Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə Azərbaycanla sərhəddə yerləşən anklav və eksklav məsələsinə dair İrəvanın rəsmi mövqeyini açıqlayıb. Hökumət başçısı bildirib ki, bu məsələ uzunmüddətli sülhün və birgəyaşayışın təmin olunması, habelə sərhədyanı ərazilərdə yaşayan insanların maraqlarına uyğun şəkildə həll edilməlidir.

"AzPolitika” “ xəbər verir ki, Paşinyan Bakı və İrəvan arasında razılaşdırılmış delimitasiya prinsiplərinə diqqət çəkərək, prosesin 1991-ci il Alamatı Bəyannaməsi əsasında aparıldığını xatırladıb. O qeyd edib ki, Bəyannamənin qəbul edildiyi tarixə olan xəritələrə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisinə daxil deyil və bu, qəbul edilməli olan hüquqi faktdır. 

Ermənistan hökumətinin başçısı Qərb istiqamətində sərhədin bir hissəsinin artıq müvafiq xəritələr əsasında delimitasiya olunduğunu xatırladıb və növbəti mərhələlərin də eyni baza prinsipləri ilə davam etdiriləcəyini vurğulayıb.

“AzPolitika.info”