“Rusiya Ordusunun son günlər "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna ərazilərinə həyata keçirdiyi kütləvi hücumlar Rusiyada yaxınlaşan seçkilərlə birbaşa bağlıdır”.
“AzPolitika” xəbər verir ki, bu fikri Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov bildirib.
Ukraynalı rəsminin sözlərinə görə, Kremlin cəbhə xəttində uğur qazana bilməməsi bu addımları şərtləndirir: "Rusiyada seçkilər yaxınlaşır. Onlar öz seçicilərinə hansısa təsirli “qələbə görüntüsü” təqdim etməlidirlər. Çünki döyüş meydanında heç bir qələbə hiss olunmur. Bunu təkcə onlar yox, bütün dünya görür. Bu səbəbdən də terrora əl atırlar – onlar başqa cür hərəkət etməyi bacarmırlar".
Budanov Rusiyanın bu intensivlikdə zərbələri nə qədər davam etdirə biləcəyi ilə bağlı suala cavabında təhlükənin bir müddət də davam edəcəyini vurğulayıb: "Mənim anladığıma görə, bu hücumlar ən azı seçkilərə qədər davam edəcək".
Qeyd edək ki, Rusiyada Dövlət Dumasının seçkilərinin sentyabrın 18-dən 20-dək keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, son günlər Rusiya Silahlı Qüvvələri reaktiv "Şahed" dronlarından istifadə etməklə Kiyevə intensiv zərbələr endirir.
Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnatın verdiyi məlumata görə, düşmən təkcə son 4 gün ərzində Ukrayna paytaxtına 800-ə yaxın PUA buraxıb. İqnat bildirib ki, bu taktikanın əsas məqsədi paytaxt sakinlərinə psixoloji təzyiq göstərməklə yanaşı, mühüm logistika və ticarət mərkəzlərini sıradan çıxarmaqdır.
Müdafiə müəssisəsinin inkişafı üzrə direktoru, ehtiyatda olan Hərbi Hava Qüvvələri zabiti Anatoli Xrapçinski isə Rusiyanın bu taktikasının əvvəlcədən gözlənildiyini, lakin Ukraynanın buna tam hazır olmadığını qeyd edib. Ekspertin fikrincə, Kiyev sentyabrın sonunadək düşmənin bu addımlarına qarşı effektiv effekti olan həll yolu tapmalıdır.
Rasim
"AzPolitika.info"

Şərhlər