Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı müvəqqəti işlər vəkili Liliana Burdunu nazirliyə çağıraraq, səfirliyin bir əməkdaşının "persona non grata" elan olunması barədə rəsmi nota təqdim edib.

Rusiya XİN-in yaydığı bəyanatda bildirilir ki, bu addım Buxarestin Rusiya diplomatını ölkədən çıxarmaq barədə qərarına verilən adekvat cavabdır. Moskva Rumıniya tərəfinin ilkin qərarını "əsassız və motivasiyasız" adlandırıb.

Xatırladaq ki, cari ilin iyul ayında Rumıniya Rusiya PUA-larının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiya Səfirliyinin əməkdaşını "persona non grata" elan etmişdi. O zaman Rumıniya XİN-ə çağırılan Rusiya səfirinə kəskin etiraz bildirilmiş, NATO və Aİ hava məkanının pozulmasının "qətiyyən qəbuledilməz" olduğu diqqətə çatdırılmışdı. Həmçinin Rumıniya məsləhətləşmələr üçün Rusiyadakı səfirini də geri çağırmışdı.

“AzPolitika.info”