
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Azərbaycanın son otuz ildən artıq siyasi tarixi bir-biri ilə bağlı böyük dönüşlərdən ibarətdir. Sovetlər Birliyinin süqutundan sonra müstəqillik yolunda yaşanan hakimiyyət böhranı, Qarabağda hərbi məğlubiyyət, idarəetmə institutlarının yenidən qurulması, iqtisadi müstəqilliyin təmin olunması, ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası və azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycanın məğlubiyyətdən qalib dövlətə və Qələbəyə qədər keçdiyi yolun tarixidir.
2020-ci ilin parlaq uğurunu yalnız 44 müqəddəs günün hərbi nəticəsi kimi görmək şərəfli tarixi yolun miqyasını kiçiltmək olardı. Bütövlük uğrunda çox illik mübarizənin mərkəzində Ulu öndər ideallarına söykənən Prezident İlham Əliyevin liderliyi, onun ətrafında qurulan dövlət sistemi və milli məqsədlər naminə səfərbər edilən xalq dayanır. Azərbaycan Ordusu torpaqları döyüş meydanında azad etdi və Qələbənin hərbi-strateji müəllifi Müzəffər Ali Baş Komandandır. İkinci Dünya müharibəsindən sonra Konrad Adenauer bölünmüş Almaniyada xalqını məğlubiyyət sindromundan çıxarmağa çalışırdı. Azərbaycanda da Qarabağ məsələsinin milli yaddaşda saxlanılması, cəmiyyətin ərazi bütövlüyü ideyası ətrafında birliyinin qorunması və beynəlxalq platformalarda mövqeyinin müdafiəsi Birinci şəxsin uzunmüddətli mübarizəsinin mühüm hissəsi idi.
Lakin xalqımızın qazandığı tarixi Zəfərin ayrıca araşdırılmalı başqa bir siyasi siması da var: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva.
Mehriban Əliyevanın siyasi fəaliyyəti müxtəlif dövrlərdə fərqli titul, vəzifə və missiyaları əhatə edib. Lakin protokol siyahısı siyasi portreti tam ifadə etmir, gerçək obrazı yaratmır.

Uzun illər Birinci xanım institutunda, sonradan dövlətin ikinci şəxsi statusunda fəaliyyət göstərən Mehriban Əliyeva Azərbaycanın Zəfərə gedən yolunda əvəzolunmaz siyasi missiyanı daşıyırdı və tarixi Qələbədən sonra tükənməz enerjinin, ali məramın hədəfində yeni zirvələrə çatmaq dayanır.
İyirmi ildən artıq fəaliyyətin istiqamətləri və daşıdığı vəzifələr fərqlidir, lakin əsas qayəsi dəyişməyib: güclü Azərbaycan quruculuğu, xalqla dövlət arasında etimadın möhkəmlənməsi, milli mədəniyyətin və Qarabağ həqiqətlərinin dünyada müdafiəsi, Prezident İlham Əliyevin dövlət kursunun sosial, humanitar, mədəni və diplomatik sahələrdə tamamlanması. Xanım liderin siyasi tərcümeyi-halını bir anlayışla ifadə etmək gərək olarsa, həmin söz Vətəndir.
Qadın liderliyi: Şərqdən müasir dövlət siyasətinə
Qadının siyasi liderliyi nə Qərbin ixtirası, nə də müasir dövrün kəşfidir. Siyasi tarix qadının ailə daxilindəki müqəddəs vəzifələrinin onun dövlət həyatındakı fəal iştirakını, yüksək status qazanmasını istisna etmədiyini dəfələrlə göstərib.
Uzaq tarixə qayıtsaq, Kleopatranın siyasi fəaliyyətinin arxasında Roma gücü qarşısında Misirin manevr imkanlarını qorumaq dayanırdı. Azərbaycan dövlətçilik tarixində Sara Xatun Ağqoyunlu hökmdarı Uzun Həsənin ən mühüm diplomatik vasitəçilərindən biri kimi xarici münasibətlərdə iştirak edirdi. Sara Xatun göstərirdi ki, Şərqin patriarxal siyasi çərçivəsi daxilində də qadın üçün real diplomatik xidmət məkanı yarana bilər.

