Ukrayna Nazirlər Kabineti dövlət büdcəsinə qənaət edilməsi ilə bağlı sərt rejim tətbiq etməyə başlayıb. Hökumət müdafiə sahəsinə aid olmayan xərcləri ixtisar edərək 70 milyard qrivna (təxminən 1.7 milyard dollar) vəsaitə qənaət etməyi və bu məbləği tam həcmdə Müdafiə Qüvvələrinin təminatına yönəltməyi planlaşdırır.

Bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Ali Radada çıxışı zamanı bəyan edib.

"Hökumət müdafiə ehtiyacları üçün nəzərdə tutulmayan büdcə vəsaitlərinə sərt qənaət rejimi tətbiq edir. Aparılan təhlillər nəticəsində artıq 70 milyardlıq qənaət resursu tapmışıq və bu vəsait bütünlüklə müdafiə sektoruna yönəldiləcək", – deyə Baş nazir bildirib.

Koretski eyni zamanda vurğulayıb ki, ixtisarlara baxmayaraq, dövlətin bütün sosial öhdəlikləri, o cümlədən pensiya və əməkhaqlarının ödənilməsi heç bir problem olmadan həyata keçiriləcək.

Hökmət rəhbəri xalq deputatlarını 2027-ci ilin dövlət büdcəsinin hazırlanması prosesində fəal iştirak etməyə və hər bir büdcə qrivnasına maksimum qənaət edilməsi prinsipindən çıxış etməyə çağırıb.

Mütəxəssislər qeyd edirlər ki, rəsmi Kiyevin bu addımı Qərb tərəfdaşlarından maliyyə dəstəyinin gecikməsi fonunda yaranan ciddi defisitlə bağlıdır. Avqust ayında Ukrayna Prezidenti Volodimir Zelenski Skandinaviya və Baltikyanı ölkələrin rəhbərlərinə müraciət edərək, ölkədə yarandığını və təcili maliyyələşməyə ehtiyac olduğunu bildirmişdi. "Politico" nəşrinin məlumatına görə, Qərb tərəfdaşlarının maliyyə dəstəyini ləngitməsi səbəbindən Ukrayna müdafiə xərclərində 23 milyard avroluq kəsirlə üz-üzə qalıb.

Vergi daxilolmalarını artırmaq cəhdləri də hələ ki tam nəticə vermir. Ali Rada xaricdən gələn 150 avroyadək bağlamalara tətbiq edilən vergi güzəştinin ləğv olunmasını dəstəkləməyib. Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə il ərzində əlavə 10 milyard qrivna qazandıra bilərdi.

"AzPolitika.info"