Nə təsadüfdürsə, İranın Ermənistandakı səfirlərini sonsuz erməni sevgisi, məddahlığı və anti-Azərbaycan, anti-Türk mövqeyi olan çevrələrdən seçilir. Bu baxımdan, hazırkı səfir Xəlil Şirqulami, sələfləri Abbas Bədəxşan Zohuri və Mehdi Sübhanidən qətiyyən seçilmir…

“AzPolitika” xəbər verir ki, səfir Xəlil Şirqulami 10-11 avqust tarixlərində Ermənistanın Sisian(Qarakilsə) şəhərində keçirilən “Navasarad” festivalında qondarma “artsax” pavilyonuna baş çəkib. Rəsmi məlumata görə, bu “festival” İranın Lahican və Ermənistanın Sisian(Qarakilsə) şəhərləri arasında “qardaşlaşma” sazişinin imzalanmasından sonra baş tutub. Sosial mediada yayımlanan görüntülərdən məlum olur ki, səfir Şirqulami xüsusi olaraq sərgidəki “artsax” adlı pavilyona yaxınlaşır və göy qutabı yeməyə başlayır. Bu zaman pavilyondakı ermənilərlə söhbət zamanı əvvəlcə Qarabağ, ardınca isə bir neçə dəfə “artsax” sözünü, özü də kameraların qarşısında, bilərkdən, dönə-dönə işlədir.

Məlum məsələdir ki, səfirin nə məhz bu pavilyona baş çəkməsi, nə də Azərbaycanın ayrılmaz hissəsi və beynəlxalq hüquq tərəfindən tanınan ərazisi olan Qarbağı tarixin zibilliyinə atılmış qondarma rejimin adı ilə çağırması təsadüfi deyil.

Əlbəttə, istənilən ölkənin nümayəndəsinin, səfirinin bu və ya digər ölkəyə, xalqa “məhəbbət izhar etməsi” öz işidir. Ancaq bu, üçüncü ölkəyə, özü də qonşu ölkənin suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələn çirkin hərəkət formasında edilirsə, artıq adi məddahlıq jesti yox, açıq siyasi təxribatdır.

Ermənidən betər ermənilik edən səfirin bu addımı məhz indi atması da təsdüfi görünmür. Cəmi iki-üç gün əvvəl İran Prezidenti Məsud Pezişkian İranın ABŞ-İsrail hücumuna məruz qaldığı ən ağır günlərdə bu ölkənin qonşu Azərbaycandan aldığı yardım və dəstəkdən danışdı. Ardınca Azərbaycan Prezidenti də buna görə iranlı həmkarına minnətdarlıq etdi.

Ancaq göründüyü kimi, İranla Azərbaycan arasında bu cür normal, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətərinə söykənən diplomatiya Tehranda müəyyən dairələri qətiyyən qane etmir. Din, ədalət pərdəsi arxasında gizlənərək, zaman-zaman bölgəni, qonşu ölkələri bu cür “səfirlər”in və digər emissarlarının əli və dili ilə qarışdıran həmin  dairələrin əsl qibləsi İslamın müqəddəs məkanları deyil, qondarma separatçı qurumların pavilyonları, yaxud qatı məzhəbçi mərkəzlər formasında “zühür edən” təxribat yuvalarıdır….

Cəlal Məmmədli

“AzPolitika.info”