Nizaminin "İsgəndərnamə"sindəki Nüşabə isə tarixi şəxsiyyətdən daha çox siyasi-mədəni arxetipdir. Düşmən qarşısında ağlını və dövlət ləyaqətini itirməyən qadın hökmdar obrazının Azərbaycan ədəbi və ictimai fikrində əsrlərdir yaşayır. Sara Xatun, Nüşabə, Xurşidbanu Natəvan kimi simalar hakimiyyətdə tutduqları yerdən asılı olmayaraq, Azərbaycan cəmiyyətində qadının ictimai nüfuzuna dair tarixi yaddaş formalaşdırıblar.
XX əsrin və müasir dövrün qadın liderləri də müxtəlif siyasi nümunələr yaradıblar. Qolda Meirin bioqrafiyasını İsrailin ağır müharibə illərindən, Marqaret Tetçerin irsini Britaniya beynəlxalq rolunun güclənməsindən, iqtisadiyyatda struktur dəyişikliklərindən və Folklend adaları uğrunda qətiyyətli qərarlarından ayırmaq mümkün deyil.

Sun Meylinin siyasi fəaliyyəti də oxşar milli çağırışlar qarşısında diqqətəlayiq addımlardır. Çan Kayşinin həyat yoldaşı rəsmi statusundan daha geniş siyasi çəkiyə malik idi. Müharibə aparan Çinin ABŞ-dakı ən güclü ictimai-diplomatik simalarından birinə çevrilərək Amerika siyasi elitasında ölkəsi üçün dəstəyin səfərbər olunmasına ciddi təsir göstərmişdi.
Mehriban Əliyeva dünyada xanım liderlərin heç birinin təkrarı deyil. Onun siyasi yolu ərazi itkisinə qarşı mübarizə, müharibənin ağır sosial nəticələri və Qələbəyə aparan uzun hazırlıq illərinin içərisindən keçib. Qarabağ savaşı həm də məcburi köçkün və qaçqın qadınların, şəhid həyat yoldaşlarının, anaların, bacıların və qızların taleyini müəyyənləşdirib.
Heydər Əliyev məktəbi – məsləkdaşlıqdan siyasi irsin qorunmasına doğru
Mükəmməl təhsil kamillik məktəbinin yalnız bir hissəsidir. İnsan müşahidə etdiyi qərarlardan, yaşadığı çətinliklərdən, ailəsində gördüyü davranış üsulundan və mənsub olduğu intellektual mühitdən daha dərin siyasi düşüncə əldə edir.

Mehriban Əliyevanın siyasi formalaşmasını 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılmasından başlamaq düzgün olmazdı. Onun dövlətçilik təcrübəsinin kökləri Azərbaycanın müstəqilliyinin ən ağır illəri və Heydər Əliyevin idarəetmə məktəbi ilə birbaşa bağlıdır.
Mehriban Əliyeva 1990-cı illərin dövlətçilik böhranını, hakimiyyət uğrunda silahlı mübarizələri, milyona yaxın qaçqın və məcburi köçkünün ağır humanitar vəziyyətini siyasi tarix kitablarından öyrənməyib. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan bir şəxsiyyətin ümummilli lider statusuna yüksəlişini, dövlətin dağılmaq təhlükəsindən necə çıxarılmasını, böhran vəziyyətində qərarvermə tərzini, daxili siyasi qarşıdurmaların idarə edilməsini, xarici siyasi manevrləri, atəşkəs qərarını, neft strategiyasını və böyük dövlətlərin ziddiyyətli maraqları arasında Azərbaycanın müstəqil kursunun qurulmasını yaxından müşahidə edib, bəzən məsləhətçi, məsləkdaş və silahdaş olub.

