Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Müasir dövrdə dünyanın hər yerində ümumbəşəri dəyərlərin və əsl humanizmin nə qədər həyati əhəmiyyət kəsb etdiyi hər kəs tərəfindən açıq şəkildə hiss olunur, çünki qlobal miqyasda yaşanan gərginliklər və böhranlar fonunda dövlətlərin idarə olunmasında dərin siyasi qətiyyətə və tərəddüdsiz mənəvi iradəyə ehtiyac duyulur. Məhz bu mürəkkəb tarixi reallıq fonunda dərindən dərk olunur ki, həqiqi liderlik güc nümayiş etdirməklə yanaşı, həm də ən sərt siyasi sınaqlar qarşısında belə humanizm prinsiplərinə sadiq qalmaq bacarığıdır.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi əsərlərində mərhəmətin və ədalətin hökmdar üçün ən uca fəzilət olduğunu vurğulayaraq gösterirdi ki, güc yalnız xeyirxahlıq və insanpərvərliklə birləşdikdə əbədi dəyər qazanır. Eyni zamanda, dahi Nəsirəddin Tusinin "Əxlaqi-Nasir"ində qeyd olunduğu kimi, ədalət və mərhəmət dövlət idarəçiliyinin və kamil insan olmağın təməl sütunudur. Məhz bu dahi şərq fəlsəfəsinin və klassik irsin əsas ideyası əsrlər boyu xalqımızın mənəvi kodunda yaşayaraq dövlətçilik ənənələrimizin təməlini təşkil etmişdir.
Lakin çox təəssüf ki, tarixin həssas məqamlarında və ya ictimai sınaq dövrlərində bu uca dəyərlərə arxa çevirən, daxildən qeyri-vətənpərvərlik nümayiş etdirərək öz millətinin əleyhinə işləyən xain meyillər də hər zaman mövcud olmuşdur. Azərbaycanın dövlətçilik tarixində də bu ali keyfiyyətlərin və eyni zamanda daxili satqınlığın yaratdığı acı reallıqların hər zaman dərindən dərk edildiyini görmək mümkündür və məhz bu ümumbəşəri həqiqətlərin işığında Ulu Öndər Heydər Əliyevin illər öncə mətbuat nümayəndəsinin sualına cavab olaraq səsləndirdiyi tarixi mülahizələrə nəzər salmaq kifayətdir ki, dövlət maraqları ilə humanizmin necə uzlaşdığını və qeyri-vətənpərvərliyin bəlamızı necə gözdən qaçırmadığını tam şəkildə anlayaq.

Mətbuat nümayəndəsinin səsləndirdiyi sual və Ulu Öndərin tarixi cavabı:
– Cənab Prezident, Siz burada olmadığınız müddətdə çeçen mücahidlərinin Azərbaycanda müalicə edilməsi ilə bağlı məlumatlar yayılmışdı. Bu məlumatların Rusiyanın ORT televiziya kanalının Azərbaycandakı müxbiri tərəfindən yayıldığı bildirilirdi. Bununla bağlı açıqlama verə bilərsinizmi?
Heydər ƏLİYEV: – Nə deyim? Azərbaycanda olan müxbir, azərbaycanlı jurnalist bəzən olmayan şeyi də yazır. Mən də bunu oxumuşam. Hansısa müxbir gedib deyir ki: “Ora müraciət etdim, dedilər yoxdur. Bura müraciət etdim, dedilər yoxdur. Amma, nə bilim, 5 nömrəli xəstəxanaya getdim, yaxud başqa bir xəstəxanaya getdim və orada gördüm ki, bunlar var”.
Bilirsiniz, necə deyərlər, mən bunu etiraf etmişəm. Hətta Moskvada Rusiya prezidentinin səlahiyyətlərini həyata keçirən Vladimir Putinə də demişəm ki, bizdə yaralı çeçenlər var.
