Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin axtarışları davam edir.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkə hesabında bildirib.
"240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir", nazir qeyd edib.
Onun sözlərinə görə, Sahil Mühafizə Komandanlığı tərəfindən bölgədə 5 üzən vasitə və 2 helikopter ilə axtarış-xilasetmə işləri həyata keçirilir.
***
Şimali Kipr sahillərində yan tərəfə yatan, daha sonra tərsinə çevrilən gəmi artıq tam batıb.
Bu barədə Şimali Kipr Türk Cümheriyyətinin nəqliyyat naziri Erhan Arıklı məlumat verib.
Nazir deyib ki, xilas edilən 237 nəfərdən 161-i xəstəxanaya yerləşdirilib, 76 sərnişin ailələri ilə görüşüb.
Erhan Arıklı qeyd edib ki, gəminin batma səbəbi “qara qutu” tapıldıqdan sonra öyrəniləcək.
***
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işləri davam edir.
Girnə Bələdiyyə sədri Murat Şenkul 160 nəfərin xilas edildiyini, hazırda onların limana gətirildiyini bildirib.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı isə artıq 100 nəfərin sahilə çıxarıldığını açıqlayıb. (apa)
***
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.
Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.
Xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.
Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.


Şərhlər