Rusiya Ukraynadakı hərbi əməliyyatları müharibənin "ilkin səbəbləri"ni həll etmədən "dondurmayacaq".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a verdiyi müsahibədə deyib.

"Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi kimi, bu böhranın ilkin səbəblərini həll etmədən heç bir "dondurma" mümkün deyil", - deyə Qaluzin müsahibədə bildirib.

O iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hazırda "reallıqla bütün əlaqəsini itirib və münaqişəni gərginləşdirməyə çalışır".

Qaluzin Rusiyadakı enerji infrastrukturuna, o cümlədən "əsasən Qazaxıstan iqtisadiyyatının maraqlarına xidmət edən Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) obyektlərinə terror hücumları”nı misal gətirib: "Ümid edirik ki, bu, beynəlxalq ictimaiyyətdən, o cümlədən Kiyev rejiminə təsir göstərən ABŞ-dən və bu layihədə neft və qaz şirkətlərinin səhmdar olduğu Avropa ölkələrindən adekvat reaksiya olacaq".

O, həmçinin ABŞ-nin Ukraynadakı hərəkətlərini "ziddiyyətli" adlandırıb. 

"Kiyev rejiminə Amerika silahlarının davamlı tədarükü, kəşfiyyat məlumatlarının verilməsi və digər yardımlar sülh təşəbbüsü ilə ziddiyyət təşkil edir", - deyə XİN nümayəndəsi bildirib.

O, həmçinin ABŞ Dövlət Katibi Marko Rubionun son açıqlamasını xatırladaraq Vaşinqtonun "qərəzsiz vasitəçi" olmadığını qeyd edib: "Biz bütün bu məsələləri Vaşinqtonla davam edən təmaslarımızda qaldırırıq".

Eyni zamanda, o, Moskvanın "Ankoric anlaşmalarını nəzərə alaraq" məqsədlərinə çatmağa hazır olduğunu və "lazımi siyasi iradə olduqda Ukrayna ətrafındakı vəziyyəti diplomatik yollarla həll etməyin mümkün olduğuna" əminlik bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodin Miroşnik Rusiyanın Ukraynada uzunmüddətli hərbi əməliyyatlara hazır olmalı olduğunu bildirmişdi, çünki müharibə yaxın gələcəkdə başa çatmayacaq.

Xarici işlər naziri Sergey Lavrov da iyulun əvvəlində bildirib ki, Moskva 2024-cü ilin iyun ayında Putinin müəyyən etdiyi məqsədlərə çatana qədər müharibə aparmaq niyyətindədir. Qeyd edək ki, həmin “məqsədlər” Ukraynanın Donbas, Zaporojye və Xerson vilayətlərini tamamilə təslim etməsini, bu əraziləri və Krımı Rusiya ərazisi kimi tanımasını, NATO üzvlüyündən imtina etməsini, "demilitarizasiya" və "denasifikasiya"nı əhatə edirdi.

“AzPolitika.info”