Son illərdə Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında qurulan geosiyasi və iqtisadi körpü təkcə iki regionu yaxınlaşdırmır, bütövlükdə Türk dünyasının strateji xəritəsini yenidən formalaşdırır. Bu tarixi və konyuktur dəyişikliklərin mərkəzində duran əsas drayverlər isə şübhəsiz ki, Azərbaycan və Özbəkistandır.

İki qardaş ölkə arasında müşahidə olunan dinamika sadəcə ənənəvi diplomatik təmaslarla sərhədlənmir; bu əlaqələr real infrastruktur layihələri, sürətlə artan ticarət dövriyyəsi və qarşılıqlı strateji investisiyalarla zənginləşərək keyfiyyətcə yeni müstəviyə keçir.

Münasibətlərin hazırkı inkişaf tempini şərtləndirən ən mühüm amil liderlərin sıx dialoqu və güclü siyasi iradəsidir. Son beş il ərzində ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi, 2023-cü ildə Ali Dövlətlərarası Şuranın təsisi, 2024-cü ildə isə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması dövlətlərarası əlaqələri hüquqi və siyasi baxımdan pik nöqtəyə yüksəldib.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində münasibətlərin bünövrəsini belə səciyyələndirib: "İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb".

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət və investisiya əlaqələri son illərdə ümumilikdə sıçrayışlı artım nümayiş etdirir. Lakin bu mənzərədə Özbəkistanın tutduğu mövqe xüsusilə diqqət çəkir:

Azərbaycanın TDT məkanında ən böyük ticarət tərəfdaşı Türkiyədir (illik ticarət dövriyyəsi 6-7 milyard dollar civarındadır). İki ölkə arasında hədəf ticarət həcmini 15 milyard dollara çatdırmaqdır.

Özbəkistan hazırda Azərbaycanın TDT daxilində Türkiyədən sonra ikinci, Mərkəzi Asiya regionunda isə birinci ən böyük ticarət tərəfdaşına çevrilib.

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi də 500-600 milyon dollar intervalında dəyişir. Qazaxıstan xam neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə tranziti əsas oxu təşkil edir.

Qırğızıstanla iqtisadi əlaqələr inkişaf etməkdədir (Azərbaycan-Qırğız İnvestisiya Fondu vasitəsilə), Türkmənistanla isə əsasən Xəzər üzərindən logistika və enerjidaşıyıcıların tranziti üstünlük təşkil edir.

Bu ümumi fonda Özbəkistanla ticarət göstəricilərinin dinamikası unikal xarakter daşıyır. Dövlət başçısı iqtisadi sahədəki sıçrayışı bu rəqəmlərlə diqqətə çatdırıb:"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb".

Bu statistik artım təsadüfi xarakter daşımır. Sənaye kooperasiyası, avtomobil istehsalı və birgə investisiya layihələri artıq öz bəhrəsini verməkdədir.

500 milyon dollar kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkədə iqtisadiyyatın aparıcı sahələrini maliyyələşdirir.

Azərbaycanda özbək brendləri olan “Chevrolet” və “Isuzu” markalı avtomobil və avtobusların birgə istehsalı uğurla davam edir (iyulun ortalarına olan məlumata görə, 10 min 720 avtomobil və 275 avtobus konveyerdən çıxıb).

Qarşılıqlı sərmayə axını da intensivləşir. Özbəkistanda “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” hoteli və “Sea Breeze Uzbekistan” turizm kompleksinin inşası kimi irimiqyaslı layihələr icra olunmaqdadır.

Geosiyasi baxımdan Bakı və Daşkəndin ən strateji gedişlərindən biri Mərkəzi Asiyanı Avropa ilə bağlayan nəqliyyat və enerji dəhlizlərinin şaxələndirilməsidir. Tranzit daşımalarının həcmi 2025-ci ildə 6,7% artaraq 1,4 milyon tona, 2026-cı ilin ilk altı ayında isə 12,2% artaraq 675 min tona çatıb.

