Rusiya ilə Ermənistan arasında dəmir yollarının idarəçiliyi ətrafında növbəti diplomatik gərginlik yaşanır. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Cənubi Qafqaz Dəmir Yolunun güzəştli idarəetmə müqaviləsinin ləğvi və ya geri satılması tələbini təəccüblü və "təəssüf doğuran" adlandırıb.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər veri ki, Lavrov Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində müntəzəm təmasların mövcud olduğunu və Ermənistan tərəfini narahat edən hər bir məsələnin, o cümlədən dəmir yolu idarəçiliyinin müzakirə oluna biləcəyini vurğulayıb.
Ermənistan Dəmir Yolları ("Cənubi Qafqaz Dəmir Yolu" QSC) 2008-ci ildən etibarən "Rusiya Dəmir Yolları" ASC-nin koncessiya (güzəştli) idarəçiliyindədir. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2038-ci ildə başa çatmalıdır.
Son aylarda Baş nazir Nikol Paşinyan dəmir yolu şəbəkəsinin Ermənistanın milli mülkiyyəti olduğunu və ölkəsinin bu infrastrukturdan sərbəst istifadə etmək hüququnun tapdandığını iddia edir. İrəvan rəsmilərinin fikrincə, Rusiya ilə bağlanan bu koncessiya müqaviləsi səbəbindən Ermənistan regional dəmir yolu şəbəkələrinə qoşulmaq və Şərq-Qərb yükdaşımalarında tranzit ölkəyə çevrilmək imkanlarını itirir. Paşinyan buna əsas səbəb kimi Qərb ölkələrinin Rusiya şirkətləri ilə əməkdaşlıq etmək istəməməsini göstərir.
Rusiya tərəfi isə İrəvanın bu tələblərinə sərt reaksiya verib. Moskva bəyan edib ki, əgər Ermənistan koncessiya müqaviləsini birtərəfli qaydada ləğv etmək və ya dəmir yolunu geri almaq istəyirsə, Rusiya şirkətinin 2008-ci ildən bəri infrastruktura yatırdığı bütün investisiyaları tam şəkildə kompensasiya etməlidir.
Ekspertlər bildirirlər ki, Ermənistanın bu milyardlıq təzminatı ödmək üçün maliyyə resursları yoxdur və İrəvanın bu addımı iki ölkə arasındakı iqtisadi-siyasi çatları daha da dərinləşdirir.
Rasim
“AzPolitika.info”

Şərhlər