Belarus müxalifətinin lideri Svietlana Tixanovskaya ölkə vətəndaşlarına müraciət edərək, onları Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirak etmək üçün həyata keçirilən işəqəbul kampaniyalarına uymamağa çağırıb. Tixanovskaya vurğulayıb ki, Moskva öz "canlı qüvvə" çatışmazlığını ört-basdır etmək üçün belaruslu kişiləri aldadaraq cəbhənin en çətin nöqtələrinə göndərməyə çalışır.

Tixanovskayanın bəyanatında bildirilir ki, son zamanlar .bel domen zonasında Rusiya ordusuna müqaviləli xidmət üçün işəqəbul saytlarının fəaliyyətə başlaması Aleksandr Lukaşenko rejiminin birbaşa razılığı və ya göz yumması ilə baş verir.

Müxalifət lideri Lukaşenko rejiminin bu addımını Belarus xalqının təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib: "Rusiya belarusluları başqasının qanlı və cinayətkar müharibəsinə birbaşa - işəqəbul saytları və pul vədləri vasitəsilə cəlb etməyə çalışır. Öz 'top əti' çatışmadıqları üçün indi cəbhədəki deşikləri bağlamaq məqsədilə bizim kişilərimizin həyatını almaq istəyirlər. Lukaşenko əvvəlcə torpağımızı və infrastrukturu verdi, indi isə Rusiya verbotçularının vətəndaşlarımıza tərəf buraxılmasına göz yumur".

Tixanovskaya xatırladıb ki, başqa dövlətin ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək üçün vətəndaşların cəlb olunması həm beynəlxalq hüquqa, həm də Belarus Respublikasının qanunvericiliyinə əsasən ağır cinayət hesab olunur.

Tixanovskaya Belarus vətəndaşlarını Rusiyanın böyük məbləğdə pul vədlərinə inanmamağa çağırıb və bunun təhlükəli bir tələ olduğunu vurğulayıb: "Rusiya başqasının müharibəsində iştirak üçün böyük qazanc vədləri verir. Lakin bu, həyasızcasına yalandır. Rusiya komandanlığı üçün istənilən muzdlu əsgər yalnız adsız, dəyərsiz 'sərfiyyat materialı'dır və cəbhənin ən təhlükəli nöqtələrinə atılır. Sizi 'müqaviləli xidmətə' deyil, ət maşınına çağırırlar. Verbotçuları sizin və ailənizin taleyi maraqlandırmır. Heç bir ödəniş sizin həyatınıza dəyməz. Şəxsi məlumatlarınızı verməyin və anketləri doldurmayın. Əgər oğlunuz, qardaşınız və ya dostunuz belə bir 'qazanc' haqqında düşünürsə, ona izah edin ki, bu - birbaşa ölümə biletdir."

Svietlana Tixanovskaya müraciətinin sonunda belarusluların bu müharibədə tərəf olmamalı olduğunu bir daha diqqətə çatdırıb: "Belaruslular təcavüzkar deyillər. Bizim məqsədimiz - ölkəmizi qoruyub saxlamaq, ailələrimizi mühafizə etmək və özümüzü hərbi cinayətlərə alət etməməkdir. Belarus kişiləri öz ölkələrinə sağ-salamat lazımdır!"

Hüquq müdafiəçilərinin məlumatına görə, son vaxtlar .bel domenli saytlar vasitəsilə Rusiya ordusuna müqaviləli xidmətə cəlb edilən belarusluların cəbhədə ortalama yaşama müddəti cəmi bir neçə ay təşkil edir. Müxalifətin bu xəbərdarlığı Moskvanın Belarusun canlı resurslarını müharibəyə cəlb etmək cəhdlərinin kəskinləşdiyini gösterir.

Rasim Əliyev

“AzPolitika.info”