaratmaq cəhdi ilə üz-üzəyik".

Rasim Əliyev

"AzPolitika.info"