Rusiya Maliyyə naziri Anatoli Siluanovun dünən ABŞ-nin Aşvill şəhərində keçirilən G20 Maliyyə Nazirlərinin Görüşündə peyda olması Avropa ölkələri nümayəndələrini ciddi narahat edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda qeyd edir ki, Siluanovun bu görüşdə iştirakı hazırda müharibə səbəbindən Rusiyaya qarşı sanksiyaları gücləndirmək üzərində işləyən Avropa ölkələri arasında çaşqınlığa səbəb olub.

Bundan öncə jurnalistlərin Rusiyanın görüş proqramına daxil edilməsi ilə bağlı suallarını cavablandıran Donald Tramp qərarı müdafiə edib. O, jurnalistlərə deyib: "Biz hamı ilə yola getməyi sevirik. Uğur qazanmağımın səbəblərindən biri hamı ilə yola getməyimdir".

Buna baxmayaraq, Almaniyanın maliyyə naziri və vitse-kansler Lars Klinqbeyl, xüsusən də Siluanovun belə bir tədbirdə iştirakını "narahatedici əlamət" adlandırıb. Digər Avropa ölkələrindən olan həmkarları ilə söhbətində o, Siluanovun da qatılacağı təqdirdə görüş iştirakçılarının ənənəvi qrup şəklini boykot edəcəyini bildirib.

Klinqbeylin sözlərinə görə, digər Avropa ölkələrindən olan nümayəndələr də onun mövqeyini dəstəkləyiblər və nəticədə şəkil Rusiya naziri olmadan çəkilib. Klinqbeyl həmçinin jurnalistlərə bildirib ki, tədbir iştirakçılarının ümumi səhər görüşündə Siluanova Ukraynada müharibəyə son qoyulmasının vacibliyini bildirib və Berlinin Kiyevə dəstəyinin davam edəcəyini bir daha təsdiqləyib.

Rusiya Maliyyə Nazirliyinin mətbuata açıqlamasında Siluanov və ABŞ-li həmkarı Skott Bessentin görüşdükləri təsdiq edilib: "Müzakirə Rusiya-Amerika əməkdaşlığına və G20 çərçivəsində əməkdaşlığa yönəldi".

Lakin Qərb mediası Bessentlə Siluanovun görüşünün gərgin keçdiyini yazır. Amerika televiziya kanalı CNBC öz veb saytında ABŞ Maliyyə Nazirliyinə istinadla Bessentin Siluanovla ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün "sülh planı”nı müzakirə etdiyini bildirib.


“Politico”-ya verilən məlumata görə, Bessent görüşdə Siluanova Vaşinqtonun qəti mövqeyini çatdırıb. Nazir rusiyalı həmkarına deyib ki, ABŞ Ukraynadakı müharibə bitənə qədər Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Mənbə nəşrə bildirib ki, Siluanov amerikalı həmkarı ilə "birgə fəaliyyət üçün maraq dairələrini müzakirə etməyə çalışanda", Bessent qəfildən onun sözünü kəsib və müharibə bitənə qədər heç bir birgə fəaliyyətin mümkün olmadığını bildirib.

ABŞ Maliyyə Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Erin Braun isə “Politico”-ya verdiyi açıqlamada nazirlərin görüşünün "məhsuldar" olduğunu bildirib. O deyib ki, Bessent Siluanova Ukraynadakı müharibənin bitməli olduğunu və ABŞ hakimiyyətinin sülhlə bitən nəticə istədiyini çatdırıb. Braun bildirib ki, Rusiyanın görüşə daxil edilməsi Ağ Evin qərarı olub. O, "Biz Ağ Evin protokoluna əməl edirik" deyib.

C.Məmmədli

“AzPolitika.info”