“Shazeli Group” və “Zirinc Group” MMC-yə məxsus obyektlər barədə məhkəmə qərarı çıxarılıb.
“AzPolitika"nın "Qaynarinfo"-yas istinadən verdiyi məlumata görə, sözügedən şirkətlərin rəhbəri Rafiq Mirzəbala oğlu Mirzəyevin Azərbaycandakı banklardan birinə milyonlarla manat kredit borcu yaranıb.
Kredit öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən bank tərəfindən Rafiq Mirzəyevin rəhbəri olduğu şirkətlərə qarşı məhkəməyə müraciət edilib.
Məhkəmə materiallarından məlum olub ki, 2021–2031-ci illər üçün 10 illik müddətə şirkətlərlə bank arasında 60 milyon manat məbləğində ipoteka kredit limiti müqaviləsi bağlanıb. 2024-cü ilədək illik faiz dərəcəsi 13 faiz, illik cərimə faizi 9 faiz, kreditin müddəti bitdikdən sonra isə illik cərimə faizi 22 faiz müəyyən edilib. Otel alışı və digər mağazaların tikinti xərclərinin maliyyələşdirilməsi məqsədilə 2 milyon 700 min manat məbləğində tranşlarla kredit verilib.
Bundan başqa, bank tərəfindən 2024-cü ilədək illik faiz dərəcəsi 12 faiz, illik cərimə faizi 9 faiz, kreditin müddəti bitdikdən sonra isə illik cərimə faizi 21 faiz olmaqla 200 min manat məbləğində kredit verilib.
Sözügedən kreditlər üzrə “Shazeli Group” və “Zirinc Group” MMC ilə bank arasında borc mübahisəsi yaranıb.
Məhkəmənin qərarı ilə “Shazeli Group” və “Zirinc Group” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsi, 16 ünvanında yerləşən üç qeyri-yaşayış sahəsinin açıq hərracda satılması qərara alınıb.
Belə ki, ümumi sahəsi 48,9 kvadratmetr olan qeyri-yaşayış sahəsinin, 33 kvadratmetr olan qeyri-yaşayış sahəsinin və 29,5 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ümumilikdə ilkin satış qiyməti 857 900 manat müəyyən edilib. Satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qərara alınıb.
Bununla yanaşı, digər kreditlər üzrə 197 538 manat 12 qəpik, 430 533 manat, 627 manat 92 qəpik və 918 manat 79 qəpik məbləğində kredit borcunun şirkətlərdən müştərək qaydada tutularaq banka ödənilməsi barədə də qərar verilib.
Qeyd edək ki, nizamnamə kapitalı 732 200 manat olan “Zirinc Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 129 530,49 manat vergi borcu yaranıb.
Nizamnamə kapitalı 8 000 manat olan “Shazeli Group” MMC-nin isə sözügedən quruma 49 893,37 manat vergi borcu olduğu bildirilir.
Xatırladaq ki, "Şazeli Baku" restoranlar şəbəkəsi "Shazeli Group" MMC-yə məxsusdur. Həmçinin "Pakdad" restoranı da bu MMC-nin tərkibindədir.

Şərhlər