Azərbaycanda növbəti tədris ilinin başlaması ilə yanaşı, ölkənin sosial-iqtisadi həyatı üçün kifayət qədər ciddi məsələ yenidən gündəmə gəlir: Ali təhsil diplomu alan minlərlə gəncin əmək bazarına daxil olması. Rəsmi statistikaya görə, bu il ölkənin ali məktəblərinin bakalavrian və magistratura pillələrindən 63 mindən çox tələbə məzun olub. Onlar üçün əsas mərhələ indi başlayır: iş tapmaq, karyera nərdivanının ilk pilləsinə ayaq qoymaq amma bu, elə də asan məsələ deyil. Çünki təhlillərə əsasən, ölkədə gənc məzunların işlə təmin olunma göstəricisi kifayət qədər narahatedicidir.

Statistika göstərir ki, Azərbaycanda ali məktəb məzunlarının yalnız 40-45%-i bitirdikdən sonra öz ixtisasına uyğun iş tapa bilir. Ölkədəki ali təhsil müəssisələrinin böyük hissəsində məzunların yarıdan çoxu işsiz qalır və ya ixtisasdankənar sahələrdə çalışmağa məcbur olur. İşlə təminatın ən yüksək olduğu sahələr neft-qaz, İT və mühəndislik profilli universitetlərdir (70-75%), pedaqoji, humanitar və aqrar ixtisaslarda isə bu göstərici kəskin şəkildə aşağı düşür (35-45%).

Qeyd olunduğu kimi 63 mindən artıq tələbə məzun oldu. Paralel olaraq, 65 mindən çox abituriyent tələbə adını qazanaraq ali məktəblərə qədəm qoyur. Ancaq rəqəmlərin arxasında duran əsas sual açıq qalır: Ölkə iqtisadiyyatının real olaraq bu qədər yeni kadra ehtiyacı varmı və təhsil sistemi ilə əmək bazarı arasındakı tələb-təklif balansı necə tənzimlənir?

Universiteti bitirən gənclərin qarşısında duran ilk və en böyük maneə ixtisaslarına uyğun vakansiyaların azlığı və ya işəgötürənlərin tələb etdiyi real bacarıqlarla ali məktəb proqramları arasındakı uyğunsuzluqdur. Ali təhsil müəssisələrinə qəbul planı formalaşdırılarkən əmək bazarının uzunmüddətli proqnozları nəzərə alınmadığı üçün hər il minlərlə gənc "diplomlu işsiz" statusu almaq riski ilə üzləşir.

Azərbaycanda əmək bazarının təhlili göstərir ki, kadr tələbatı ilə ali məktəblərin buraxılış strukturu arasında ciddi disbalans mövcuddur. Məsələn, hüquqşünaslıq, iqtisadiyyat, menecment, beynəlxalq münasibətlər, pedaqogikanın bəzi sahələri və humanitar profilli ixtisaslar üzrə hər il minlərlə kadr məzun olur. Lakin dövlət və özəl sektorda bu sahələr üzrə vakansiya sayı məzunların sayından dəfələrlə azdır. Bunun əksinə, İT və proqramlaşdırma, data analitikası, müasir mühəndislik (xüsusilə bərpa olunan enerji və kənd təsərrüfatı texnologiyaları), logistika, keyfiyyətə nəzarət və biotexnologiya kimi sahələrdə ciddi kadr çatışmazlığı yaşanır.

Beləliklə, ən böyük problemlərdən biri təhsil və əmək bazarı arasında vahid monitorinq və proqnozlaşdırma mexanizminin tam formalaşmamasıdır. Ali məktəblər çox vaxt əmək bazarının deyil, öz professor-müəllim heyətinin yükünü təmin etmək və ya tələbə qəbulu sayını yüksək saxlamaq prinsipi ilə plan yerləri ayırırlar.

Nəticədə məzunların böyük hissəsi öz sahəsində iş tapa bilmədiyi üçün xidmət, satış, rieltorluq və ya digər aşağı kvalifikasiyalı sahələrə yönəlməyə məcbur olur. Məlum olduğu kimi özəl sektor hazır, praktiki biliklərə malik kadr axtarır. Ali məktəblərin nəzəriyyəyə əsaslanan proqramları isə tələbəyə real iş mühitinin tələb etdiyi bacarıqları qazandırmaqda çətinlik çəkir.

Ekspertlərin fikrincə, 60-65 minlik illik tələbə axınının iqtisadiyyat üçün yükə deyil, hərəkətverici qüvvəyə çevrilməsi üçün köklü addımlar atılmalıdır. İlk növbədə qəbul planı tənzimlənməlidir. Bazarda sıxlıq yaradan ixtisaslar üzrə qəbul yerləri azaldılmalı, gələcəyin texnoloji və mühəndislik ixtisaslarına dövlət sifarişi yerləri artırılmalıdır. Tələbələrin 3-cü və 4-cü kurslardan etibarən real istehsalat və özəl şirkətlərdə ödənişli təcrübə keçməsi məcburi modelə çevrilməlidir.

Bununla yanaşı peşə təhsilinin təşviqi də çox vaibdir. Hər kəsin ali təhsil alması zərurəti aradan qaldırılmalı, əmək bazarında daha çox tələbat olan texniki peşə təhsili sisteminə maraq artırılmalıdır.

Diplom sahibi olmaq hələ karyera zəmanəti demək deyil. Əgər təhsil strategiyası iqtisadiyyatın real ehtiyacları ilə uzlaşdırılmazsa, hər il artan məzun sayı sosial-iqtisadi gərginliyi və kadr axınını artıran faktora çevriləcək.

E.Rüstəmli

“AzPolitika.info”