Azərbaycanda uzun illər əmək müqaviləsi olmadan çalışan şəxslərin sayı hələ də az deyil. Bu vəziyyət işçilərin yalnız əmək münasibətlərini deyil, həm də gələcək pensiya təminatını və sosial hüquqlarını birbaşa təsir altına salır. Hüquqşünaslar bildirirlər ki, sonradan qeyri-rəsmi əmək fəaliyyəti məhkəmə və ya digər qanuni yollarla təsdiqlənərsə, bunun əmək stajı və pensiya hüquqları baxımından müəyyən nəticələri ola bilər. Lakin belə hallarda pensiyanın hesablanması və pensiya kapitalının formalaşması ilə bağlı bir sıra hüquqi və praktiki məqamlar mövcuddur.
Qeyri-rəsmi işlənilən illər sonradan hüquqi qaydada təsdiqlənərsə, həmin müddətin əmək stajına daxil edilməsi hansı şərtlərlə mümkündür? Belə hallarda əmək stajının tanınması pensiya kapitalının və gələcək pensiyanın məbləğinin artmasına kifayət edirmi?
Bu barədə “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, qeyri-rəsmi məşğulluq ölkəmizdə uzun illərdir mövcud olan problemlərdən biridir və bu, gələcəkdə vətəndaşların pensiya hüququna, eləcə də pensiya məbləğinə ciddi təsir göstərir.

Onun sözlərinə görə, əmək müqaviləsi işçi ilə işəgötürən arasında qarşılıqlı öhdəlikləri müəyyən edən hüquqi sənəddir. Lakin bəzi hallarda insanlar öz razılıqları ilə əmək müqaviləsi bağlanmadan işləməyə razı olurlar: “Bunun əsas səbəbi əməkhaqqından sosial ödənişlərin tutulmamasıdır. Ancaq onlar nəzərə almırlar ki, bu seçim gələcəkdə pensiya təminatına və alacaqları pensiyanın məbləğinə ciddi mənfi təsir göstərə bilər”.
E.Kərimli hesab edir ki, hər bir şəxs işə qəbul olunarkən işəgötürəndən əmək müqaviləsinin bağlanmasını qətiyyətlə tələb etməlidir: “Bu məsələ vaxtında həll edilməlidir. Çünki ölkədə bu sahəyə nəzarət edən müvafiq dövlət qurumları, o cümlədən Əmək Müfəttişliyi və vergi orqanları fəaliyyət göstərir.
İllər sonra məhkəməyə müraciət etməklə əmək münasibətlərini sübut etmək olduqca çətin ola bilər. Məsələn, 10 il əvvəl hər hansı müəssisədə əmək müqaviləsi olmadan çalışmış şəxsin bunu hüquqi baxımdan sübut etməsi ciddi problemlər yarada bilər”.
Ekspert vurğulayıb ki, vətəndaşlar arasında maarifləndirmə işləri genişləndirilməli, onların əmək hüquqları izah edilməlidir: “Bu, həm də gələcək pensiya təminatı baxımından böyük əhəmiyyət daşıyır. İnsanlar öz hüquqlarının qorunmasında maraqlı olmalıdırlar. Qanunvericilikdə qeyri-rəsmi məşğulluğa qarşı ciddi mübarizə tədbirləri nəzərdə tutulub. İşçi və işəgötürən arasında qarşılıqlı hüquq və öhdəliklərin təmin olunması ilə yanaşı, maarifləndirmə tədbirlərinin gücləndirilməsi də vacibdir”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər