Xarkov vilayətindəki döyüş meydanından təkbaşına iki yaralı əsgəri təxliyə edən kiçik leytenant Vladislav Polskiyə “Ukrayna Qəhrəmanı” adı verilib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Prezident Volodimir Zelenski xüsusi fərman imzalayıb. Ukrayna mediasında zabitin qəhrəmanlığını əks etdirən görüntülər yayımlanıb.

Zelenski qeyd edib ki, Polskini "döyüş vəziyyətində göstərdiyi cəsarətli reaksiyaya və əsgərlərimizin həyatını xilas etdiyinə görə" mükafatlandırmaq qərarına gəlib.

Hadisə avqustun 15-də, qaynar döyüşlərin getdiyi cəbhə xəttində baş verib. İki ukraynalı əsgər döyüş tapşırığını yerinə yetirirərkən ağır yaralanıb. Əlavə itkilər olmasın deyə, yaralıların olduğu nöqtəyə yerüstü təxliyə robotu göndərilib. Lakin ruslar PUA ilə həmin robotu vurublar və ərazini dron nəzarətində saxlayıblar. Buna baxmayaraq, Vladislav Polski adi, zirehsiz pikapla həmin nöqtəyə gələrək, öz rotasında qulluq edən əsgərlərini xilas edib. Zelenski bunu ”bir komandirin nümunə götürüləcək hərəkəti” adlandırıb. “Biz insanlarımızın qayğısına qalmalıyıq. Təşəkkür edirəm, Vladislav!”, - deyə prezident axşam çıxışında bildirib.

Əlavə edək ki, hər iki əsgərin sağ qaldığı qeyd olunur.

“AzPolitika.info”