Azərbaycanda yerli idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı müzakirələr son illərdə yenidən aktuallaşıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri institutunun tətbiqi yeni idarəetmə modelinin gələcəkdə ölkənin digər bölgələrində də tətbiq oluna biləcəyi barədə fikirləri gücləndirib. Bu fonda icra hakimiyyətlərinin gələcək taleyi və idarəetmədə mümkün dəyişikliklər ictimai maraq doğurur.

Bəs Azərbaycanda icra hakimiyyətlərinin mərhələli şəkildə ləğv edilərək yeni idarəetmə modelinin tətbiqi mümkündürmü? Yeni idarəetmə modelinə keçid vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə və yerli idarəetmənin səmərəliliyinə necə təsir edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı deyib ki, idarəetmə sistemində müəyyən dəyişikliklərin edilməsi artıq həyatın tələbidir və bu istiqamətdə ictimai sifariş formalaşıb.

Onun sözlərinə görə, bu istiqamətdə müəyyən işlər görülür və işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağın bir hissəsində, Şərqi Zəngəzurda icra hakimiyyətləri ilə yanaşı, xüsusi nümayəndəliklər də fəaliyyət göstərir.

Cənab prezidentin Naxçıvana səfəri bir daha təsdiqlədi ki, bu yeni idarəetmə forması özünü doğruldub. Ona görə də böyük ehtimalla, digər istiqamətlərdə və bölgələrdə də bu modeldən istifadə olunacaq.

Partiya sədri ərazi və inzibati ərazi vahidlərinin dəyişdirilməsi məsələsinin də gündəmdə olduğunu bildirib: “Azərbaycan artıq iqtisadi rayonlara bölünüb və gələcəkdə həmin bölgülərə uyğun yeni inzibati ərazi vahidlərinin yaradılması mümkündür. Quberniya və qəza sisteminin bərpa olunması, yaxud Azərbaycanın qədim tarixinə uyğun adların yenidən qaytarılması yaxşı olardı. Bu, həm insanların tarixi yaddaşına təsir etmək, həm də tariximizə yönəlmiş addımlar atmaq baxımından vacib olardı.

Ölkədə idarəetmə sahəsində müəyyən çətinliklər və problemlər mövcuddur. Vətəndaşların problemlərinin həlli üçün birbaşa ən yüksək dövlət instansiyalarına müraciət etməsi də bunun göstəricilərindən biridir. Belə bir praktika var ki, insanlar öz problemlərinin həlli üçün ən yüksək instansiyalara müraciət edirlər. Çox vaxt birbaşa prezidentə və vitse-prezidentə müraciət olunur. Bu, insanların öz mövqelərini, istək və xahişlərini ən yüksək səviyyədə çatdırmaq istəyindən irəli gələ bilər. Lakin yerli strukturlar düzgün fəaliyyət göstərərsə, əhalinin problemlərinin böyük hissəsini elə yerindəcə həll etmək mümkündür.”

A.Nağının fikrincə, vətəndaşların yuxarı instansiyalara müraciət etməsinin səbəblərindən biri də yerli strukturların fəaliyyətində problemlərin olmasıdır: “Yerli idarəetmə səviyyəsində məsələlərə kifayət qədər diqqət göstərilmir, bəzən biganəlik nümayiş etdirilir. Bu səbəbdən də insanlar problemlərinin həlli üçün yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar. Bu, dövlət-vətəndaş münasibətləri baxımından məsələnin bir tərəfidir. Yerli idarəçilik sahəsində hazırda müxtəlif strukturlar - bələdiyyələr, icra hakimiyyətləri və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan xüsusi nümayəndəliklər fəaliyyət göstərir. Bu strukturlar arasında daha səmərəli idarəetmə modelinin seçilməsi vacibdir”.

Partiya sədri icra hakimiyyətlərinin uzun müddətdir fəaliyyət göstərdiyini xatırladaraq bildirib ki, əvvəlki dövrlərdə mövcud olmuş idarəetmə modelləri də zamanla dəyişdirilib: “Vaxtilə rayon komitələrinin katibləri var idi. Bu da məntiq baxımından artıq özünü doğrultmayan bir struktur idi. İcra nümayəndələrinin də fəaliyyəti, demək olar ki, yox dərəcəsində idi. Sonradan onlar icra hakimiyyəti strukturları ilə əvəz olundu və müəyyən mənada özünü göstərdi. Ən azı, bir sistem formalaşdı. Lakin həyat göstərdi ki, dəyişikliklərə ehtiyac var.

Bəzi rayonlarda icra hakimiyyətləri hazırda yaxşı fəaliyyət göstərir, xalqla birbaşa təmas qurur və vətəndaşların problemlərinin həllinə çalışırlar. Lakin bunu bütün rayon və bölgələrə şamil etmək mümkün deyil. Buna görə də bu istiqamətdə dəyişikliklərə ehtiyac var. Hesab edirəm ki, icra hakimiyyəti strukturlarının təcrübəsi də nəzərə alınmaqla yeni idarəetmə formalarının tətbiq edilməsi daha məqsədəuyğun olar”.

Oğuz Ayvaz

“AzPolitik.info”