Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə Sabunçu rayonu, Ülvi Rəcəb küçəsi 64 ünvanında, “Firuzə” Şadlıq Sarayının qarşısında, “Optimal Electronics” mağazasının arxa hissəsində guya ağacların məhv edilməsi ilə bağlı əsassız məlumatlar yayılıb. Sözügedən məlumatlarda ağacların kökündən çıxarıldığı, daha sonra isə ərazidə tikinti işlərinin aparıldığına dair həqiqətə uyğun olmayan iddialar yer alıb.
Məsələ ilə bağlı “AzPolitika”ya açıqlama verən Həsənov Elmixan Həsən oğlu yayılan məlumatların tamamilə reallıqdan kənar və əsassız olduğunu bildirib.
E. Həsənovun sözlərinə görə, sözügedən hadisə bu ilin yanvar ayında baş verib. Onun bildirdiyinə görə, həmin dövrdə paytaxtda güclü küləklər olub və küləyin təsiri nəticəsində bir sıra ağaclar aşıb.
O qeyd edib ki, ağacların aşmasından sonra məsələ ilə bağlı “Firuzə” Şadlıq Sarayı tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Daha sonra əraziyə Yaşıllaşdırma İdarəsinin əməkdaşları gəlib və vəziyyətlə yerində tanış olublar.
E. Həsənov bildirib ki, əraziyə baxış keçirən Yaşıllaşdırma İdarəsinin əməkdaşları ağacların vəziyyətini qiymətləndirərək onların kəsilməsi barədə qərar qəbul ediblər. Bundan sonra sözügedən ağaclar müvafiq qurumun əməkdaşları tərəfindən kəsilib
O, bəzi şəxslərin hadisəni sonradan başqa formada təqdim etdiyini və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edildiyini bildirib:“İndi kimlərsə aylar sonra ekologiyaya şikayət edir, yalan məlumat verir ki, guya burada ağaclar kəsilib. Bunların hamısı yalan məlumatdır, əsassızdır”.
Elmixan Həsənovun sözlərinə görə, hadisənin baş verdiyi vaxt ərazidə ağacların kəsilməsi ilə bağlı qərar aidiyyəti qurumun əməkdaşlarının iştirakı ilə verilib və bu səbəbdən məsələni qanunsuz ağac kəsilməsi kimi təqdim etmək düzgün deyil.
O, həmçinin bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da yaxın zamanda əraziyə gəliblər. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib, məsələ ilə bağlı söhbət aparıblar.
E. Həsənovun sözlərinə görə, ərazidə hər hansı qanun pozuntusundan söhbət gedə bilməz:
O əlavə edib ki, ərazidə baş verənləri təsdiqləyən videogörüntülər də mövcuddur.
Onun sözlərinə görə, həmin görüntülərdən ağacların məhz güclü küləyin təsiri nəticəsində aşdığı aydın görünür.
“AzPolitika” olaraq məsələni diqqətdə saxlayacağıq.
“AzPolitika.info”



Şərhlər