Heydər Əliyev məktəbinin, siyasətinin və idealının ən ağır, tamamlanmamış məsələsini Qarabağ konfliktinin həlli təşkil edirdi. XIX əsrin əvvəllərindən Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirən Kürəkçay anlaşması, ardınca Gülüstan və Türkmənçay müqavilələri regionun tarixi coğrafiyasını yenidən cızdı, xalqımızın taleyinə iki əsrdən artıq zərbə vurdu. XX əsrin sonlarında Qarabağın işğalı itkilər silsiləsinin davamı və hələ tam formalaşmayan milli dövlətin qarşısında dayanan ən ağır vəzifələrdən biri oldu. Ona görə də iki xalq arasında davam edən çoxəsrlik münaqişə milli dövlət uğrunda mübarizənin, tam suverenliyin, məcburi köçkün həyatının, milli yaddaşın, ordu quruculuğunun, beynəlxalq hüququn və gələcək nəsillər qarşısında məsuliyyətin kəsişdiyi yoldur. Mehriban Əliyevanın fəaliyyətinin əsas mahiyyətini və istiqamətlərini öyrəndiyi, uğurla keçdiyi siyasi irsin davamı təşkil edir.
Birinci xanım institutu: protokoldan siyasi missiyaya
İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi ilə Mehriban Əliyevanın ictimai fəaliyyətində yeni mərhələ başlandı. Azərbaycanda Birinci xanım institutunun əvvəlki dövrlərdən qalma oturuşmuş ənənəsi yox idi. SSRİ-nin ilk prezidentinin həyat yoldaşından fərqli olaraq, o, təkəbbürlə deyil, həqiqi şəfqəti ilə cazibə qazandı və ictimai şüurda ədalətli, qətiyyətli, həm də qəlbli bir qadının ideal, qüsursuz obrazı yarandı, hakimiyyət və sərt məmuriyyət sinfini köklü dəyişdirdi.
Sovet siyasi sistemində dövlət rəhbərlərinin həyat yoldaşları adətən ictimai-siyasi fəaliyyətin önündə görünmürdülər. Akademik Zərifə Əliyevanın nümunəsi isə başqa idi: o, dövlət rəhbərinin həyat yoldaşından əvvəl mənsub olduğu nəslin tərcümeyi-halı, sadəliyi, təvazökarlığı və yaratdığı elmi məktəblə nüfuz qazanmışdı.
Mehriban Əliyeva Birinci xanım statusunu formal protokol tələbləri çərçivəsində saxlaya bilərdi. Lakin keçdiyi siyasi məktəb və daxilində formalaşan millətə xidmət idealı onun fəaliyyətinə başqa məzmun verdi. Hökumətlə xalq arasında körpü olmaqla, o, “Hökmdar” əsərindəki ideoloji doqmaları və bəzən Şərqə xas mövhumatı, dünyəvilikdən uzaq klerikal normaları, məscidin – kilsənin siyasətə müdaxiləsini istisna etdi, insan simalı hakimiyyət obrazını gücləndirdi, siyasi fəlsəfəsi ilə idarəetməyə sadəlik, əlçatanlıq və xeyirxahlıq gətirdi. Yüz minlərlə vətəndaşın ona müraciəti bürokratik aparatdan yorulan adamların Prezidentdən sonra ən çox üz tutduğu və ədalət tapdığı ünvan oldu. Xanım Əliyeva ənənə və müasirlik arasında yaratdığı balansla, ona bənzəməyə çalışan milyonlarla insanın rəğbətini hökumət və xalq arasında körpüyə çevirməklə özünə böyük mənəvi hakimiyyət qazandı.
Vatikan kilsəsindən Qarabağ məscidlərinə: dini narrativdən mədəni etimada

