Rusiya Ədliyyə Nazirliyi ölkədə fəaliyyəti arzuolunmaz elan edilən təşkilatların siyahısını genişləndirib. Qurumun yenilənmiş reyestrinə daxil edilən beş yeni təşkilat əsasən insan hüquqları, tarixi yaddaşın qorunması və antiştukat/antiaktivist istiqamətlərdə fəaliyyət göstərir.

Qara siyahıya salınan qurumlar bunlardır:

-"Yaddaş Cəmiyyəti" (ABŞ) - Totalitarizm dövrünün, xüsusilə stalinizm repressiyalarının öyrənilməsi ilə məşğuldur. Təşkilat Rusiya hakimiyyətinin təzyiqlərinə məruz qalan "Memorial" hüquq-müdafiə mərkəzinin tərəfdaşıdır.

-"Komunizm Qurbanlarının Xatirəsi Fondu" (ABŞ) — 2013 ildə təsis olunub, kommunist rejimlərinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bu sahədə maarifləndirmə işləri aparır.

-"İtaliyanın Azad Rusları Assosiasiyası" (İtaliya) - Ukrayna ilə müharibədə Kiyevin qələbəsini müdafiə edən, Rusiyadakı siyasi repressiyalara qarşı çıxan və Rusiyanın Antihərbi Komitəsinə daxil olan diaspor birliyidir.

-Bremen Universitetinin Şərqi Avropa Müstəqil Ədəbiyyatı və İctimai Hərəkatları Tədqiqat Mərkəzi (Almaniya) — 1982-ci ildən bəri keçmiş Şərqi blok ölkələrinin mədəniyyəti və postsovet məkanındakı cari proseslərin təhlili ilə məşğul olan elmi-tədqiqat mərkəzidir.

-"Batumi rusları" (Gürcüstan) — 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstana köçən Rusiya vətəndaşlarının antiştukat birliyi. Təşkilat Rusiya hakimiyyətinin siyasətinə və müharibəyə qarşı çıxır, həmçinin miqrantlara dəstək göstərir.

Bundan əlavə, Ədliyyə Nazirliyinin yenilənmiş siyahısına əvvəllər – avqustun 6-da Baş Prokurorluğun təqdimatı ilə qərarı verilmiş Human Rights Foundation ("İnsan Hüquqları Fondu", ABŞ) da daxil edilib. 2005-ci ildə yaradılmış bu fonda 2024-cü ildən etibarən Yuliya Navalnaya rəhbərlik edir.

Qeyd edək ki, hər hansı təşkilatın "arzuolunmaz" elan edilməsi onun Rusiya ərazisindəki fəaliyyətinin qadağan olunması, həmçinin həmin qurumla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təhlükəsini yaradır.

"AzPolitika.info"