Rusiya Federasiyasının Belqorod şəhəri güclü raket atəşinə tutulub. Hücum nəticəsində şəhərin kritik infrastrukturu, o cümlədən İstilik Elektrik Stansiyası (TЭS) və məşhur "Ozon" marketpleysinin anbarı ciddi zərər görüb.

Yerli Telegram kanallarının və mənbələrin məlumatına görə, avqustun 30-u günortadan sonra şəhərə bir neçə istiqamətdən raket zərbələri endirilib. Hücum nəticəsində Belqorod TЭS, elektrik yarımstansiyaları və "Ozon" anbarının yerləşdiyi "Estate Logistic" terminalı hədəf alınıb. Həm stansiyada, həm də anbarda güclü yanğınlar baş verib.

Belqorod vilayətinin səlahiyyətlərini icra edən Aleksandr Şuvaev hücum nəticəsində ölənlərin və xeyli sayda yaralananların olduğunu təsdiqləyib. İlkin məlumatlara görə, azı 12 nəfər xəsarət alıb, onların arasında azyaşlılar da var. Şəhərin müxtəlif nöqtələrində yanğınların söndürülməsi istiqamətində təcili tədbirlər görülür.

Raket zərbələri həmçinin Belqorod teleqülləsinə də ziyan vurub. Nəticədə şəhər sakinlərinin bir hissəsində rəqəmsal televiziya yayımı kəsilib. Eyni zamanda, hava hücumundan müdafiə (HQM) qüvvələrinin şəhər üzərində pilotsuz uçuş aparatlarını (PUA) vurduğu bildirilir. Digər bir PUA isə vilayət sosial müdafiə idarəsinin binasına çırpılaraq zədələyib.

"Ozon" şirkətindən bildirilib ki, hücum zamanı logistika mərkəzi və hab hədəfə tuş gəlib. İşçilər dərhal təxliyə edilib, xəsarət alanlar var. Şirkət logistik zəncirlər yenidən qurulana qədər Belqorod və ətraf əyalətdə sifarişlərin qəbulu və çatdırılmasını müvəqqəti dayandırdığını açıqlayıb.

Rasim

"AzPolitika.info"