Mehriban Əliyevanın Vatikanla qurduğu uzunmüddətli əlaqələrin nəticəsi torpaqların azadlığından sonra daha aydın görünməyə başladı. 2025-ci ildə o, Müqəddəs Pyotr Bazilikasında aparılan bərpa işləri ilə tanış oldu, Apostol Kitabxanasını ziyarət etdi.
İrəvan uzun illər Avropa ictimai və siyasi dairələrində özünü "xristian Ermənistan" narrativi üzərindən təqdim etməyə və münaqişəyə dini-etnik çalar verməyə çalışırdı. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinin qorunmasına töhfə verməsi isə şəbəkəli, qərəzli və mahiyyətcə işğalı qorumağa xidmət edən təbliğata əməli cavab idi. İsanın müqəddəs ayələrini dünyaya bir fərqli dinin daşıyıcısının çatdırması torpaq bütövlüyünün daha uzaqgörən humanitar mübarizə cəbhəsini təşkil edirdi.

Romadakı katakombaların və dünyada ehtiram qazanmış xristian irs nümunələrinin bərpasının siyasi nəticələrini 44 günlük müharibənin yekunu daha aydın göstərdi. Qarabağ azad olunandan sonra illərlə yığılan mənəvi kapital, beynəlxalq tərəfdaşlar və aparılan əməli təbliğat Qələbəmizin legitimliyinin qəbulunda müstəsna rol oynadı. Ağdamın, Şuşanın, Zəngilanın və digər ərazilərin dağıdılmış məscidləri, qəbiristanlıqları və tarixi abidələri dünyaya yayılanda Azərbaycan başqa dinlərin irsinə münasibətini artıq əyani sübut etmişdi.
Papa XIV Leo ilə görüş uzunmüddətli münasibətin yeni mərhələsi oldu. Roma katakombaları ilə Qarabağın məscidləri arasında ayrılmaz ilahi əlaqə var: tarixi irs dini mənsubiyyətindən asılı olmayaraq qorunmalıdır.
UNESCO: beynəlxalq təşkilat daxilində Qarabağ mübarizəsi
Mehriban Əliyevanın uzun illər UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti mədəni diplomatiyanın daha mürəkkəb sahələrindən biri olub. UNESCO humanitar layihələrin keçirildiyi platforma olmaqla yanaşı, mədəni irsin qorunmasına dair beynəlxalq prinsiplərin formalaşdırıldığı əsas institutlardan biridir.
İşğal altındakı torpaqlarda tarixi və dini abidələrin dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və mədəni yaddaşın silinməsi binası Parisdə qərarlaşan beynəlxalq təşkilatla əməkdaşlığı Qarabağ məsələsinə bağlamağı tələb edirdi.
Lakin işğaldan sonra daha bir beynəlxalq qurumun mahiyyəti qarşımızda açıldı. Əvvəlki sədr İrina Bokova ilə yüksək münasibətlər quran ölkəmizin xoşməramlı səfiri Yeliseyin yardımı ilə sədrliyə gələn Odri Azulayın üzərindən rəsmi Bakı əleyhinə aparılan qərəzli kampaniyaya qarşı sərt və cəsarətli addımı ilə cavab verdi. Mehriban Əliyevanın 2022-ci ilin noyabrında uzun illər daşıdığı xoşməramlı səfir statusundan imtinası Fransa Senatının qəbul etdiyi 20 noyabr 2020-ci il tarixli ikinci erməni dövləti qurmağa dair qətnamənin yaratdığı siyasi atmosfer də nəzərə alınanda ən düzgün cavab reaksiyası sayıla bilər.
2017-ci il: uzunmüddətli fəaliyyətin dövlət statusuna çevrilməsi
21 fevral 2017-ci ildə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uzun illər ərzində qazanılmış nüfuz və məsuliyyətin ilk dəfə rəsmiləşməsi idi. Həm siyasi elita, həm də cəmiyyət tərəfindən ölkənin faktiki "ikinci şəxsi" kimi qəbul edilən xanım lider mənəvi, intellektual və əxlaqi uyğunluq baxımından tək namizəd idi. O, nə tarix, nə də xarici rəqiblərlə vuruşurdu, əksinə yalnız bir amalla çalışır, millətinə xidmətin yeni meyarlarını yaradırdı.
Prezident özünün əlamətdar qərarını - Üçüncü Respublikanın tarixində Birinci vitse-prezidentin təqdimatını Aprel müharibəsindən sonra Təhlükəsizlik Şurasının keçirdiyi ikinci iclasında verirdi. Qərarın fövqəladiliyi səbəbsiz deyildi.

