Estoniyanın hava məkanına gecə saatlarında pilotsuz uçuş aparatlarının daxil olması NATO-nu hərəkətə keçirib. 

Estoniya Müdafiə Qüvvələri ölkədə NATO-nun hava patrulu missiyası çərçivəsində xidmət aparan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının hava məkanı pozuntusuna qarşı havaya qalxdığını açıqlayıb.

Hadisə sentyabrın 1-də gecə saatlarında baş verib.

Estoniya Müdafiə Qüvvələrinin Strateji Kommunikasiyalar Departamentinin rəhbəri, polkovnik Uku Arold bildirib ki, Estoniyanın şərq sərhədi və Latviyanın şərq sərhədi boyunca hərəkət edən pilotsuz uçuş aparatları Estoniyanın hava məkanına daxil olub.

Bundan sonra NATO-nun Baltikyanı hava patrulu missiyası çərçivəsində Estoniyanın Ämari aviabazasında yerləşdirilən türk F-16-ları havaya qaldırılıb.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri avqust ayından etibarən NATO-nun Baltikyanı hava patrulu missiyasında iştirak edir. Ämari aviabazasında Türkiyənin 181-ci Jet Eskadrilyasının (“Pars”) 5 F-16 qırıcısı və 76 hərbçisi xidmət aparır. Türk pilotları hava məkanının pozulması və naməlum hava vasitələrinin aşkarlanması zamanı operativ müdaxilə etmək üçün sutka boyu hazır vəziyyətdə saxlanılır.

Bu dəfə də Estoniya hava məkanına daxil olan PUA-larla bağlı xəbərdarlıqdan sonra türk qırıcıları havaya qalxıb.

Eyni saatlarda Rusiyanın Estoniya ilə sərhəddə yerləşən Leninqrad vilayətində də pilotsuz uçuş aparatlarının aktivliyi qeydə alınıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgə üzərində 38 PUA-nın məhv edildiyini açıqlayıb. Ust-Luqa limanında da zərərin qeydə alındığı bildirilib.

"AzPolitika.info"