Kreml nə qədər təkzib etsə də, Rusiyada yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı şayiələr və narahatlıq ölkə daxilində ciddi gərginlik yaradıb. Dövlət Dumasındakı deputatlar və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu xəbərləri "cəfəngiyat" və "Ukrayna təxribatı" adlandırsalar da, sosioloji sorğular və ekspert təhlilləri tamam başqa mənzərəni ortaya qoyur.

İctimai Rəy Fondunun (FOM) son sorğularına əsasən, Rusiyada yaxınları və həmkarları arasında həyəcanlı əhval-ruhiyyənin üstünlük təşkil etdiyini bildirən vətəndaşların payı son 4 ilin ən yüksək həddinə çatıb.

KİV-in ("Vyorstka" portalı) mənbələrinə görə, Rusiya hakimiyyəti Dövlət Dumasında sentyabrda keçiriləcək seçkilərdən dərhal sonra hərbi vəziyyət elan edə və yeni səfərbərlik dalğasına başlaya bilər.

"Financial Times" isə yazır ki, Kreml və Müdafiə Nazirliyi açıq səfərbərlik elan etməkdən qaçmaq üçün regionlara 2026-cı ilin sonuna qədər müqavilə əsasında 409 min hərbi qulluqçu toplamaq barədə tapşırıq verib. Hərbi ekspert David Qendelman bu rəqəmin itkilərin yerini doldurmaq və yeni birləşmələr yaratmaq üçün reallığı əks etdirdiyini bildirir. Qeyd edək ki, CSIS analitik mərkəzinin qiymətləndirmələrinə görə, Rusiyanın müharibədəki itkiləri artıq 1,4 milyon nəfərə çatıb.

Cəbhədən və hərbi xidmətdən qaçanlara kömək edən "İdite lesom" proqramının əlaqələndiricisi Anton Qorbatseviç bildirir ki, son bir ayda ordudan yayınmaq istəyənlərin müraciətləri kəskin çoxalıb: "Panika və həyəcan hissi işimizə birbaşa təsir edir. Rusiya ordusu bu qorxudan istifadə edərək, insanları 'onsuz da səfərbərlik olacaq' təhdidi ilə müqavilə bağlamağa məcbur edir. Hazırda konkret səfərbərlik fərmanı olmasa da, rejim 2022-ci ildəki xaotik prosesdən fərqli olaraq, indi daha 'hüquqi' və elektron baza yaradıb. Elektron çağırışçi reyestri artıq işləyir. Bu, gələcəkdə istənilən yaş və hətta cinsdən olan şəxsləri avtomatik səfərbər etməyə imkan verəcək. Yəni, 2022-ci ilin sentyabrındakı kimi birdəfəlik deyil, daimi və fasiləsiz bir səfərbərlik rejimi bərqərar olunur".

"Novaya qazeta Yevropa" nəşrinin baş redaktoru Kirill Martınov qeyd edir ki, rusiyalılar müharibənin daxilə doğru genişlənməsini hiss edirlər: "Təbliğat maşını benzin qıtlığını, İnternetin söndürülməsini, dron hücumlarını 'müvəqqəti çətinlik' kimi qələmə verməyə çalışsa da, cəmiyyət anlayır ki, müharibə bitmir. İnsanlar hakimiyyətin yalnız eskalasiya yolu ilə cavab verəcəyini duyurlar. Hazırda Rusiyada bir insanın başına gələ biləcək ən dəhşətli şey orduya düşməkdir. Lakin diktaturanın bütün cəmiyyəti 'Hər şey cəbhə üçün' şüarı altında birləşdirmək gücü yoxdur. Qorxu ilə vətənpərvərlik coşğusu yaratmaq mümkün deyil”.

Gərginliyin artdığı bir fonda Rusiya prezidenti Vladimir Putin uzaq regionlara səfərlərə başlayıb. Kazan, İrkutsk, Omsk və Krasnoyarskdan sonra Putin Buryatiya (Ulan-Ude) və Novosibirskə gedib. Buryatiya müharibədə ən çox canlı qüvvə itirən regionlardan biridir. Putin burada hərbçilərlə görüşərək onlara "Sizin sayənizdə Rusiyanın nə olduğunu hiss etdirdiniz" deyə təşəkkür edib.

Politoloq Nataliya Şavşukovanın fikrincə, Putinin bu səfərləri təsadüfi deyil: "Putin hesab edir ki, onun əsas meyar seçicisi böyük şəhərlərdə deyil, uzaq əyalətlərdə – Surkovun deyimi ilə 'dərin xalq' arasındadır. O, Sankt-Peterburqda küçəyə çıxsa, etirazla qarşılaşa bilər, amma əyalətlərdə canlı Putini görmək hələ də müəyyən reaksiya doğurur. Lakin indi əsas faktora çevrilən məsələ regionlara qayıdan '200-cülər' (cəsədlər) və hərbə aparılan insanların sayıdır. Sentyabr seçkiləri öncəsi hakimiyyət bu narazılıq dalğasını yatırmaq üçün regionları şəxsən gəzməyə məcburdur".

Analitiklər hesab edirlər ki, Kreml sentyabr seçkilərinə qədər vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, seçki qutuları bağlanan kimi Rusiyanı həm hərbi, həm də sosial-iqtisadi baxımdan daha sərt qərarlar – yeni səfərbərlik və hərbi vəziyyət gözləyir.

Rasim Əliyev

“AzPolitika.info”