Müharibə təhlükəsinin aradan qalxmadığı, ölkənin mürəkkəb geosiyasi mühitdə yerləşdiyi dövrdə dövlətin ikinci sütunu daxili və xarici risklərdən qorunmanın təminatçısı kimi çıxış edirdi. İqtisadi, regional və müxtəlif qrup maraqları ətrafında paralel təsir mərkəzlərinin yaradılması hakimiyyətin qərarvermə qabiliyyətini zəiflədən hadisədir. Makiavelli hələ 15-ci əsrdə daxili qruplaşmaların geniş nümunələrini göstərmişdi. Müasir Türkiyədə əvvəlcə Balyoz, daha sonra Ergenekon əməliyyatını təşkil edib AKP-yə sadiq qüvvələri iqtidardan təmizləyəndən sonra 2016-cı ilin iyul çevrilişinə əl atan qüvvələr sübut etdilər ki, güclənən bir dövləti ələ keçirmək üçün hər zaman Feto layihəsinə bənzər ssenarilər həyata keçirilir. Xüsusilə də, 2013-cü ilin Milyarderlər İttifaqı adı altında Rusiyada müəyyən dairələrin Azərbaycan əleyhinə qurduğu siyasi işğal planı bütün layihələri zərərsizləşdirən qərarları tələb edirdi. Mehriban Əliyevanın ikinci şəxs statusu Prezidentin kursuna alternativ mərkəz yaratmaq planlarını iflasa uğratdı, siyasi komandanın vahid kurs və amallar ətrafında monolitliyinə, strateji məqsədlər naminə çalışmasına töhfə verdi. 1990-cı ilin acı təcrübəsi göstərirdi ki, xarici düşmənlə savaşdan öncə hakimiyyət komandasının birliyi bir nömrəli vəzifədir.
Yeni Hakimiyyət quruculuğunun anonsuna çevrilən təyinat kadr, struktur və institusional dəyişikliklərin leytmotivi oldu. Ölkə iki əsrlik savaşa hazırlığın son mərhələsindəydi. Vətən müharibəsi İlham Əliyevin uzaqgörən qərarının doğruluğunu sübut etdi. Yalnız ailə bağları amilinə istinad edib beynəlxalq kampaniya təşkil edən Nyu York Tayms və eyni səngərdə əleyhimizə vuruşanlar düşmənlə birgə məğlub oldular.
O, sübut etdi ki, hakimiyyəti və siyasi nüfuzu prezident ailəsindəki imtiyazına görə qazanmayıb, əksinə şəxsi keyfiyyətləri və mübarizəsi ilə haqq etdiyi yüksək mövqeyi ilə idarəetməyə mərhəmət gətirib. Xalqın ona sevgisinin əsasında məhz ədalətli olması dayanır. Respublikanın coğrafi, etnik və milli camiası üçün də, regionçuluq ittihamı ilə hakimiyyətə müxalif olanlar da onun obrazı ətrafında birləşə bilirdilər.
Prezidentin yanında tam etibar etdiyi ikinci siyasi şəxsin olması qərarların koordinasiyasını və hakimiyyətin vahidliyini gücləndirdi. İki xarizmatik lider üzərində dövlət qurulurdu. İlham Əliyev hakimiyyətin onurğa sütunu və beynəlxalq zəmanətli imzası idisə, Mehriban Əliyeva həm daxildə, həm də xaricdə heyran edilən parlaq siması idi.
Aprel 2016: siyasi rəhbərlik cəbhə xəttində

