Bu yay başlayan Rusiya rublunun zəifləməsi yaxın zamanda davam edəcək və dolların məzənnəsi təxminən 100 rubla çatacaq.

“AzPolitika” xəbər verir ki, Rusiya “Sberbank”ının Makroiqtisadi Təhlil Mərkəzinin mediada dərc edilən proqnozunda belə deyilir.

Rusiyanın ən böyük bankının analitiklərinin fikrincə, sanksiyalar təhlükəsi, Rusiya neftinin qiymətlərinin düşməsi, neft emalı zavodlarının vurulması və hökumətin tükənmiş Milli Rifah Fondunu doldurmaq üçün xarici valyuta alması səbəbindən ABŞ valyutası ilin sonuna kimi bahalaşacaq və gələn ilin əvəllərinə 97 rubla çatacaq.

Mütəxəssislər qeyd edirlər ki, iyul ayında Rusiyanın “Urals” markalı xam neftinin qiyməti ABŞ-İran münaqişəsinin qaynar vaxtındakı 94,9 dollardan 64,6 dollara düşüb. “Sberbank”ın Makroiqtisadi Təhlil Mərkəzinin məlumatına görə, Rusiya neftinə endirimlər yenidən genişlənir: yük daşımalarının yüksək xərcləri və sanksiya riskləri səbəbindən endirimlər barel üçün 24-26 dollara çatıb.

“Sberbank” qeyd edir ki, qiymət sentyabrda 56,5 dollara, ilin sonuna qədər isə 51 dollara düşəcək, buna görə də ixrac gəlirləri azalmağa davam edəcək. Hesablamalara görə, Ukraynanın neft emalı zavodlarına hücumları səbəbindən Rusiyada neft emalı illik müqayisədə təxminən 20% azalıb və 2026-cı ilin sonuna qədər təxminən 13% aşağı düşəcək. Bu, neft şirkətlərini hasilatı azaltmağa davam edərək 511 milyon tona endirməyə məcbur edəcək.

May ayı səviyyələri ilə müqayisədə rubl artıq dollar, avro və yuana qarşı təxminən 20% dəyər itirib. ABŞ dolları təxminən 70 rubldan 84,39 rubla yüksəlib ki, bu da mart ayının sonundan bəri ən yüksək göstəricidir. Yazın sonunda təxminən 80 rubl dəyərində olan avro 97,5 rubla yüksəlib. Yuanın məzənnəsi 12,5 rubla çatıb və üç ayda 2 rubldan çox dəyər qazanıb.

Mütəxəssislər qeyd edir ki, rubla təzyiq əsasən geosiyasi xarakter daşıyır. Kremlin Donald Trampla razılaşmaya ümidləri puç olub, Rusiya daxlində eskalasiya və səfərbərlik şayiələri yayılır, ABŞ Senatı Rusiya neftinin əsas alıcıları olan Hindistan və Çinə 100%-lik tarifləri özündə birləşdirən "cəhənnəm sanksiyaları" qanun layihəsini qəbul edib və sair. Bütün bunlar zatən iqtisadi problemlərdən zərər görən “rus rublu”na əlavə geosiyasi təzyiq göstərir.

“AzPolitika.info”