İran ordusu ABŞ-nin ölkənin cənub bölgələrinə həyata keçirdiyi hücumlara cavab olaraq Bəhreyndəki ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı açıqlamada hücumların “İldırım” əməliyyatının 29-cu mərhələsi çərçivəsində həyata keçirildiyi bildirilib.
Belə ki, Bəhreyndə yerləşən Şeyx İsa hava bazasındakı ABŞ qüvvələrinə məxsus radar qurğuları və hərbi mərkəzlər kamikaze dronlarla hədəfə alınıb.
Bəyanatda bazanın Fars körfəzi bölgəsində ABŞ-nin ən mühüm və həssas hərbi obyektlərindən biri olduğu qeyd edilib. Bazada helikopter və PUA-ların saxlanılması və təmiri üçün bölmələrin, eləcə də kəşfiyyat təyyarələrinin yerləşdiyi bildirilib.
İran Bəhreynlə yanaşı, ABŞ-nin Küveyt, İordaniya və İraqdakı hərbi bazalarına da zərbələr endirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, bu addım ABŞ-nin Sirik şəhərində toy mərasiminin keçirildiyi ərazini bombalamasına cavab olaraq atılıb: “Bu gün SEPAH-ın quru qoşunları İordaniya, Ərbil (İraqda) və Bəhreyndəki ABŞ bazaları ilə yanaşı, Əli əs-Salim bazasındakı (Küveytdə - red.) ABŞ komandanının qərargahına və yerləşdiyi əraziyə raket və dronlarla hücum həyata keçiriblər”.

Şərhlər