2016-cı ilin Aprel döyüşləri Vətən müharibəsinə aparan yolda ayrıca mərhələdir. Azərbaycan cəmiyyəti 1994-cü ildən sonra ilk dəfə ordunun işğal edilmiş mövqelərin bir hissəsini geri ala bildiyini gördü. Döyüşlər əvvəlki status-kvonun toxunulmaz olmadığına dair ilk ciddi hərbi sübut idi.
Lələtəpə strateji yüksəklik olmaqla yanaşı, cəmiyyətdə məğlubiyyət kompleksinin, qorxunun və daimi itkilər silsiləsinin sındırıldığı simvollardan birinə çevrildi.
Döyüşlərdən dərhal sonra Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Tərtər-Xocavənd zonasına getməsi xüsusi məna daşıyırdı. Müasir müşahidə vasitələri və uzaqvuran silahlar təmas xəttinə yaxın ərazidə dövlət rəhbərliyinin fiziki iştirakına təhlükəsizlik riskləri yaradırdı. Lakin əyani görüşün cəmiyyətə verdiyi mesaj istənilən bəyanatlardan daha güclü oldu: Ali Baş Komandan savaş coğrafiyasında əsgərinin, Birinci xanım isə vətəndaşının yanındadır, vahid səngəri və taleyi bölüşürlər. Üstündən illər keçəcək, eyni səhnələr daha böyük miqyasda dəfələrlə təkrarlanacaq. “Mən sizin kimi qardaşlarımla fəxr edirəm” nidası ilə qazilərə müraciət edən Mehriban Əliyevanın dövlətə səngər yoldaşı və döyüşçü kimi baxan gələcək orduya ən güclü təsir vasitəsi sayıla bilər. Hökumət şəhid ailəsinin və yaralı hərbçinin sosial təminatını həll edə bilər, lakin övladını itirmiş ananın ağrısını və ya torpağı azad etmək duyğusunu inzibati mexanizmlə verə bilməz. Dörd ildən sonra Vətən müharibəsi insani münasibəti bütün ölkə miqyasında sınağa çəkdi.
Vətən müharibəsi: dövlətin bütün imkanlarının sınağı
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin əvvəlki onilliklər ərzində topladığı bütün imkanları nümayiş etdirdi. Ordu döyüşürdü.
Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi əməliyyatların strateji rəhbərliyini həyata keçirir, paralel olaraq beynəlxalq televiziya kanallarına verdiyi müsahibələrlə dövlətin hüquqi və siyasi mövqeyini müdafiə edirdi. Mehriban Əliyeva isə müharibənin insan talelərinə düşən yükünü bölüşür, yaralı əsgərin, şəhid ailəsinin və arxa cəbhənin rəhbərliyində dayanırdı.
Qələbənin qadın siması
Svetlana Alekseyeviç məşhur əsərinə "Müharibənin qadın üzü yoxdur" adını vermişdi. Azərbaycanın Vətən müharibəsi isə başqa bir həqiqəti göstərdi: Qələbənin xanım siması var.

