Rusiyanın ən böyük onlayn ticarət platforması olan "Wildberries" və onunla əməkdaşlıq edən yüz minlərlə satıcı Ukrayna PUA-larının zərbələri nəticəsində nəhəng maliyyə itkiləri ilə üz-üzə qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "Forbes" nəşri "Data Insight" tədqiqat agentliyinin aparıcı analitiki Sergey Semkonun qiymətləndirməsinə istinadən məlumat yayıb.
Analitikin hesablamalarına görə, "Wildberries" və satıcıların ümumi zərəri 600-800 milyard rubl (təxminən 7-9 milyard dollar) təşkil edə bilər. Şirkətin anbar və infrastrukturunun bərpası "RWB" birgə müəssisəsinə 147-223 milyard rubla başa gələcək. Binanın tam sökülməsi, tullantıların daşınması və ərazinin təmizlənməsi tələb olunarsa, bu xərc 278,9 milyard rubla qədər yüksələcək. Platformada mal satan sahibkarların potensial itkiləri isə 445 - 507,8 milyard rubl həcmində qiymətləndirilir.
Analoji açıqlama ilə Rusiyanın Elektron Meydançalarda Ticarət üçün Mal Tədarükçüləri Assosiasiyasının (APTEP) rəhbəri Marqarita Yevstiqneyeva da çıxış edib. DW-nin məlumatına görə, Yevstiqneyeva PUA hücumları nəticəsində 400 mindən çox satıcının zərər çəkdiyini, əldə olunmayan mənfəətlə birgə ümumi zərərin 600-700 milyard rubla çatacağını bildirib.
"Reuters" agentliyinin peyk şəkillərinə əsasən apardığı təhlilə görə, iyulun ortalarından başlayan intensiv zərbələr nəticəsində "Wildberries" öz anbar tutumunun təxminən 20 faizini itirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Wildberries" anbarlarının dron istehsalı, naviqasiya avadanlıqları və digər hərbi təminat üçün sanksiya altında olan hissələrin daşınmasında logistik mərkəz kimi istifadə olunduğunu bəyan etmişdi.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər