Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün ona nüvə zərbəsi endirməlidir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı və Kremlə yaxın “Rodina” partiyasının lideri Aleksey Juravlyov son videomüraciətində deyib.
"Elə vurmaq lazımdır ki, düşmən kapitulyasiya etməyə məcbur olduğunu başa düşsün”, - şovinist və imperiyaçı bəyanatları ilə tanınan Juravlyov deyib.
"Diskussiyalar gedir: taktiki nüvə silahlarından istifadə edə bilərikmi, bilmərikmi? Belə bir diskussiya ümumiyyətlə, olmalı deyil. Lazım gəldikdə biz ondan istifadə etməyə borcluyuq... Vurmaq lazım olacaq, vuaracağıq!”, - deyə o, bildirib.
Göründüyü kimi, cəbhədə dalana dirəndikcə və qarşıya qoyulan məqsədlərə hərbi yolla çatmağın mümkünsüz olduğunu anladıqca, Kremlin sifarişi ilə danışan Juravlyov kimilər yenə nüvə təhdidlərinə keçib.
“Bloomberg”-in Kremlə yaxın mənbələri daha əvvəl bildiriblər ki, Vladimir Putin Ukraynada eskalasiya hazırlayır və son çarə olaraq taktiki nüvə silahlarına əl ata bilər.
“Bloomberg” qeyd edib ki, hazırda Putinin nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir vacib əlamət yoxdur. Rusiyanın tərəfdaşları, o cümlədən Çin, Kremli buna qarşı sərt şəkildə xəbərdar edərək belə bir addıma qəti olaraq qarşı çıxırlar.
ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası da Putini nüvə zərbəsinin nəticələri barədə xəbərdar etmiş və buna cavabın ABŞ Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirməsi olacağını bildirmişdi.
“AzPolitika.info”

Şərhlər