Dövlət başçısı nəqliyyat və enerji sahəsindəki geostrateji tərəfdaşlığı qiymətləndirərkən ticarət yollarının və enerji keçidinin əhəmiyyətini xüsusi vurğulayıb:"Nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət kəsb edir. Ölkələrimiz Şərq-Qərb nəqliyyat dəhlizinin, Orta Dəhlizin inkişafında fəal iştirak edir. Biz tranzit yükdaşımalarının həcminin artırılmasında, infrastrukturun modernləşdirilməsində və marşrutların rəqabətqabiliyyətliliyinin yüksəldilməsində birgə maraqlıyıq. Eyni zamanda, 'yaşıl enerji' sahəsində əməkdaşlığımız regionlarımızın enerji xəritəsini dəyişməyə qadirdir".

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası bütöv region üçün yeni iqtisadi arteriya açır. Bu tarixi layihə Şərqdən Qərbə yükdaşımaların müddətini 10-15 gün qısaltmaqla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit ötürücülük gücünü maksimuma çatdırır. Eyni zamanda, iki ölkə arasında gömrük prosedurlarının rəqəmsallaşdırılması və vahid logistik tarif politikasının tətbiqi yük axınının rəvanlığını təmin edir.

Neft-qaz sektorunda SOCAR və “Özbəknefteqaz”ın birgə müəssisələri ilə yanaşı, "yaşıl enerji" sahəsində də tarixi addım atılıb. Azərbaycan, Özbəkistan və Qazaxıstanın birgə təsis etdiyi “Yaşıl Dəhliz Birliyi” MMC Mərkəzi Asiyanın nəhəng bərpaolunan enerji potensialını Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropa bazarlarına nəql edəcək.

İkitərəfli münasibətlərin Türk Dövlətləri Təşkilatı (TDT) və regional inteqrasiya kontekstində qiymətləndirilməsi xüsusi diqqət çəkir. 

Azərbaycan Prezidentinin vurğuladığı kimi, Bakı və Daşkənd bu təşkilata sadəcə formal bir platforma kimi baxmır: "Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi əsas məqsədimizdir".

Bundan başqa, Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formata fəal qoşulması ilə əvvəlki “C5” formulu faktiki olaraq “C6” formatına transformasiya olunub. Bu, Azərbaycanın Mərkəzi Asiya regionu ilə geostrateji inteqrasiyasını yeni mərhələyə qaldırıb.

Humanitar və mədəni sahədəki bağlar xalqlararası inteqrasiyanın sosial dayaqlarını təşkil edir. Prezident İlham Əliyev müsahibəsində bu mənəvi tərəfdaşlığa toxunaraq bildirib:"Bizim humanitar sahədə əməkdaşlığımız xalqlarımızın qardaşlıq ruhuna söykənir. Füzulidə Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb Azərbaycan xalqı üçün qardaş Özbəkistanın göstərdiyi böyük həmrəylik və dostluq rəmzidir. Mədəniyyət günləri, elm və təhsil sahəsində birgə layihələr, şəhərlərimizin qardaşlaşması bu telləri daha da möhkəmləndirir".

Füzulidəki məktəb və salınan “Dostluq bağı”, Bakıda təməli qoyulan 5 hektarlıq “Özbəkistan” parkı bu dostluğun əyani göstəricisidir. Bakı-Daşkənd, Şuşa-Xivə, Lənkəran-Buxara, Füzuli-Gülüstan daxil olmaqla 10-a yaxın şəhərin qardaşlaşması (yaxın vaxtlarda Naxçıvan və Ürgənc də bu sıraya qoşulacaq), birgə media və QHT forumları sosialinteqrasiyanı dərinləşdirir.

Beləliklə, Azərbaycan və Özbəkistan arasında formalaşan bu müttəfiqlik modeli sadəcə iki ölkənin milli maraqlarının təmin olunması çərçivəsini çoxdan aşıb. Bu tərəfdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya kimi iki geostrateji regionun iqtisadi, nəqliyyat və enerji baxımından vahid platformada birləşməsini təmin edir.

Mövcud mənzərə göstərir ki, Bakı və Daşkəndin nümayiş etdirdiyi birgə addımlar Avrasiya məkanında yeni güc balansının - "Türk Oxu"nun yaranmasını şərtləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən bu iki dövlət, ticarət və logistika marşrutlarının təhlükəsizliyini təmin etməklə yanaşı, Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində müstəqil, qüdrətli və söz sahibi olan qlobal güc mərkəzinə çevrilməsində həlledici rol oynayır.

E.Rüstəmli

“AzPolitika.info”