Sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnsanlar bu platformalardan həm ünsiyyət qurmaq, həm xəbərləri izləmək, həm də müxtəlif məlumatlar əldə etmək üçün istifadə edirlər. Bir çoxumuz gün ərzində saatlarla Facebook, WhatsApp və Instagram kimi tətbiqlərdə vaxt keçiririk. Lakin bu vərdişin həyatımıza necə təsir göstərdiyini, hansı fayda və risklər yaratdığını çox vaxt ciddi şəkildə düşünmürük. 

Bəs təsəvvür edin ki, bir gün bütün sosial şəbəkələr dünya üzrə fəaliyyətini dayandırsa. Belə bir vəziyyət insanların gündəlik həyatına, ünsiyyətinə və psixologiyasına necə təsir edər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən psixoloq Azad İsazadə bildirib ki, sosial şəbəkələr artıq XXI əsr sivilizasiyasının ayrılmaz hissəsinə çevrilib və bunu təbii proses kimi qəbul etmək lazımdır. Bu, artıq baş verib. Nə tam pisdir, nə də tam yaxşı.

Onun sözlərinə görə, əsas məsələ sosial şəbəkələrdən necə istifadə etməyimizdir: “Doğrudur, insanlar bu gün sosial şəbəkələrdə daha çox vaxt keçirirlər. Ancaq keçmişlə müqayisə etsək, bu vaxt əsasən televiziyaya və qəzet oxumağa sərf olunan vaxtın hesabına yaranıb. Bu gün onlarla, hətta yüzlərlə insan tanıyırıq ki, onların evində ya ümumiyyətlə televizor yoxdur, ya da varsa belə, yalnız ildə bir-iki dəfə açılır. O da ki, məsələn, Yeni il və ya digər xüsusi günlərdə. Deməli, əvvəllər televizor qarşısında keçirdiyimiz vaxtı indi sosial şəbəkələrdə keçiririk.

Eyni vəziyyət qəzetlərlə də bağlıdır. Vaxtilə qəzet oxumaq gündəlik vərdiş idi. Səhərlər poçtla gətirilən qəzetləri oxuyar, işə gedərkən avtobusda, metroda və ya iş yerində fasilə zamanı xəbərlərlə tanış olardıq. İndi isə bütün bunları xəbər saytları və onlayn platformalar əvəz edib. Artıq qəzet daşımağa ehtiyac yoxdur. Bir zamanlar evlərdə yığılan köhnə qəzetlərdən pəncərə silmək kimi məişət işlərində istifadə edilirdi. İndi isə insanlar bunun üçün xüsusi təmizləyici vasitələr və ya mikrofiber parçalar alırlar”.

A.İsazadə əlavə edib ki, indi əsas fərq telefonun daim yanımızda olmasıdır. Buna görə də istər-istəməz gün ərzində ona daha çox vaxt ayırırıq:

“Bu vəziyyət xüsusilə uşaqlar və yeniyetmələr üçün müəyyən problemlər yaradır. Əvvəllər məktəblilər boş vaxtlarını həyətdə futbol oynamaqla, müxtəlif fiziki oyunlarla keçirirdilər. İndi isə daha çox evdə oturub telefonla məşğul olurlar. Bir tərəfdən bu, valideynlər üçün rahat görünür. Çünki uşaq evdədir, qaçmır, tərləmir, xəsarət almır. Amma bunun mənfi tərəfləri də var. Fiziki inkişaf zəifləyir, real ünsiyyət bacarıqları formalaşmır, insanlararası kommunikasiya təcrübəsi azalır. Bütün bunların həm müsbət, həm də mənfi tərəfləri var. Əsas məsələ yeni reallığı düzgün dəyərləndirmək və ona uyğunlaşmağı bacarmaqdır.”

Oğuz Ayvaz 

"AzPolitika.info”