Yaralı insanı qəbul etməmək antihumanist yanaşmadır. Ancaq biz onları kütləvi şəkildə qəbul etmirik. Birinin burada qohumu var, birinin dostu var. Müxtəlif vasitələrlə gəlirlər və sərhəddə yoxlanılırlar.
Əgər həmin şəxs doğrudan da yaralıdırsa, xüsusilə ağır yaralıdırsa, onu qəbul etməmək insanlıq prinsiplərinə zidd olardı. Buna görə də biz belə insanları qəbul etmişik. Mən bunu gizlətmirəm. Bunu etiraf etmişəm və hətta öz təşəbbüsümlə demişəm.
Amma indi bir azərbaycanlı jurnalistin gedib haradasa nəyisə qurdalayıb tapması, sonra da bunu Moskvanın hansısa qəzetində və ya başqa bir yerdə yazması...
İndi baxın, bizim millətimizin içərisində, təəssüf ki, nə qədər qeyri-vətənpərvər adamlar var. Bu da bizim bəlamızdır.
Ümummilli lider Heydər Əliyevin bu məsələ ilə bağlı başqa bir çıxışında səsləndirdiyi fikirlər də onun dövlətçilik fəlsəfəsində humanizmin dəyişməz təməl olduğunu bir daha təsdiqləyir. Dahi Lider qeyd edirdi: "Humanizm hər bir insanın, xüsusilə də dövlət xadiminin əsas keyfiyyəti olmalıdır. Biz hər zaman ədalətə, insanpərvərliyə sadiq qalmalıyıq, çünki xalqın etimadını qazanmağın yeganə yolu xalqa mərhəmətlə, ədalətlə yanaşmaqdır".
Ulu Öndərin təməlini qoyduğu bu müdrik siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən həm böyük qətiyyətlə, həm də dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir, çünki hər iki liderin fəaliyyətində milli maraqların qorunması ilə ali humanizm daim paralel şəkildə irəliləmişdir.
Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi: "Bizim siyasətimiz hər zaman ədalətə, beynəlxalq hüquqa və humanizm prinsiplərinə əsaslanır. Azərbaycan güclü dövlətdir və gücümüz həm də bizim humanistliyimizdə, mərhəmətimizdə və xalqımızın ali mənəvi dəyərlərindədir".
Məhz bu siyasi varisliyin məntiqi davamı olaraq dövlət başçısı həm müharibə dövründə, həm də postmüharibə mərhələsində beynəlxalq humanitar hüquq normalarına və milli adət-ənənələrə sadiqliyini nümayiş etdirmişdir. Mediada və rəsmi mənbələrdə geniş işıqlandırılan həmin konkret humanist addımlardan biri Azərbaycan hərbçilərinin döyüş əməliyyatları zamanı yaralanmış erməni əsgərlərinə göstərdiyi ilkin tibbi yardım, onların həyatının xilas edilməsi və heç bir ayrı-seçkiliyə yol verilmədən beynəlxalq təşkilatların vasitəsilə qarşı tərəfə təhvil verilməsidir ki, bu da dövlətin ədalətli mövqeyini bütün dünyaya nümayiş etdirir.
Həmçinin müharibədən sonrakı mərhələdə Azərbaycan tərəfinin humanizm prinsiplərini rəhbər tutaraq saxlanılan şəxsləri qarşı tərəfə qaytarması, eləcə də minlərlə məhbusu əhatə edən genişmiqyaslı əfv sərəncamları Prezident İlham Əliyevin siyasətində insan amilinin hər zaman uca tutulduğunu əyani şəkildə təsdiqləyir.
Gəlin bu uca və müqəddəs tarixi irsdən ilham alaraq hər birimiz öz şəxsi mövqeyimizdə humanizmə, milli birliyə və dövlətçiliyə sadiq qalaq, çünki xalqın gücü məhz onun mənəvi saflığında və hər bir vətəndaşın daşıdığı uca vətənpərvərlik duyğusundadır.
"AzPolitika.info"

Şərhlər