Avqustun 30-da Türkiyə sahillərində, İstanbul yaxınlığında Rusiyaya məxsus yük gəmisi saya oturub. Türkiyə mətbuatının verdiyi məlumata görə, "Omsk-107" adlı gəmi bundan əvvəl Rusiyanın Novorossiysk limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Hücumdan dərhal sonra heyət üzvləri gəmini xilasetmə qayıqları ilə tərk ediblər. İdarəsiz və zədələnmiş yük gəmisi uzun müddət Qara dənizdə axınla hərəkət etdikdən sonra dalğalar tərəfindən Türkiyə sahillərinə çıxarılıb. Sahildə istirahət edənlər gəmini fərq edərək xilasetmə xidmətlərinə xəbər veriblər. Əraziyə cəlb olunan Sahil Mühafizə dəstələri gəminin ətrafını mühafizəyə götürüb və faktla bağlı araşdırmaya başlanılıb.

Taqanroq limanına təhkim olunmuş 108 metrlik "Omsk-107" gəmisi son dövrlərdə Rusiyanın cənub limanları ilə Türkiyə arasında yükdaşımalar həyata keçirirdi. Hücumun dəqiq tarixi açıqlanmasa da, "Haberler" nəşrinin dərc etdiyi fotolardan gəminin ciddi zərər gördüyü, kapitan körpüsünün və sükan evinin yanaraq yararsız hala düşdüyü görünür.

Son zamanlar Ukrayna PUA-larının Rusiyanın Qara dəniz sahilindəki hərbi və mülki infrastrukturuna hücumları intensivləşib. Xüsusilə Novorossiysk limanında həm hərbi gəmilər, həm də mülki yük gəmiləri tez-tez hədəfə alınır.

Yaranmış hərbi risklər səbəbindən avqustun əvvəlindən dəniz daşıyıcıları Novorossiysk marşrutu üzrə əlavə sığorta haqları tətbiq etməyə başlayıblar. Avqustun 27-də isə dünyanın ən böyük konteyner daşıyıcısı olan "Mediterranean Shipping Company" (MSC) gəmilərdən birinə edilən PUA hücumundan sonra Novorossiysk limanı ilə əməliyyatları dayandırdığını bəyan edib.

Rasim

“AzPolitika.info”