“Qırğızıstanın paytaxtında təşkil olunan Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiya məkanında yeni geoiqtisadi və geosiyasi reallıqların formalaşdığı müstəsna platformadır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “AzPolitika"ya şərhində bildirib.
O, qurumun 25 illiyinə təsadüf edən və bütün təsisçi üzvlərin, yeni qoşulan dövlətlərin, həmçinin dialoq tərəfdaşlarının təmsil olunduğu bu zirvə görüşünün regional təhlükəsizlik, dayanıqlı inkişaf və iqtisadi tərəfdaşlıq baxımından strateji qərarlarla yadda qaldığını vurğulayıb.
Deputat qeyd edib ki, tədbirdə dialoq tərəfdaşı qismində iştirak edən Azərbaycan ölkənin qlobal miqyasda nəqliyyat, logistika, rəqəmsal bağlantı və enerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirmək üçün mühüm mesajlar ünvanlayıb.
O, Prezident İlham Əliyevin sammitdəki proqram xarakterli çıxışının ölkəmizin qlobal nəqliyyat və enerji arxitekturasındakı həlledici rolunu bir daha ön plana çəkdiyini bildirib. Sadiq Qurbanov dövlət başçısının “Ölkəmiz şərq-qərb və şimal-cənub istiqamətlərində etibarlı körpü rolunu oynayır və regional tərəfdaşlıq əlaqələrinin dərinləşməsində həlledici təşəbbüslərlə çıxış edir” fikirlərinə istinad edərək, bu yanaşmanın Azərbaycanın yalnız regional çərçivə ilə məhdudlaşmadığını, həm də qlobal miqyasda strateji qərarların qəbul edildiyi mərkəzlərdən birinə çevrildiyini əyani şəkildə təsdiqlədiyini vurğulayıb.
Məqalədə sammit çərçivəsində aparılan ikitərəfli görüşlərin danışıqların mahiyyəti və gələcək əməkdaşlıq perspektivləri baxımından müstəsna əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif ölkələrin liderləri ilə intensiv müzakirələr aparmış, o cümlədən İran İslam Respublikasının Prezidenti ilə baş tutan görüş zamanı ikitərəfli münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişaf etdirilməsi diqqət mərkəzində olub. Liderlər arasındakı səmimi və dostyana ab-havada keçən söhbətin iki ölkə arasında tarixi bağların dərinliyini, həmçinin gələcək birgə layihələrin həyata keçirilməsi üçün mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadı və siyasi iradəni nümayiş etdirdiyi qeyd edilib.
Sadiq Qurbanov tədbirin iqtisadi gündəliyində duran əsas məsələlərdən biri olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin gedişatının Orta Dəhlizin investisiya cazibədarlığını kökündən artırdığını bildirib. O, ümumi dəyəri 4 milyard dollardan çox olan bu strateji xəttin Çindən Avropaya yük daşımalarını təxminən 900 kilometr qısaltdığını, daşıma müddətində isə 7-8 gün ərzində birbaşa vaxt qənaəti əldə etməyə şərait yaratdığını vurğulayıb. Komitə sədri bu marşrutun Azərbaycanın fəal iştirakçısı olduğu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna birbaşa inteqrasiya olunduğunu və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə rəsmi Bakının maraqlarının tam uzlaşdığını qeyd edib.
S.Qurbanov şərhində Zəngəzur dəhlizinin qlobal logistika mənzərəsindəki roluna xüsusi yer ayrılıb. Millət vəkili dövlət başçısının dəhlizin açılmasının yalnız milli maraqlara deyil, həm də bütün Avrasiya qitəsinin nəqliyyat xəritəsinə mühüm töhfə verəcəyi ilə bağlı fikirlərini önə çəkərək bildirib: “Zəngəzur dəhlizinin reallaşdırılması Avrasiya məkanında nəqliyyat əlaqələrini tamamilə yeni səviyyəyə qaldıracaq və qitələrarası yükdaşımaların həcmini dəfələrlə artıracaqdır.” O, bu layihənin Orta Dəhlizin tərkib hissəsi olaraq Türk dünyasını birləşdirdiyini, Avropa ilə Asiya arasında ən qısa, səmərəli və təhlükəsiz quru yolu təmin etdiyini vurğulayıb.
Sonda millət vəkili sammitdə müzakirə olunan rəqəmsal bağlantılar və yaşıl enerji proqramlarının Azərbaycanın uzunmüddətli strateji hədəfləri ilə tam üst-üstə düşdüyünü qeyd edib. Prezident İlham Əliyevin ölkəmizin bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verdiyini və Xəzər dənizinin yaşıl enerji potensialının Avropaya və digər bazarlara nəqli istiqamətində mühüm addımlar atdığını bildirdiyini xatırladıb. Sadiq Qurbanov Bişkek sammiti fonunda irəli sürülən təşəbbüslərin Azərbaycanın Böyük Avrasiya coğrafiyasının əsas tranzit logistika və enerji mərkəzlərindən birinə çevrildiyini qəti şəkildə təsdiqlədiyini vurğulayıb.
Rasim
"AzPolitika.info

Şərhlər