Zəfəri Silahlı Qüvvələrimiz döyüş meydanında qazandı, onun strateji rəhbəri Ali Baş Komandan İlham Əliyevdir. Lakin müharibə aparan millət yalnız səngərdəki əsgərlərdən ibarət deyil. Azərbaycan qadını müqəddəs 44 gündə ana, həkim, müəllim, jurnalist, könüllü, dövlət qulluqçusu, şəhidin həyat yoldaşı, qazinin anası və bacısı kimi müharibənin bütün sosial qatlarında iştirak edirdi.
Savaş günlərində Azərbaycan qadınının daşıdığı mənəvi yükün dövlətin zirvəsində görünən siması Mehriban Əliyeva idi.
Xanım liderin hərbi forma geyinməsi də milli ruhda ən güclü təsir yaradan hadisələrdən biri oldu. Dövlətin ikinci şəxsi siyasi titullarını arxa plana keçirərək özünü döyüşən ordunun mənəvi sırasında görürdü, səngərdə əsgərlə, təqaüdünü Orduya verən nənə ilə, həyat yoldaşının cisminə çiyin verən qadınla eyni insani ağrının və iradənin içində olduğunu nümayiş etdirirdi.
Mehriban Əliyevanın müharibə günlərində əsgər və zabitlərin həyatı üçün dua etməsi, hər kəsi Böyük Qələbəni yaxınlaşdırmaq üçün öz sahəsində “əsgər” olmağa çağırması əsl dövlət adamı və vətəndaş mövqeyi idi. Hakimiyyət zirvəsində dayanan azərbaycanlı qadın özünü mənən Ordudan ayırmır, itkilərin yükünü və insan ağrısını xalqla birlikdə daşıyırdı.
Şuşa Zəfəri – Qələbənin qadın obrazının kulminasiyası
Şuşanın azad olunması xəbərinin xalqa çatdırıldığı 8 noyabr 2020-ci il uzun siyasi və mənəvi yolun kulminasiyası oldu. Prezident İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə əvvəlcə Fəxri xiyabanda Ulu öndərin qarşısında qürurla hesabat verdilər, daha sonra Şəhidlər xiyabanına gəldilər və Şuşanın azad edilməsi xəbərini Prezident Sarayından, adətən əmrlərini və döyüş tapşırıqlarını verdiyi Baş Qərargah binasından deyil, məhz müqəddəs məkandan xalqına açıqladı. Dövlətçilik irsi, şəhidlərin qanı və Şuşa Zəfəri həmin gün eyni tarixi mənzərədə birləşirdi. Mehriban Əliyevanın Qələbənin elan olunduğu anda Prezidentin yanında olması isə Azərbaycanın torpaq bütövlüyü uğrunda kişilərlə çiyin-çiyinə mübarizə aparmış qadınlarının dövlətin zirvəsindəki ən parlaq obrazlarından birini göstərirdi. Şuşanın azadlığı müharibənin yükünü ailəsində, şəhid və məcburi köçkün talelərində daşıyan qadınların da mənəvi qələbəsi idi.

Şəhid portreti və dövlətin mənəvi borcu
Şəhidlərin xatirəsinə həsr olunmuş ümumxalq yürüşündə Prezident İlham Əliyevin və Mehriban Əliyevanın hər birinin ayrı şəhid portreti ilə xalqın içərisində addımlaması millətimizin siyasi yaddaşının ən güclü görüntülərindən biridir. Mərasimə ruhların qalibiyyət paradı adını verənlər yanılmırdılar. Dünya tarixində belə səhnələr nadir hallarda baş verir. Zəfər xiyabanlarının ətrafında qurulan izdiham Qələbədən sonra paytaxtın baş meydanında qalib ordunun nizami keçidini xatırladırdı.

Dövlətin birinci və ikinci şəxsi vətəndaş kimi şəhidin şəklini, ruhunu, gerçəyə çevrilən arzularını daşıyırdı. Hər portretin arxasında ayrıca insan, fərqli ailə, lakin eyni tale dayanırdı. Şəhidlərin canlı yürüşünün mənası daha böyük idi: torpaq uğrunda canını qurban verən hər bir azərbaycanlı övladının arxasında ailəsi ilə yanaşı, dövləti dayanır.
Şuşadan Xankəndiyə: Qələbənin dövlət quruculuğuna çevrilməsi

8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Qarabağ müharibəsinin zirvəsi oldu. Yeni əsrin texnoloji savaşı əcdadların arzuladığı döyüşləri aparmağa imkan verdi. Birinci cəbhədə ordu, onunla birlikdə Ali Komandan informasiya, diplomatiya və bütün meydanlarda birbaşa döyüşürdü. İki gün sonra milyonlarla insanın küçə və meydanlarda sevinc törəni bir neçə formasiyalıq məğlubiyyətə son qoyulmasının təntənəsiydi. Artıq Qarabağın mədəni paytaxtı, Natəvanın şəhəri, Azərbaycan muğamının əsas mərkəzlərindən biri yenidən ölkənin real siyasi və mədəni coğrafiyasına qayıdırdı.

