"Amerikalı məhbus Robert Qilmanın Rusiya həbsxanasından azad edilməsi, şübhəsiz ki, ilk növbədə onun özü və ailəsi üçün çox müsbət xəbərdir. Lakin bu hadisənin siyasi əhəmiyyətini həddindən artıq şişirtməyə dəyməz. Nəzərə almaq lazımdır ki, söhbət hələlik Vaşinqton və Moskva arasında tammiqyaslı məhbus mübadiləsindən deyil, ABŞ vətəndaşının humanitar əsaslarla birtərəfli qaydada azad edilməsindən gedir. Bu səbəbdən də yeni diplomatik mexanizmin formalaşdığı barədə tələsik nəticələr çıxarmaq hələ tezdir".
“AzPolitika” xəbər verir ki, bu fikirləri siyasi şərhçi, “Xəzər” Beynəlxalq Universitetinin politologiya professoru Ramiz Yunus Rusiya-ABŞ münasibətlərindəki son gəlişmələri, Donald Tramp administrasiyasının mövqeyini və bunun Ukraynadakı müharibəyə təsirini şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, son zamanlar Vaşinqtondan Rusiya-Ukrayna müharibəsinin perspektivlərinə dair eşidilən bəyanatlar Donald Tramp administrasiyasının hakimiyyətə gəldiyi ilk aylardakı mövqeyindən xeyli fərqlənir. R.Yunus vurğulayıb ki, əgər ilk vaxtlar Amerikanın ritorikası böyük ölçüdə Rusiyanın arqumentlərini təkrarlayır və Vaşinqtonun həlli yalnız Ukraynanın güzəştləri hesabına axtarmağa hazır olduğu təəssüratını yaradırdısa, bu gün həmin mövqedə müəyyən düzəlişlərin edildiyini görürük.

Siyasi şərhçinin fikrincə, bu dəyişikliyin səbəbləri tamamilə obyektivdir: "Ukrayna Rusiya ərazisinin dərinliklərindəki energetika, sənaye və hərbi infrastruktura zərbələr endirməklə Moskvaya ciddi hərbi təzyiq göstərməkdə davam edir. Eyni zamanda Birləşmiş Ştatlarda Konqresə keçiriləcək aralıq seçkiləri yaxınlaşır və Tramp administrasiyası üçün daxili siyasi amil günbəgün daha vacib əhəmiyyət kəsb edir. Amerikan cəmiyyəti təbii olaraq Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı təcavüzünə münasibətdə daha fəal mövqe tutmasında maraqlıdır".
Ramiz Yunus bildirib ki, belə bir şəraitdə Moskva, təbii ki, Amerikanın siyasi gündəliyinə öz korrektivələrini daxil etməyə çalışır və amerikalı məhbusların Rusiya həbsxanalarından azad edilməsi bu siyasətin alətlərindən biridir: "Prezident Tramp üçün amerikalının evə qayıtması aşkar siyasi və imic əhəmiyyətinə malikdir. Moskva gözəl başa düşür ki, bu addımlar ABŞ Prezidenti tərəfindən öz cəmiyyəti ilə siyasi kommunikasiyada tutarlı arqument kimi istifadə oluna bilər".
Məsələnin humanitar tərəfi ilə siyasi əhəmiyyətini bir-birindən ayırmağın vacibliyini diqqətə çatdıran politoloq vurğulayıb ki, Qilmanın azad olunması Tramp üçün Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq bacarığını nümayiş etdirmək baxımından əlverişlidir. Lakin bu, avtomatik olaraq Vaşinqton və Moskva münasibətlərində yeni bir diplomatik mərhələnin başladığı anlamına gəlmir.
