Almaniya hüquq-mühafizə orqanları Leypsiq hava limanında Ukraynaya məxsus "An-124" yük təyyarəsinə qarşı planlaşdırılan ehtimal edilən təxribat cəhdi ilə bağlı istintaqı genişləndirib. NDR, WDR televiziya şirkətləri və "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırmasına əsasən, hücumda əvvəlcədən zənn edildiyi kimi bir deyil, bir neçə partlayıcı yüklü dron iştirak edib.
“AzPolitika” xəbər verir ki, avqustun 4-də hava limanı əməkdaşı "An-124" təyyarəsinin yaxınlığında partlayıcı maddə bərkidilmiş ilk dronu aşkar etmişdi. Həmin gün "DHL" şirkətinə məxsus başqa bir yük təyyarəsinin də qalxışdan dərhal sonra havada yad obyektlə toqquşduğu bildirilmişdi.
Avqustun 14-də (hadisədən 10 gün sonra) hava limanından qərbdə yerləşən sahədə ikinci pilotsuz uçuş aparatı tapılıb. Dronun yaxınlığında təxminən 50 qram hexogen (güclü partlayıcı maddə) aşkarlanıb.
Əgər "DHL" təyyarəsinin toqquşduğu obyekt də pilotsuz aparat olubsa, bu, ərazidə ən azı üç dronun fəaliyyət göstərdiyini nümayiş etdirir.
İstintaq zədələrin xarakterinə və pilotların toqquşmadan bir neçə saniyə əvvəl havada kiçik obyekt gördüklərinə əsaslanaraq təyyarənin məhz dronla toqquşduğunu ehtimal edir. Qalıqların tapılmaması isə dronun mühərrikə düşərək kiçik hissələrə parçalanması ilə izah olunur.
Hərbi daşımalar üçün də istifadə olunan Leypsiq hava limanındakı bu insident Almaniyada böyük rezonans doğurub. Almaniya mətbuatı mənbələrə istinadən hərbi təxribat cəhdində Rusiya xüsusi xidmət orqanlarının əli ola biləcəyini yazsa da, daxili işlər naziri Aleksander Dobrindt avqustun 19-da bəyan edib ki, hökumətin əlində hələlik yekun qiymətləndirmə aparmaq üçün kifayət qədər rəsmi sübüt yoxdur.
Rasim
“AzPolitika.info”

Şərhlər