Zəfərdən sonra Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərləri başladı. Mehriban Əliyevanın ziyarətlərin əksəriyyətində Prezidentlə çiyin-çiyinə addımlayaraq, savaşı qalibiyyətə gətirən əsgərlə eyni yolu keçdilər, döyüş əmrlərinin nəticələrini yerində yoxladılar və müharibənin sənədli salnaməsini yaratdılar.
Azad torpaqların vizual arxivi
Şərq cəmiyyətləri tarix boyu böyük hadisələr yaşayıb, yaradıb, lakin savaşın, itkinin, Qələbənin, quruculuğun və qayıdışın ardıcıl vizual sənədləşdirilməsi həmişə mümkün olmayıb.

Mehriban Əliyevanın çəkdiyi Xudafərin, Həkəri, Şuşaya aparan yollar, dağıdılmış yaşayış məntəqələri, avtomobildə Prezidentin söylədiyi səmimi nitqlər və azad vətəndə qurulan yeni həyat bir neçə ilin içində işğaldan quruculuğa keçidin ardıcıl vizual tarixidir, Prezidentin Qələbə salnaməsinin canlı arxividir. Əvəzsiz kadrlar bir anın əfsanələşəcək görüntülərdir, zaman keçdikcə sosial şəbəkə paylaşımı statusundan çıxaraq xilas edilmiş yurdların ilkin pasportuna çevrilir, Prezidentin birinci səfərlərini, uzun ayrılıqdan sonra ziyarətlərdə yaşanan insani həyəcan və sevinci, dağıntıdan quruculuğa keçidi göstərən tarixi mənbələrə dönür, hard diskləşir. Yaddaşdan kənara insan və millət yoxdur.
Azərbaycan qadınının keçdiyi yol
Birinci Qarabağ müharibəsinin qadın obrazı böyük ölçüdə itki ilə bağlıdır: şəhid anası, qaçqın qadın, məcburi köçkün ana, ağır sosial şəraitdə ailəsini qorumağa çalışan insan. 2020-ci ildə davamlı ağrı yeni obrazla əvəzləndi - qalib əsgər yetişdirən Azərbaycan qadını!
İndi dövlət protokolunun, ictimai həyatın və yaradıcı dünyamızın əsas surəti odur. Qalib ordu yetişdirən qadının güclü siması dövlətin ən yüksək pilləsində Mehriban Əliyevanın millət sevdasında, döyüşlərin dördüncü günü yaralı əsgərləri ziyarətində gizlətdiyi qəlbən ağrısında, şəhid yadigarlarına əzizləri kimi bağrına basmasında və nəhayət, mənsub olduğu xalqın qalibiyyətinə sonsuz inamında təzahür edir.
Yekun: Qələbənin xanım siması
Keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdırlar.
Azərbaycanın işğaldan Qələbəyə, Zəfərdən Böyük Qayıdışa keçdiyi tarixi dövrdə Mehriban Əliyevanın yeri də millətimizin taleyi ilə müəyyənləşir. Ailəyə sədaqət və mənəvi dayaq onun siyasi fəaliyyətində də həmişə öndə olub.
Prezident İlham Əliyevlə çiyin-çiyinə keçilən şanlı bir yolun əvvəlində işğal altında torpaq, ən ağır nöqtəsində müharibə, zirvəsində Qələbə, sabah isə qurulan Qarabağ və inşa olunan Yeni Vətən dayanır!
Avqust Mehriban Əliyevanın təvəllüdü ilə İlham Əliyev hakimiyyətinin başlandığı tarixi aydır!
Qələbəyə gələn yolun xanım siması indi Azərbaycanın başladığı Qalib Yüz İlin də siyasi müəlliflərindən biridir!

Şərhlər