Bununla belə, ekspert bu cür epizodların iki ölkə arasında müəyyən ünsiyyət kanalı yarada biləcəyini istisna etməyib: "Biz dəfələrlə görmüşük ki, hətta əsas siyasi məsələlərdə dərin ziddiyyətlər qaldığı vaxtlarda belə, məhz humanitar mövzular Vaşinqtonla Moskva arasında özünəməxsus 'körpü' rolu oynayır. Bu baxımdan, məhbusların azad edilməsi mexanizminin genişlənə biləcəyini istisna etmirəm. Lakin bu, Rusiya və ABŞ arasında strateji yaxınlaşmanın göstəricisi deyil, dialoqun daha çox texniki və humanitar istiqaməti olacaq".
Ukrayna məsələsindən danışarkən R.Yunus daha ehtiyatlı olmağın vacibliyini qeyd edib. O bildirib ki, Qilmanın azad edilməsi Ukrayna üzrə danışıqların dinamikasına əhəmiyyətli dərəcədə təsir etmək gücündə deyil: "İndi həm Rusiya, həm də Ukrayna yaxşı anlayır ki, Vaşinqtonun mövqeyinə təsir göstərmək üçün yalnız diplomatik fəallıq kifayət etmir - döyüş meydanında vəziyyəti dəyişmək bacarığını da nümayiş etdirmək lazımdır. Faktiki olaraq həm Moskva, həm də Kiyev eyni vaxtda Vaşinqtona təsir etməyə çalışırlar, lakin bunu tamamilə fərqli metodlarla edirlər. Rusiya diplomatik siqnallardan, humanitar jestlərdən və dialoqa hazır olduğunu nümayiş etdirmək cəhdlərindən istifadə edir. Ukrayna isə mərcini ilk növbədə hərbi təşəbbüsü qoruyub saxlamağa və Rusiyaya hiss olunacaq dərəcədə zərər vurmaq iqtidarında olduğunu göstərməyə qoyur".
Siyasi şərhçi vurğulayıb ki, hazırda Vaşinqton, Kiyev və Moskvanın tamamilə fərqli gündəlikləri var:
Ukraynanın əsas vəzifəsi dövlətçiliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır.
Rusiyanın məqsədi isə müharibədən özü üçün maksimal dərəcədə sərfəli nəticə əldə etmək və mövcud güclər balansını dəyişməkdir.
Vaşinqtonun məqsədi isə münaqişənin Amerika maraqlarına cavab verən və Tramp administrasiyasına öz cəmiyyətinə konkret siyasi nəticə göstərməyə imkan verən şəkildə başa çatmasına nail olmaqdır.
Sonda politoloq qeyd edib ki, Robert Qilmanın azad edilməsini birbaşa böyük bir diplomatik sıçrayışla bağlamaq düzgün olmazdı. Bu, vacib bir humanitar epizod və eyni zamanda daha geniş diplomatik oyunun bir elementidir: "İndiki mərhələdə bu hadisə prinsipial olaraq yeni mərhələnin başlanğıcı deyil, hər iki tərəf üçün daha çox PR və siyasi resurs rolunu oynayır. Müşahidələr göstərir ki, Moskva dəfələrlə ayrı-ayrı ABŞ vətəndaşlarının azad olunmasından diplomatik kart kimi istifadə edib. Ona görə də indi yalnız Qilmanın azad edilməsi faktına deyil, bundan sonra nəyin gələcəyinə baxmaq lazımdır. Əgər bunun ardınca yeni amerikalı məhbusların azad olunması, müntəzəm dialoq və ən əsası - Moskvanın Ukrayna məsələsindəki mövqeyində real dəyişikliklər baş verərsə, yalnız o zaman daha ciddi diplomatik dinamikadan danışmaq mümkün olacaq".
Ramiz Yunus fikrini bu sözlərlə yekunlaşdırıb: "Hələlik vəziyyəti belə xülasə etmək olar: Qilman evə qayıtdı və bu, şübhəsiz ki, yaxşıdır. Lakin bir nəfərin evə dönməsi Rusiya-ABŞ münasibətlərinin yeni keyfiyyət müstəvisinə keçməsi demək deyil. Bunun üçün qat-qat ciddi qərarlar tələb olunur".
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər